Uşaqlıq boynu xərçəngi: Erkən nikah ən böyük faktordur

GÜNDƏM 26 oktyabr 2023, 19:10
2022-ci ildə Azərbaycanda 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 2011 nəfər olub.

Demokrat.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatında əksini tapıb.

Bildirilib ki, bu göstərici 2021-ci illə müqayisədə 361 nəfər çoxdur. 

Təəssüf ki, erkən nikah problemi hər keçən il daha da aktuallaşır. Ginekoloq Təranə Həsənova Demokrat.az-a açıqlamasında erkən nikahın sağlamlığa törətdiyi təhlükələr barədə məlumat verib. O deyib ki, uşaqlıq boynu xərçənginə yoluxma riskini artıran ən böyük səbəblərdən biri elə erkən nikahdır: 

“Hamiləlik asan proses deyil, öz riskləri var. 18 yaşdan aşağı qadınlarda isə hamiləlik daha da risklidir. Onlar həm hamiləlik, həm də doğuş zamanı, həmçinin zahılıq dövründə sağlamlıq problemləri ilə qarşılaşa bilərlər. Bir sıra mamalıq ağırlaşmaları zamanı böyrək patalogiyaları yaranır, arterial təzyiq yüksəlir, ayaqlarda ödəm olur. Cift qopması ilə bətndaxili döl ölə, ana həyatını itirə bilər. Qanunda yetkinlik yaşının 18 yaş müəyyən edilməsi səbəbsiz deyil. 18 yaşdan aşağı endokrin sistem hələ tam formalaşmır, bu yaşa qədər orqanizmin inkişafı tamamlanmır. Ona görə də cinsi akt və hamiləlik zamanı orqanlar zədələnə bilər. Erkən hamiləlik keçirmiş qadın problemlə üzləşməsə belə 25-30 yaşdan sonra onda müxtəlif endokrin xəstəliklər yarana bilər. Qalxanabənzər, mədəaltı, böyrəküstü vəzlərdə baş qaldıran bir sıra problemlər digər xəstəliklərə də yol açır. Yumurtalıqlarda da ciddi problemlər yaranır”.

Qeyd edək ki,  2022-ci ildə bölgələrdə 300-ə yaxın erkən nikahın qarşısı alınıb. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top