Temperaturun normadan çox olması virus infeksiyalarının aktivləşməsinə səbəb ola bilir — AÇIQLAMA

SOSİAL 28 noy 2023, 17:26
“İqlim dəyişmələri insanın bütün fəaliyyət sahələrinə təsir etməklə yanaşı, onun səhhətinə də öz təsirini göstərir. Həmin qlobal problemlə əlaqədar olaraq qış aylarında havanın temperaturunun iqlim normasından çox olması həmin dövrdə qrip və bəzi virus infeksiyalarının aktivləşməsinə səbəb ola bilir”.

Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi Cəmilə Əhmədova iqlim dəyişmələrinin insan orqanizminə təsiri barədə danışaraq deyib.

Onun sözlərinə görə, son onilliklərdə yay aylarında güclü isti günlərin və isti hava dalğalarının sayının və davamiyyətinin artması insan sağlamlığına birbaşa mənfi təsir göstərən amillərdəndir: “Güclü istilərə şəhər əhalisi daha həssasdır. Bu cür istilər zamanı insanlarda hava şəraitinə uyğunlaşma prosesi çətinləşir, orqanizmdə müxtəlif fəsadlar yaranır. Qan dövranı, tənəffüs sistemi, əsəb sistemi xəstəlikləri xeyli artır. Əhali arasında günvurma və istivurma halları çoxalır. Belə istilərə adaptasiya tədbirlərindən biri də meşə sahələrinin, şəhərlərdə yaşıllıqların qorunması və artırılmasıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu istiqamətdə çox işlər görülür – yeni meşə zolaqları salınır, ölkənin dörd bir yanında yaşıllaşdırma aksiyaları keçirilir, əhaliyə ağac və kol tingləri paylanılır və s.”.

C.Əhmədova, həmçinin bildirib ki, ilin isti dövründə temperaturun artması kəskin bağırsaq infeksiyalarının çoxalmasına da səbəb ola bilir: “Buna görə də ərzaqların düzgün saxlanılması, təmiz və içməli suyun hər bir vətəndaş üçün əlçatan olması vacib məsələdir”.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və onun tərəfdaşları noyabrın 30-da öz işinə başlayacaq COP28 iqlim konfransı iştirakçılarını iqlim dəyişmələri ilə mübarizə tədbirlərinə səhiyyə problemlərini inteqrasiya etməyə çağırır. Builki qlobal sammitdə rekord sayda səhiyyə nazirləri iştirak edəcək. ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus hesab edir ki, Dubayda aparılacaq danışıqların iştirakçıları qlobal istiləşmə ilə mübarizə sahəsində nəticələr əldə etməlidirlər. Konfrans çərçivəsində ilk dəfə olaraq “Sağlamlıq günü” keçiriləcək. Tədbir iqlim və əhalinin sağlamlığı arasında əlaqələrə diqqət çəkmək, iqlim dəyişməsi sahəsində səhiyyə mövzusunu gündəliyə salmaq məqsədi daşıyır.

Ekspertlər təsdiqləyirlər ki, 3,5 milyarda yaxın insan – dünya əhalisinin təxminən yarısı iqlim dəyişməsinə həssas olan yerlərdə yaşayır. Dünya Bankının proqnozlarına görə, iqlim dəyişməsi 2050-ci ilədək təqribən 216 milyon nəfərin məcburi yaşayış yerini dəyişməsinə səbəb ola bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top