“Danışıqlar mütəmadi hal alsa, irəliləyiş əldə oluna bilər” — Politoloq

GÜNDƏM 30 noy 2023, 19:22
“Görüşdən böyük gözlənti yoxdur, bir iclasla məsələ həll olunmur. Lakin danışıqlar mütəmadi şəkil alsa, irəliləyiş əldə oluna bilər. Hansı xəritələrə əsasən iş aparılacağına dair kompramisə gəlinməlidir”. 

Bunu Demokrat.az-a Ermənistan – Azərbaycan sərhədində Baş nazirlərin müavinlərinin iştirakı ilə keçirilən delimitasiya komissiyasının iclasını şərh edən politoloq Tural Əliyev deyib.

Onun sözlərinə görə görüşün üçüncü bir dövlətin vasitəçiliyi ilə deyil, məhz dövlət sərhədində tərəflər arasında baş tutması müsbət haldır:

“Sülh prosesində başqa tərəflərin iştirakı və öz maraqlarını güdməsi yalnız prosesin uzanmasına xidmət edir. Sülhə töhfə verən yeganə yol yalnız münaqişə tərəflərinin iştirakı ilə nəticənin əldə olunmasıdır, proses uzansa belə. Ortaq yol tapılmasa və Ermənistan bir addım irəli, iki addım geri atacaqsa, bu, prosesə zərbə vuracaq. Ermənistanın kommunikasiyalarla bağlı üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi də gecikir. Ermənistan Qərb ölkələrinə bel bağlayıb Azərbaycanı nədəsə ittiha etməyə davam edəcəksə, danışıqların nəticəsi olmayacaq. 

Ermənistan geosiyasi maraqlardan irəli gələrək və yaxud da başqa qüvvələrin Cənubi Qafqaza dair planlarının arxasında gizlənəcəksə, böhran daha da dərinləşəcək. Çünki artıq Qarabağ münaqişəsi həllini tapıb, Azərbaycan bütün ərazilərində suverenliyini bərpa edib. Bundan sonrakı danışıqlar sırf sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiya xətlərinin açılması istiqamətində aparılmalıdır”.

Qeyd edək ki, bu gün Ermənistan – Azərbaycan sərhədində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top