43 yaşlı kişi ondan icazəsiz toya gedən arvadına xəsarət yetirdi

KRİMİNAL 24 noyabr 2023, 10:38
Bakının Suraxanı rayonunda 1980-ci il təvəllüdlü Elmar keçmiş həyat yoldaşı Nərminə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 19-da, gecə saat 01.00-da baş verib. Elmar yaşadığı evdə keçmiş arvadı Nərminin ondan icazəsiz qohumunun toy mərasimində iştirak etməsi, evə gec gəlməsi səbəbindən mübahisə edib. 

Aralarında yaranmış mübahisə zamanı Elmar qəsdən ayağı və əli ilə Nərminin bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Elmarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Nərmin ilə 2002-ci ildə rəsmi nikaha daxil olub: “Bu evlilikdən 2 oğlan və 1 qız övladımız var. Əvvəllər münasibətlərimiz yaxşı olub. Lakin son vaxtlar arvadımın mənə spirtli içki içməyimə irad bildirdiyindən aranmızda tez-tez mübahisələr olub. Buna görə də 2022-cı ilin iyun ayında rəsmi olaraq məhkəmə qaydasında boşandıq. Boşandıqdan sonra mən, anam, 3 övladım və keçmiş arvadım Nərmin ilə həmin ünvanda birlikdə yaşadıq”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, boşandıqdan sonra da tez-tez Nərmin ilə aralarında ailədaxili münasibətlər zəminində mübahisələr olub: “19 iyun 2023-cü ildə, gecə saat 01.00-da yaşadığım evdə olarkən Nərminin toya məndən xəbərsiz getməsi və evə gec gəlməsini gördüm. Əsəbləşərək ona evə daxil olmasına icazə vermədim. Nərmin isə məni itələyərək evə daxil olduqdan sonra toya icazəsiz getdiyi üçün evin qonaq otağında yenidən aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı səbləşərək bir dəfə təpiklə Nərminin qarın nahiyəsinə, bir dəfə isə yumruqla sol ayağına vuraraq onu döydüm. Bu zaman Nərmin bədən xəsarəti aldı. Sonra isə mübahisənin daha böyüməməsi üçün evdən çıxaraq getdim”.

Bu cinayətə Suraxanı rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 
Bu səbəbdən Elmarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top