Quru sərhədlərin bağlı olması büdcə gəlirlərini artırır? — ŞƏRH

GÜNDƏM 03 noy 2023, 13:13
Xəbər verdiyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi” müzakirə olunub.  
Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, sərhədlərin açılmasının iqtisadi aktivliyə, əmtəə və xidmətlərin idxal və ixracına təsirləri ilə bağlı qiymətləndirmə yoxdur.
“Məsələnin əhəmiyyətini nəzərə alaraq növbəti təhlillərdə bu təsirlər araşdırılacaq”, sədr qeyd edib. 


Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun sözlərinə görə isə ümumilikdə proqnoz nöqteyi-nəzərindən sərhədlərin bağlanmasının büdcəyə xeyri proqnozdan azdır.

Müzakirələrə Demokrat.az-a açıqlamasında münasibət bildirən turizm eksperti Əziz Şiriyev deyib ki, ölkəyə giriş-çıxış üçün bütün yolların açıq olmasının iqtisadiyyata müsbət təsiri var:


“Quru sərhədlər bağlı olduğu halda hava nəqliyyatından daha çox istifadə olunacağını və bunun daha çox gəlir gətirəcəyini düşünmək birtərəfli yanaşmadır. Quru sərhəddən gedib-gələn insanların sayı kifayət qədər çoxdur. Büdcələrini nəzərə alsaq, deyə bilərik ki, onlar təyyarədən istifadə etmirlər. Bu da həmin turist sayının itirilməsinə səbəb olur. Mövsümdə Gürcüstan və Türkiyəyə avtobus turları təşkil olunur. Gürcüstandan Bakıya, Balakən istiqamətindən, Qazax – Ağstafa istiqamətindən təşkil olunan turlarla ölkəyə çox sayda turist cəlb edirik. Turlar təyyarə ilə təşkil olunanda bu, baha başa gəlir, turistlərin sayında azalma müşahidə olunur. Bu da istənilən halda ölkəyə kapitalın girişinə və iqtisadiyyata mənfi təsir edir. 

Quru sərhədlərin açıq olması minimal büdcəsi olan insanların gediş-gəlişinə şərait yaradır. İmkanı olan onsuz da təyyarə ilə səfər edir. Dəniz nəqliyyatını da inkişaf etdirməliyik. Bu gün Rusiya, Qazaxıstan və İrana gəmi səfərləri artırılmalıdır. İnanıram ki, gələcəkdə Aktau, Həştərxan, Ənzəli şəhərlərinə gəmi turları – mini kruizlər təşkil edə biləcəyik”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top