"Belə həssas zamanda ölkəmizin bütün siyasi partiyaları, iqtidarlı-müxalifətli hər kəs bir olmalıdır" — Rəsul Quliyev

GÜNDƏM 19 sen 2023, 19:54
Ermənistanın hər zaman olduğu kimi separatçı-qatı millətçi qüvvələri Azərbaycanın suveren dövlət sərhədləri daxilində qanunsuz silahlı dəstələr yaradaraq Azərbaycana qarşı terror əməlləri törətməkdə davam etdirirlər.

Azərbaycan Respublikasının xəbərdarlıqlarına baxmayaraq, Ermənistan hökuməti belə terrorçu əməllərin qarşısını nəyinki almır, əksinə bu tip qanunsuz terrorçu dəstələrini himayə edərək silahlandırmağa üstünlük verir və öz qanunsuz cinayət əməllərini həyassızlıqla davam etdirir... Bütün bunların fonunda bəyan edirəm ki, Azərbaycanın öz suveren ərazilərində haqlı olaraq başlatdığı terrorçu dəstələrə qarşı lokal antiterror tədbirlərini tamlıqla dəstəkləyir, verilmiş qərarı zamanında atılmış doğru, eyni zamanda kifayət qədər cəsarətli qərar hesab edirəm. Bu gün vətənimiz Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi, ölkəmizin suveren ərazilərində fəaliyyət göstərən qanunsuz silahlı terrorçu dəstələrdən təmizlənməsi istiqamətində mühüm, həlledici  və qətiyyətli addımlar atılmaqdadır. Belə həssas zamanda ölkəmizin bütün vətəndaşları, siyasi partiyaları, iqtidarlı-müxalifətli hər kəs - heç zaman olmadığı kimi bir olmalı, həmrəy olmalı, dəmir yumruq kimi birləşərək xarici təhdidlərə qarşı Ordumuzun, silahlı qüvvələrimizin və bu savaşa rəhbərlik edən Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməyi bacarmalıdır.

Hesab edirəm ki, bu milli dövlətçilik məsələsidir. Dövlətçilik, ərazi bütövlüyümüz siyasi masada olduğu bir zamanda iqtidar-müxalifət anlayışı olmamalıdır. Hamımız bu vətənin əsgəri olaraq rəftar etməli və daxili, milli birliyimizi qorumalıyıq. Unutmaq lazım deyil ki, bu savaş Xalqımızın savaşıdır, Dövlətimizin zəfər savaşıdır! Tanrı ordumuza yar olsun…”

Rəsul Quliyev
Azərbaycan Respublikası Milli Məclisinin eks - spikeri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top