Kamran Həsənli, utanmasan oynamağa nə var ki...

GÜNDƏM 18 dekabr 2023, 11:14
Ataların gözəl bir misalı var: Utanmasan oynamağa nə var ki...

Kamran Həsənlinin məşhur oynamağı da elə utanmamağından irəli gəlirdi. Utanmadığı üçün oynayan, daha doğrusu, efirdə hər hoqqadan çıxan Kamran Həsənli bu gün efirləri tənqid edir, “telekanalları format etmək lazımdır” deyib hələ bir tövsiyə də verir. Səbəbi nə imiş? Efirlərdə bayağı verilişlər gedir. Kamran Həsənli deyir bunu. Doğrudan da, utanmasan oynamağa nə var ki. 

Azərbaycan efirinə bayağı, əttökən verilişləri gətirənlərdən biri, bəlkə də birincilərindən olan Kamran Həsənli olub. Təkcə məlum rəqsi nə efir mədəniyyətinə, nə də efir səviyyəsinə uyğun gəlmirdi, amma kimsə Kamran Həsənliyə yarızarafat, yarıciddi demişdi ki, “əla oynayırsan, davam elə”, o da buna necə inanıbmış ki, efir boyu rəqs edirdi. Elə bilirdi ki, tamaşaçı bunun oynamağını bəyənir, halbuki, əksəriyyət onunla məzələnirdi. Hətta biri efirə zəng edib Kamran Həsənlini lağa da qoymuşdu.

Olmuş hadisədir. Kamran Həsənlinin canlı efirinə zəng gəlir, tamaşaçı deyir ki, “Kamran müəllim, sizin məşhur rəqsinizi sevirik, xahiş edirəm biri üçün oynayın. Kamran da sevincək başlayır oynamağa. Rəqsi bitirəndən sonra tamaşaçıdan özünü təqdim etməsini istəyir. Zəng edən tamaşaçı da cavabı verir ki, “Mənəm də Şəkidən it oynadan”.

İndi sual yaranır, Kamran Həsənli o Şəkidən zəng edən tamaşaçı da, bütün tamaşaçılar da, elə hamımız bilirik ki, sən kim olmusan. İndi hansı efir səviyyəsindən danışırsan axı.

Məgər, sən Azərbaycan efirinin gəlmiş-keçmiş ən bayağı, ən səviyyəsiz veriliş kimi tanınan “Toylar kralı”nın, onun da yanına qoşduğun “Toylar kraliçası”nın müəllifi və aparıcı deyildin?

Sən utanmadığın üçün oynaya da bilərsən, utanmadığın üçün efirləri “bayağılıqda” ittiham da edə bilərsən, amma heç kim keçmişi unutmayıb. 

Sənin bütün efir keçmişin manıslıqdan o yana keçməyib. “Toylar kralı”nda tamadalıq edirdin, sonra “Toylar kraliçası”nda davam etdin. Daha sonra başqa telekanalın efirində adını “Sizin saat” qoyub yenə tamadalıq etməklə məşğul oldun. 

Gah siyasətçi, gah şoumen, gah ekspert, gah astroloq olan, bir sözlə hərşeyşünas Kamran Həsənlinin aparıcılıq etdiyi bütün verilişlər “Toylar kralı”nın davamıdır, hamısında da bu adamın etdikləri tamadalıqdan, manıslıqdan başqa bir şey olmayıb. Bu gün siyasi gündəmi müzakirə etdiyi verilişlində də tamadalığından əl çəkmir. Tarixçiyə tarixdən “dərs keçməyə” cəhd edir, siyasətçiyə siyasətdən, hətta arada həkimlərə tibb elminin sirlərindən danışmağa da çalışır. Bütün bunların yeganə səbəbi yazının girişində qeyd etdiyimiz Atalar sözüdür: Kamran Həsənli utanmadığı üçün oynaya bilir.

Amma onun efirləri tənqid etməsi doğrudan da daha ağ oldu. Kamran Həsənli, Azərbaycan efirini tamadalıq, manıslıq səviyyəsinə endirən ilk aparıcılardan biri sən olmusan axı, indi hansı “bayağılıqdan” danışırsan?!


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top