Viruslardan qoruyan etibarlı vasitə: Peyvəndləmə niyə vacibdir?

GÜNDƏM 02 dek 2023, 18:31
Kəskin yoluxucu virus xəstəliyi olan qızılcaya yoluxmaya halları artıb. Əsasən uşaqlar arasında yayılan xəstəlik səbəbilə üç azyaşlı vəfat edib. Bu barədə TƏBİB məlumat yayıb. Kürdəmir rayonunda uzun müddətdir qızılcaya yoluxan və hərarəti düşməyən Qağacılı kənd sakini 2019-cu il təvəllüdlü Rüfət Qəribli xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. 4 yaşlı uşaq son günlər bir neçə dəfə xəstəxanaya aparılıb və ev şəraitində müalicə olunub. Uşağın qızılcaya qarşı peyvənd olunmadığı məlum olub. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qızılcaya yoluxmuş digər 9 uşağın da müalicəsi stasionar şəraitdə davam etdirilib. Sabirabadda da bədbəxt hadisə baş verib. 1 yaşlı uşaq xəstəliyin qurbanı olub. Yüksək temperatur müşahidə olunan körpə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunsa da valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb. Daha bir ölüm hadisəsi paytaxtda baş verib. Bakı şəhəri Qaradağ rayonu 195 saylı orta məktəbin 4-cü sinif şagirdi 9 yaşlı Rinat qızılca xəstəliyi səbəbindən dünyasını dəyişib. Məktəbin direktoru Laçın Hüseynli sosial şəbəkə hesabında bildirib ki, məktəb üçün tibb işçisi tələb edilsə də, aidiyyəti qurumlar bu məsələyə laqeyd yanaşıblar. Direktorun sözlərinə görə üç növbəli məktəbdə bir nəfər də olsun həkim yoxdur. Hadisədən sonra 200-dən çox yoluxmanın qeydə alındığı məktəbin ibtidai sinifləri 14 günlük distant tədrisə keçib.

Artıq qızılca ilə əlaqədar Bakı məktəblərində dezinfeksiya işlərinə başlanılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumatında bildirilib ki, paytaxt məktəblərində şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. BŞTİ-nin təşəbbüsü ilə təhsil müəssisələrində aparılan dezinfeksiya işləri davamlı xarakter daşıyır və vəziyyət nəzarətdə saxlanılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə məktəblərdə nəzarəti gücləndirmək və şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaq tövsiyə edilib. BŞTİ valideynlərlə də iş aparır. Səhhətində narahatlıq müşahidə edilən məktəblilərin valideynləri ilə əlaqə saxlanılır, vəziyyətə uyğun tədbirlərin görülməsi təmin edilir. Valideynlərə tövsiyə olunub ki, mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxmuş uşaqlar tam sağalanadək digər uşaqlarla yaxın təmasda olmaqdan çəkinsinlər. 


Dövlət qurumları qızılca peyvəndi olmayan şəxslərin bu xəstəliyi ağır keçirdiyini və peyvəndləmənin mütləq olduğunu bildirir. Qeyd edək ki, məktəblərdə tibbi xidmət yerli poliklinikalar tərəfindən aparılır. TƏBİB-in məlumatına görə xəstəlik daha çox bağça və məktəb yaşlı uşaqlar arasında yayılıb. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşması halları baş verə bilər. Bunlara pnevmaniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeliyindəki tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Müalicə xərcləri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənilir. Məlumatda o da  qeyd olunub ki, TƏBİB-in tabeliyində Bakı şəhəri üzrə 17, Sumqayıt şəhəri üzrə 2, regionlarda isə 48 yoluxucu xəstəliklər şöbəsi fəaliyyət göstərir, çarpayı sayı ümumilikdə 1400-ə qədərdir.

Məlumatlardan aydın olur ki, qızılcadan ölüm halları, əsasən, peyvənd olunmayan uşaqlar arasında baş verir. Bu məsələdə valideynlərin məsuliyyətsizliyi də ciddi müzakirə mövzusudur. Qızılca əleyhinə peyvənd Azərbaycanda milli peyvənd təqviminə 1994-cü ildə daxil edilib və hazırda bütün ailə sağlamlıq mərkəzlərində ödənişsiz tətbiq edilir. Yoluxmadan, baş verə biləcək ağırlaşmalardan, bu ağırlaşmaların gələcək fəsadlarından qorunmaq üçün vaksinasiya olduqca vacibdir.  

Həkim-pediatr Rita Həsənova Demokrat.az-a vaksinasiyanın önəmindən danışıb:

“Uşaqlara birinci peyvənd doğumdan sonra 5-ci gün doğum evindəcə virus hepatitlərinə qarşı vurulur. 5-7-ci gün vərəmə və poliomielitə qarşı peyvənd edilir. Poliomielitə qarşı peyvəndləmə 2-4-cü aylarda təkrarlanmaqla üç dəfə tətbiq edilir. Uşağın iki aylığında göy öskürək, difteriya və tetanusa qarşı iynə vurulur. Peyvəndləmənin əsas hissəsi bitmiş sayılır. Qızılcaya qarşı birici peyvənd bir yaşda vurulmalıdır. Bir il altı ay sonra revaksinasiya həyata keçirilir. Uşağın 6 yaşında qızılcanın ikinci iynəsi və təkrar difteriya peyvəndi vurulur. 
Peyvəndləmədən əvvəl yoxlanış mütləqdir. Nervopatoloq, cərrah və pediatr uşağı müəyyən edir. Hər peyvənddən əvvəl mütləq yoxlanış olmalıdır. Qan analizi verilir, uşağın çəkisi ölçülür. Nevroloji xəstəliyi, epilepsiyası, allergiyası, doğuş travmaları, qan xəstəlikləri olan uşaqlara peyvəndləmə olmaz. Belə uşaqlar ancaq poliomielitə qarşı peyvənd edilə bilər, digərləri əks göstərişdir. Peyvənd vurularkən uşaq tam sağlam olmalıdır, temperaturu olmamalı, öskürməməlidir. 


Peyvəndlənən uşaqlar viruslara qarşı immunitet qazanır, xəstəliyə yoluxsalar da yüngül keçirirlər. Peyvəndləmədən sonra ölüm hallarının baş verməsi ilə bağlı iddialar elə də inandırıcı deyil, çünki həkimlər heç bir uşağı müayinə etməmiş peyvənd etdirmirlər. Uşaqda irsi-genetik xəstəliklər ola bilər, bu səbəblə vəfat edə bilər, bunu peyvəndin ziyanı kimi qələmə verirlər. Peyvənddən ölüm hadisələri çox nadir baş verə bilər. 

Dövlət xəstəxanalarında peyvəndləmə pulsuzdur, özəl klinikalarda isə ödənişlidir. Peyvəndlər də istehsal olunduğu ölkəyə görə fərqlənir, amma təsir mexanizmi eynidir. Bütün peyvəndlər orqanizmə eyni cür təsir edir və immunitet qazandırır. Azərbaycanda peyvəndləmə məcburi deyil. Valideynlərin ərizə yazıb bəzi peyvəndlərdən imtina etmək hüququ var. Qızılca peyvəndi də məcburi deyil, valideyn uşağını qızılcaya qarşı peyvənd etdirməyə bilər.  Vərəm peyvəndi isə məcburidir. Kütləvi şəkildə bütün yeni doğulmuşlara vurulur. Lakin bilmək lazımdır ki, lazımi yaş həddində vurulmayan peyvənd sonradan tətbiq edildikdə artıq effektiv olmur. 4 yaşa qədər peyvənd edilməyibsə, bundan sonra vurdurmağın əhəmiyyəti qalmır. Çünki peyvəndlər müəyyən fasilələrlə vurulmalıdır. Qızılca peyvəndi isə 1 yaşında vurulmayıbsa, 10 yaşa qədər vurdurula bilər”. 

Təhsil eksperti Elçin Əfəndi isə sayta açıqlamasında distant təhsilə keçidlə bağlı məsələyə münasibət bildirib:



“Qızılca ilə bağlı hansısa ərazilərdə kəskin vəziyyət yaranarsa, həmin yerlərdə məktəblər və ya konkret siniflər distant təhsilə keçid edə bilər. Pandemik vəziyyət yaranmadığı halda bütün ölkə üzrə distant təhsilə keçidin tərəfdarı deyiləm. Çünki distant təhsil şagirdlərin nəticələrinə mənfi təsir edir. Hesab edirəm ki, yoluxma səviyyəsi lokal olduğu üçün distant təhsil də ancaq yoluxmanın kütləvi olduğu məktəbləri əhatə edə bilər. Həmin məktəbin və ya sinfin 7-10 gün müddətinə distant təhsilə keçməsi daha məqsədəuyğundur. Ölkədə 4200-dən çox dövlət ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. 1 milyon 600 mindən çox şagird təhsil alır, ümumilikdə isə 2 milyondan çox təhsilalan və təhsilverən var. Təbii ki, yoluxma kəskin hal alarsa, aidiyyəti qurumlar tərəfindən müvafiq qərarlar veriləcək”.

Törə Zeynallı
Demokrat.az  
 
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində yayımlanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top