"Gələn həftədən başlayaraq məktəblər 10-15 günlük tətilə çıxsınlar" — AÇIQLAMA

GÜNDƏM 01 dek 2023, 20:59
Bölgələrdə qızılcaya yoluxma halları artır. Artıq məktəblərdə distant təhsilə keçilməsi barədə müzakirələr gedir. 

Təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, hazırda qızılcaya yoluxmanın tək-tük olması səbəbindən məktəblərdə qapanma planlaşdırılmır. O, Demokrat.az-a açıqlamasında deyib ki, qızılca kəskin yoluxucu virus xəstəliyi olduğundan və uşaqlar arasında yayılma riski daha çox olduğundan ümumrespublika ərazisində fəaliyyət göstərən məktəblər distant təhsilə keçid edə bilərlər:

"Bu, o halda mümkün olacaq ki, kütləvi yoluxma olsun. Və yaxud yoluxma sayı müəyyən sayda olan məktəblər distant təhsilə keçsin. Vəziyyətdən asılı olaraq, qapanma peşə, orta-ixtisas və ali məktəblərdə də ola bilər. 

Ancaq tövsiyə edərdim ki, elə gələn həftədən başlayaraq məktəblər 10-15 günlük tətilə çıxsınlar. Bu müddət ərzində xəstəliyin dalğası qismən də olsa zəifləyər, həm də məktəblərdə dezinfeksiya tədbirləri görülmüş olar. İki şagirdin qızılcadan ölməsi də bu məsələni zəruri edir. Mütləq deyil ki, xəstəliyin çox olmasını, ölüm hallarını gözləyək. Bu, absurddur".

Ekspert bildirib ki, ümumiyyətlə, bütün təhsil müəssisələrində tibbi fəaliyyət olmalıdır:



"Təhsilalanlar daim nəzarətdə saxlanılmalı, ilkin müayinələr aparılmalıdır. Çünki insanlar müxtəlif ərazilərdə, fərqli şəraitdə yaşayırlar. Səhhətində problem olan şagirdlər məktəbdən uzaqlaşdırılmalıdır. 

Tövsiyə edərdim ki, valideynlər qabaqlayıcı tədbirlər görmək məqsədilə övladlarına mütləq qızılca və digər müvafiq yoluxucu xəstəliklərə qarşı vaksin vurdursunlar. Çünki xəstəliyin profilaktikasında peyvəndlənmənin əhəmiyyəti vacibdir".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top