Vaşinqtonun “düşmən” bəllədiklərinə yönələn USAİD NİZƏSİ — TƏHLİL

SİYASİ 07 noy 2023, 17:10
USAİD adı ilə məşhur olan United States Agency İnternational Development çevriliş planlarında adı hallanan ABŞ Beynəlxalq İnkişaf Agentliyidir. Onun adının məhz çevriliş planlarında hallanması heç də yenilik deyil və hazırkı dövrə qədər bu barədə kifayət qədər informasiyalar yayılıb. Heç də sirr deyil ki, görünən və görünməyən olmaqla, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin iki üzü var. Demokratiya, insan haqlarına dəstək, sahibkarlıqdan tutmuş, səhiyyə sisteminə qədər bir çox sektorlara yardım fonunda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin görünən üzünün altında, dövlətin daxili işlərinə qarışmaq, siyasi proseslərə müdaxilə etmək, çevriliş hazırlıqları və ssenariləri kimi görünməyən üzü gizlədilir.

Hansısa bir ölkədə ABŞ hakimiyyəti çevriliş həyata keçirmək niyyətinə düşürsə, özünün Mərkəzi Kəşfiyyat İdarəsinin qolu olaraq yaradılan USAİD tərəfindən “qrant layihələri” hesabına toplayaraq, hazırladığı şəbəkə həmin ölkədə dərhal aktivləşdirilir. Yəni, bir sözlə, elə həmin şəbəkə məhz USAİD tərəfindən aktivləşdirilir və biz bunun son “nümunəsini” Gürcüstanda baş verənlərin fonunda da müşahidə etmiş olduq. “CİA USAİD-dən komuflyaj kimi istifadə edir”, başlıqlı məqaləsində Amerikalı araşdırmaçı jurnalist Eva Golinger, Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi sənədlərinə istinadən yazır ki, əsas məqsəd cəsus şəbəkəsinin qurulması, hədəf coğrafiyası da Latın Amerikası, Asiya və Yaxın Şərq olub. Məsələ burasındadır ki, hədəf çoğrafiyası daha geniş imiş, hansı ki, bununla bağlı çoxsaylı məlumatlar var.

Qanlı Feniks əməliyyatı kimi tarixə düşən əməliyyat, Vyetnam müharibəsi zamanı məhz ABŞ Beynəlxalq İnkişaf Agentliyinin iştirakı ilə həyata keçirilib. Bir çox ölkələrdə çevrilişə cəhddə, məsələn, Uruqvay, Haiti, Kuba, Venesuela kimi ölkələrdə çevriliş cəhdlərində, eləcə də Afrika ölkələrində hakimiyyət dəyişikliklərinin həyata keçirilməsində sözügedən agentliyin iştirakı olub. Gürcüstanda 2003-cü ildə “qızılgül inqlabı”, Ukraynada 2004-cü ildə “narıncı inqlab”, Qırğısıstanda da 2005-ci ildə “zanbaq inqlabı” və bir çox belə inqlablar, çevriliş planları məhz ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, USAİD-in iştirakı ilə yadda qalıb. Yəni, müşahidə edilənlər onu deməyə əsas verir ki, çevriliş planlarının maliyyələşməsini də, təşkilini də ABŞ kəşfiyyatı məhz USAİD vasitəsilə edib.

“Uruqvayda sol hərəkatının məhv edilməsi üçün USAİD polis qüvvələri hazırlayırdı və eləcə də onlara işgəncə yollarını öyrədirdi”, deyə bildirən Kanadadan olan jurnalist Jan-Gay Allard USAİD-in çirkin işinin ən bariz nümunələrindən birinin Uruqvayda olduğunu vurğulayıb. ABŞ-ın çevriliş planlarına dair bir neçə kitabın müəllifi olan həmin kanadalı jurnalist USAİD barədə kifayət qədər məlumatlı biri kimi tanınır, amma o bu barədə bilən yeganə jurnalist deyil. Qeyd etdiyimiz kimi, Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi sənədlərinə istinad edən amerikalı jurnalist Eva Golinger də yetərincə məlumatlı biri hesab olunur. O yazır ki, fəaliyyət göstərdiyi ölkələrdə incəsənət sektoru, dini təşkilatlar, özəl təşkilatlar, hətta dövlət orqanları və ümumilikdə bütün sahələr üzrə şəbəkələşmə quran USAİD lazım olan məqamda ABŞ-ın çevriliş planlarında iştirak edir və bu planları dəstəkləyir. “USAİD-in “nizəsi” Vaşinqtona “düşmən” hesab olunan hərəkat və ya dövlətlərə qarşı yönəlib”, deyən amerikalı jurnalist Golinger açıq şəkildə bildirir ki, USAİD artıq hərbi agentliyə çevrilib. Onun sözlərindən belə aydın olur ki, ABŞ özünün istədiyi siyasəti yürütməyən, rəsmi Vaşinqtonun deyil, milli maraqlarını, dövlətçilik maraqlarını əsas tutan və bu maraqlardan çıxış edənləri məhz “düşmən” bəlləyir və elə USAİD vasitəsilə də hədəfə alır.

Heç də sirr deyil ki, USAİD “nizəsi” artıq illərdir ölkəmizə qarşı tuşlanıb. Sözsüz ki, hədəf də ilk növbədə Azərbaycan hakimiyyətidir, çünki bu hakimiyyətin milli maraqları əsas tutan, dövlət maraqlarına istinad edən müstəqil siyasət aparması USAİD üçün heç də qəbuledilən olmayıb. Təbii ki, milli və dövlət maraqlarını əsas tutan belə bir mövqedən çəkindirilə bilməyən hakimiyyət USAİD üçün hədəf hesab olunacaqdı və məhz USAİD “nizəsi”nin Azərbaycana tuşlanması da bu baxımdan gözlənilən idi. Doğrudur, hələ 1991-ci ildə Azərbaycanda yenicə fəaliyyətə başladığı zaman USAİD barədə özləri tərəfindən müsbət imic formalaşdırılmışdı və “demokratiya gətirənlər” kimi özlərini sırımışdılar. Lakin qısa bir zaman fasiləsində bu təşkilatın niyyətinin çirkin olduğu, məqsədinin ölkədə xaos və gərginlik yaratmaq olduğu ortaya çıxdı. Bəlli oldu ki, USAİD müstəqil siyasət aparmaqdan imtina etməyə məcbur edə bilmədiyi milli hakimiyyəti hədəfə alıb. USAİD-in hədəfinin təkcə Azərbaycan hakimiyyəti yox, həm də Qarabağın işğalını legitimləşdirmək olması da onun mahiyyətini açıb ortaya qoyur və bəlli olur ki, bu təşkilat üçün demokratiya, insan azadlığı və bunun kimi ali dəyərlər heç də maraqlı deyil. Əks halda, işğala məruz qalan Azərbaycan dövlətinin və xalqının haqlarını, hüquqlarını müdafiə edərdi, amma biz bunu müşahidə etmədik.

Lazımi anda hərəkətə keçirmək üçün gənclərin təşkilatlandırılması, müxalif media, eləcə də təşkilatların maliyyələşdirilməsi və siyasi qüvvələrə maliyyənin bu ad altında ötürülməsi, həmçinin regionlarda müxtəlif layihələrin icrası ilə “icmalaşma” adı altında şəbəkənin qurulması USAİD-in Azərbaycanda konkret fəaliyyət istiqamətləri olub. Bu şəbəkəni ifşa edən 2013-cü ildə paytaxt Bakıda “facebook inqilabı” adlandırılan qarşıdurmanın yaradılması cəhdi oldu. Bank hesabından 2 milyon dollara yaxın vəsaiti çıxarıb bəzi QHT-lərə və konkret şəxslərə paylayan ABŞ Milli Demokratiya İnstitutunun Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri Aleks Qriqoryevs payladığı vəsaitin müqabilində paytaxtın düz mərkəzində xaos yaradılmasını təşkil etmək üçün ciddi cəhd etmiş, lakin cəhdi baş tutmamışdı. Amma bundan sonra da USAİD öz çirkin əməllərindən qalmayıb və müxalif media eləcə də təşkilatların 2014-cü ildə maliyyələşdirilməsi ilə şəbəkələşməyə başlanılan zaman bu prosesdə də öndə yenə USAİD idi. Özünün 2,4 milyon dollarlıq qrant layihəsinin məhz öz şəbəkəsinə çatması üçün gizli maliyyələşmə mexanizmi tətbiq edən USAİD dırnaqarası “qalib olan” təşkilatlara, şəbəkələr formalaşdırmaq, müxtəlif bəhanələrlə gərginlik yaratmaq, bununla da Azərbaycan hakimiyyətinə qarşı təzyiq vasitələri hazırlamağı tapşırmışdı. Amma həmin o gizli maliyyələşməsi, eləcə də fəaliyyətinin qeyri-şəffaf olduğu ifşa olunan USAİD bundan sonra ölkəmizdə iki istiqamətdə öz işini aparmağa başlayıb. Beləki, birinci növbədə diqqət regional layihələrə ayrılıb ki, burada da məqsəd paytaxda ifşa olunmuş fəaliyyətin bölgələrdən başlayaraq, yenidən həyata keçirilməsi və “icmalaşma” adı altında şəbəkənin fəaliyyətinin genişləndirilməsi olub. İkinci isə, maliyyə axınının istiqamətinin dəyişdirilməsi ilə gizlin əməliyyat aparmaq niyyəti idi və bunun üçün də özlərinə bağı olan təşkilatlara maliyyəni ötürmək üçün USAİD qonşu Gürcüstandan istifadə edirdi, amma bu da tez bir zamanda ifşa olundu. Onların çirkin niyyətləri baş tutmadı, çünki milli maraqlara söykənən siyasəti ilə və xalqın dəstəyilə Azərbaycan dövləti ölkəmizə qarşı bu cəhdlərin reallaşmasına imkan vermədi.

Məhz 44 günlük müharibədən sonra, 2020-ci ilin sonlarından etibarən bölgədə yeni reallıqlar yaradan, bu ilin 20 sentyabr tarixində də Qarabağda həyata keçirilən 24 saatlıq antiterror tədbirlərindən sonra bu reallıqlar tamamlayan Azərbaycan bölgədə sülhün, təhlükəsizliyin təminatı üçün əsaslı zəmin, şərait formalaşdırıb və bunun sayəsində də Türkiyə və Rusiya kimi region ölkələrinin bölgəyə marağı daha da artıb. Belə bir vəziyyət isə görünür, Qərb üçün heç də arzuolunan hesab edilmir deyə, regiona hansısa yolla daxil olmaq üzərində “baş sındırılır”. Daha dəqiq desək, yenə də ABŞ regoina daxil olmaq niyyətini belə məhz hansısa “əyri” yollarla gerçəkləşdirmək niyyətinə düşüb. Azərbaycana təsir edə bilməyənlərin buna görə də regiona məhz Ermənistan üzərindən müdaxilə etməyə çalışmaları da başadüşüləndir. “Demokratiyanın Parlaq Nöqtələrini Anlamaq və Dəstəkləmək” adı altında ABŞ-ın bu ilin mart ayında açıqladığı sənəd və bu sənədin maliyyələşdirilməsindən tutmuş, icrasına, reallaşdırılmasına qədər USAİD-ə həvalə edilməsi müxtəlif regionlarda “rəngli inqilab” ssenarilərinin yenidən ortaya atıldığını göstərir. Guya Dağlıq Qarabağdakı vəziyyətdən çox narahat olan, qondarma və dırnaqarası “ərzaq təhlükəsizliyi” və “dərman çatışmazlığı” barədə Twitter vasitəsilə “çıxış” edən, Agentliyin rəhbəri Samanta Pauerin erməni lobbisinə yaxınlığı, qondarma “erməni soyqırımı abidəsi”ni ziyarət edəcək həddə ermənipərəst olması USAİD “nizəsinin” yenidən Azərbaycana doğru çevrilməsi riskindən xəbər verir.

Azərbaycanın da daxil olduğu müxtəlif ölkələrdə 2023-2025-ci illər ərzində “vətəndaş cəmiyyəti” quruculuğuna USAİD-in 10 milyard dollar civarında vəsait ayırması heç də təsadüfi sayıla bilməz. Bu qədər maliyyə vəsaitinin səbəbsiz yerə ayrıldığını düşünmək sadəlövhlük olardı. USAİD-in digər ölkələrlə yanaşı, məhz Azərbaycanda da milli təhlükəsizliyə qarşı fəaliyyət göstərəcəyi, xaos yaratmaq üçün əvvəlcədən planlar qurması nəinki mümkün hesab olunur, hətta bunun əksi düşünülmür. Heç şübhəsiz ki, USAİD “nizəsinin” hədəfi demokratiya, insan haqları deyil. Rəhbəri ermənipərəst Samanta Pauer olan USAİD-in hədəfində ölkəmizin qazandığı qələbə, Zəfərdir. Ermənidən betər erməni olan kəslərin rəhbərlik etdiyi təşkilatın xalqımızın qələbəsini həzm etmədiyi, buna görə də planlarının pozulduğu bəllidir və biz qələbələrimizin sayını artıqmaqla, ölkəmizə tuşlanmış həmin nizəni sındırmış və USAİD-in çirkin planlarını həmişə olduğu kimi pozmuş oluruq. Ona görə də, bizi qələbələrə aparan həmrəyliyimiz və ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyevin ətrafında birləşməyimiz, birliyimiz ən vacib şərt hesab olunur. (sia.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top