“Abşeron” yatağından çıxarılan qazın xarici bazarlara nəqli üçün lazımi infrastruktur var” — AÇIQLAMA

GÜNDƏM 21 noyabr 2023, 15:13
Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə keçən 10-cu Yubiley Xəzər Texniki Konfransında çıxışı zamanı "Total Energies-Azerbaijan" şirkətinin baş direktoru Emmanuel de Quillebon bildirib ki, “Abşeron” yatağından çıxarılan qaz Türkiyə və Avropa bazarlarına yönəldilə bilər. Onun sözlərinə görə, hazırda yataqda hasil olunan qaz daxili bazarda satılır, lakin layihənin növbəti mərhələsində həcmlər artacağı üçün ixrac məqsədilə Türkiyə və Avropa bazarlarına baxılır. Şirkət nümayəndəsi onu da bildirib ki, qeyd olunan bazarlarda tələbatın olub olmaması sual altında deyil, əsas məsələ, qazın lazımi bazarları çatdırılması və nəqlidir. Emmanuel de Quillebon əlavə edib ki, bu prosesin (qaz ixracının təşkili -red.) mövcud infrastrukturun hazırki imkanları hesabına və ya gənişləndirilməsi vasitəsilə təşkil olunacağı müzakirə olunur.

İqtisaçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, “Abşeron” yatağından çıxarılan qazın Türkiyə və Avropaya nəqli üçün lazımi infrastruktur var, Cənub Qaz dəhlizi vasitəsilə Azərbaycan qazı dünya bazarlarına çıxarılır:

“Azərbaycan TANAP boru xətti ilə Türkiyə və Gürcüstana qazı ötürə bilir. TANAP-ın davamı olan TAP boru xətti ilə də Azərbaycan qazı Avropanın cənubuna – İtaliya, Yunanıstan və bir neçə cənub-şərqi Avropa ölkəsinə ixrac edilir. 

Azərbaycan hazırda neft ixracı ilə bərabər, qaz ixracına da önəm verir. Ötən ilin bəzi dövlərində qaz ixracından gələn gəlirlər neftdən gələn gəlirlərlə bərabərləşmişdi. Düzdür, indi qazın qiymətinin bir qədər aşağı düşməsi ixrac rəqəmlərini də aşağı salıb, amma qaz nəqlindən əldə olunan gəlir ölkəyə valyuta axının mühüm hissəsini təşkil edir. Qaz ixracı “Şahdəniz” və “Abşeron” qaz yataqlarının istismarı hesabına formalaşır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top