Ata azyaşlı qızına 7 il təcavüz etdi — ŞOK TƏFƏRRÜAT

KRİMİNAL 05 dekabr 2023, 11:44
Biləsuvar rayonunda 1985-ci il təvəllüdlü Bəxtiyar doğma qızı Nuraya (adlar şərti verilib – red.) təcavüz edib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bəxtiyar 2015-ci ilin avqust ayından 24 iyul 2022-ci ilə kimi olan dövr ərzində müxtəlif vaxtlarda yaşadığı evdə başqa şəxslərin olmadığı vaxtlarda öz övladı, 2009-cu il təvəllüdlü Nuraya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. 

Hadisəni törədən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib. 

Bu cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Müşfiq Məmmədovun sədrliyi ilə araşdırılıb. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Bəxtiyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2005-ci ildə Fərizə ilə ailə qurub: “Doğma qızım Nuray 2009-cu ildə, digər qızım Zəminə 2010-cu ildə anadan olublar. Arvadım Fərizə, qızlarım, qaynanam Xanım və baldızım Vüsalə ilə birlikdə qaynanama məxsus evdə yaşamışıq. Arvadım ilə qısqanclıq zəminində ailə problemlərim olduğuna görə dəfələrlə aramızda mübahisələrim olub. Buna görə də arvadım məndən qisas almaq üçün baldızım ilə əlbir olaraq başıma bu oyunu açdılar ki, guya qızım Nuraya qarşı dəfələrlə nalayiq, seksual xarakterli hərəkətlər etmişəm. Qızımla aramızda olan söhbətə dair səs yazısı zamanı sərxoş vəziyətdə olmuşam. Səs yazısı yazılan vaxt Nurayla eyni otaqda olmamışam. Qızıma qarşı qeyri əxlaqi və seksual xarakterli heç bir hərəkət etməmişəm”.

Hakimlər heyəti təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər görüblər. Bu səbəbdən məhkəmədə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. 

İbtidai istintaq zamanı etirafedici ifadələr verən Bəxtiyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, özündən asılı olmayaraq qızı Nuraya qarşı sevgisi yaranıb, onu öz qızı kimi deyil, başqa bir qadın kimi sevməyə başlayıb: “Təxminən bir il əvvəl evdə qızım Nurayla tək olarkən cinsi ehtirasımı təmin etmək üçün onun paltarlarını soyundurmaq istəsəm də, Nuray buna etiraz etdi. Qızımı şirin sözlərə sakitləşdirib onu çox istədiyimi dedim. Sonra özüm də soyundum. Nuraya qarşı seksual xarakterli hərəkətlər etdim. Sonra Nuraya dedim ki, onu çox istəyirəm və çox istədiyimdən belə edirəm. Nuraya tapşırdım ki, bu barədə heç kimə bir söz deməsin”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra müxtəlif vaxtlarda, mütəmadi olaraq, yəni bəzən 5-10 gündən bir, bəzən də bir aydan bir fürsət düşəndə Nurayla təklikdə olanda onunla bu formada seksual xarakterli hərəkətlər edərək cinsi ehtirasını təmin edib: “Arvadım Fərizə ilə birlikdə həmin həyətdə yardımçı tikilidə yaşamışıq. Uşaqlarım, baldızım və qaynanam isə həmin həyətdəki başqa evdə yaşayıblar. Sonuncu dəfə 24 iyul 2022-ci ildə, saat 9 radələrində həyətdəki balaca evdə olduğum zaman qızım Nuray həmin otağa gəldi. Anasının xırda pul istədiyini dedi. Fürsətdən istifadə edərək həmin vaxt Nurayı yenə də şirin dillə danışdırdım və onu tutaraq dodağından öpməyə başladım, ehtiraslandım. Nuray mənə “belə eləmə, mən istəmirəm, mən sənin qızınam, mən artıq böyümüşəm, əvvəl balaca idim, bilmirdim, indi axı böyümüşəm” sözlərini dedi. Mən də Nuraya bir dəfə də “olmağı”, daha sonra olmayacağımı, onu çox istədiyimi, onsuz qala bilmədiyimi dedim. Nurayı qucaqlayaraq öpdüm. Nuray isə etiraz edərək, namaz qıldığını dedi. Nuraya dedim ki, yaxşı, onda sən xəstələnəndə, yəni aybaşı olan vaxtı bir dəfə olarıq, daha sonra bununla da qurtaracaq. Nuray da məcbur olaraq “yaxşı” deyə cavab verdi”. 

Bəxtiyarın ifadəsinə görə, bundan sonra Nuray ondan aralanaraq getmək istədiyini bildirib: “Nuraya anasına çatdırmaq üçün xırda pul verdim. Sonra Nuray getdi. İstintaqa təqdim edilmiş səs yazılarına qulaq asmışam. Həmin səs yazısı həqiqətən də 24 iyul 2022-ci il tarixdə, saat 9 radələrində öz yaşadığım evdə qızımla aramızda olan söhbət zamanı qeydə alınıb. Həmin səs yazısındakı kişi səsi mənim səsimdir, qız səsi də Nuraydır. Həqiqətən də həmin vaxt qızıma qarşı seksual xarakterli hərəkətlər etmişəm. Lakin Nuray etiraz edərək getdiyi üçün hərəkətlərim yarımçıq qalıb. Həmişə qızıma qarşı belə seksual xarakterli hərəkətlər edərkən bu hərəkətlərinin səhv hərəkət olduğunu başa düşmüşəm. Lakin özüm ilə bacara bilməmişəm. Bu hərəkətləri özümdən asılı olmayaraq davam etmişəm”.

İş üzrə zərərçəkmiş Nurayın sözlərinə görə, orta məktəbdə 8-ci sinifdə oxuyur: “İlk dəfə 6 yaşım olanda, 2015-ci ilin avqust ayında otaqda başqa adam olmayan vaxtı bir dəfə atam məni öz yatağıma çağırdı. Məni qucaqlayaraq öpdü, yorğanın altında mənə qarşı iyrənc hərəkət etdi. Atamın bu hərəkətin mənasının nə olduğunu həmin vaxtı başa düşməmişəm. Sonra atam dedi ki, bu barədə heç kimə bir söz deməyim, əgər desəm, məni də, anamı da öldürəcək. Qorxumdan bu barədə heç kimə bir söz demədim. Müxtəlif vaxtlarda, evdə heç kim olmayanda atam mənə qarşı belə hərəkətləri təkrar etdi. Məni yanına çağıraraq seksual hərəkətlər etdi. Atamın mənə qarşı etdiyi bu hərəkətləri anlamadım. Sonralar isə atam özü bu hərəkətlərin mənasını mənə başa salırdı. Mən atamın bu hərəkətindən iyrənməyə başladım. Atam isə mənə “niyə iyrənirsən? sən məndən əmələ gəlmisən, bundan əmələ gəlmisən” sözlərini deyirdi. Atamın bu hərəkətlərindən xoşum gəlməyib. Dəfələrlə demişəm ki, bu hərəkətləri etməsin. Hər dəfə atam mənə anamı və özümü öldürəcəyi ilə hədələyərək heç kimə bu barədə deməməyi tapşırıb. Xatırlamadığım tarixlərdə hər ay atam mənə qarşı bu nalayiq hərəkətləri edib. Atam mənə “artıq böyümüsən, artıq səninlə əməlli-başlı cinsi əlaqədə olmağın vaxtıdır, məhərrəmlik ayından sonra səninlə əsl cinsi əlaqədə olacağam” deyib”. 

Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq göstərib ki, sonuncu dəfə 6 iyul 2022-ci ildə atası ona qarşı həmin seksual xarakterli hərəkətləri edib: “Atamın hərəkətlərini dərk etdikdən sonra özümü öldürmək istəmişəm. Sonra bu fikirdən yayınmışam və atasının bu əxlaqsız hərəkətlərini iyulun 8-də anama danışdım. Anam mənim danışdıqlarımı eşitdikdə çox qorxdu və qəzəblənərək şoka düşdü. Bütün bunları bildikdən sonra anam məni təkcə heç yerə buraxmadı ki, atam mənə qarşı nalayiq hərəkətlər etməsin. Anama  atamın mənə qarşı etdiyi bu hərəkətini sübut etmək üçün onun səsini telefonla yazmaq qərarına gəldik. İyulun 24-də, saat 9 radələrində atam olduğu otaqdan ayaqyoluna çıxanda mobil telefonun diktofonunu işlək vəziyyətdə qoydum. Atamın yatdığı həyətdəki balaca bir otaqlı evə girdim və mobil telefonu orada gizlətdim. Sonra isə böyük evə gəldim. Atamın ayaq yolundan çıxaraq həmin otağa qayıtdığını gördüm. Onun yanına gəldim. Ona nənəmin termosu, anamın isə xırda pul istədiyini dedim. Tək qalmağımızdan istifadə edib atam məni öpərək soyundurmağa başladı. Atamın bu hərəkətinə etiraz edərək “burax, istəmirəm, məni incitmə, mən sənin qızınam, artıq böyümüşəm” deyə bildirdim. Atam isə əl çəkməyərək mənimlə bir dəfə “olacağını”, daha sonra əl çəkəcəyini dedi. Cavabımda isə “namaz qılıram, əvvəllər də belə demisən, amma əl çəkməmisən” dedim. Atam isə “sən xəstələnəndə namaz qılmırsan ki? Sən xəstələnəndə bir dəfə də olarıq, daha sonra olmarıq” sözlərini dedi. Birtəhər atamın əlindən çıxdım və evə getdim. Sonradan isə atam otaqdan çıxanda telefonu götürdüm. Anam ilə birlikdə yoxladım. Məlum oldu ki, atamın mənə qarşı etdiyi həmin hərəkətlərin səsi telefonunun diktofonu ilə yazılıb”.

Məhkəmənin hökmü ilə Bəxtiyar 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan Bəxtiyar apellyasiya şikayəti verib. O, günahsız olduğunu qeyd edib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, Bəxtiyarın şikayəti təmin olunmayıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top