Toyda rəqs üstündə mübahisə etdilər, sonra qanlı cinayət törətdilər — TƏFƏRRÜAT

KRİMİNAL 19 sentyabr 2023, 11:19
Ağcabədi rayonunda 2001-ci il təvəllüdlü Sadiq tanışı Neməti bıçaqlayıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 14-də baş verib. 

Hadisəni törədən Sadiqin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Neməti tanıyır, aralarında qohumluq əlaqələri  və ədavəti olmayıb:

“İyulun 14-də, saat 18 radələrində əmim oğlu ilə birlikdə sinif yoldaşım Ceyhunun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə qohumlarımızın toyuna getdik. Ceyhun isə toya getmədi. O, bizi düşürüb qayıtdı. Mən toyda əmim oğlu Hüseyn, Eyvaz və tanımadığım başqa şəxslərlə birlikdə spirtli içki araq içdim. Saat 20.30-da özümü narahat hiss etdiyim üçün toydan çıxıb dostum Ağaliyə zəng edərək çağırdım. Ağəli idarə etdiyi avtomobillə gəlib şadlıq evinin qarşısından məni götürdü. Ağəliyə dedim ki, ürəyim sıxılır, məni xəstəxanaya aparsın. Ağəli də idarə etdiyi avtomobillə məni Ağcabədi rayon Mərkəzi Xəstəxanasına apardı. Mənə sistem köçürüldü, sonra Ağəli məni yaşadığım evə düşürdü”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün gecə saat 23 radələrində Tural ilə həyətdə oturub söhbət ediblər:

“Sonra Tural ailəsini qohumu Cəfərin evinə aparası oldu. Mən də Tural ilə birlikdə getdim. Həmin gün toyda Tural ilə Abbas adlı şəxs arasında oynamaq üstündə mübahisəm oldu. Abbas da bizim getdiyimiz Cəfər ilə qonşuluqda yaşayır. Biz Cəfərin evindən gedən zaman Abbasın evinin qarşısından keçdik. Abbas bizi orada gördü, elə düşündü ki, buraya dava  etməyə gəlmişik. Lakin Abbasa izah etdim ki, dava- dalaş etmək fikrimiz yoxdur. Biz gedən zaman Abbasın qohumu Elməddin Turala zəng edib dedi ki, Abbas ilə toyda mübahisə olub, orada qalıb, daha sonra niyə yenidən gəlirsiniz. Tural da izah etdi ki, dava niyyəti ilə gəlməmişik. Tural telefonda Elməddinlə mübahisə etdi və söhbət etmək üçün Ağcabədi şəhəri “Ejəli” adlanan ərazidə yerləşən 4 nömrəli orta məktəbin yanına çağırdı. Tural ilə birlikdə həmin yerə getdik. Orada Elməddin və Nemətlə görüşdük. Biz söhbət edən zaman aramızda sözlü mübahisə yarandı. Artıq mübahisə dava-dalaşa çevrildı. Biz qarşılıqlı olaraq dalaşdıq. Həmin dava zamanı Nemət yumruqla sifətimə bir dəfə vurdu. Bu hərəkətlərdən əsəbiləşdim, özümdə olan bıçaqla Nemətin qarın nahiyəsinə, sağ böyür nahiyəsinə vurdum. Bundan sonra aralaşdıq və oradan yaşadığım evə getdim”. 

Təqsirləndirilən şəxs deyib ki, hazırda zərərçəkmiş şəxslə barışıb, onun müalicə xərclərinə maddi köməklik göstərib. O, əməlindən peşman olduğunu söyləyib. Deyib ki, Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda gedən 2-ci Qarabağ döyüşlərində iştirak edib, Füzulinin, Xocavəndin azad olunması, “Vətən müharibəsi iştirakçısı” meddalları ilə təltif olunub. O, bütün bunların nəzərə alınmasını, ona yüngül cəza verilməsini xahiş edib.

İş üzrə zərərçəkmiş Nemətin sözlərinə görə, iyulun 14-də, saat 23.40-da dostu və onun dayısı oğlu ilə birlikdə pivə içmək üçün Ağcabədi şəhəri, 1 saylı məktəbin yaxınlığında yerləşən kafeyə gediblər: “Biz yenicə çatmışdıq ki, digər dostum Elməddin yanımıza gəldi. Mənə dedi ki, bir neçə şəxs əmisi oğlu Abbasın evinə gəlib münaqişə edirlər, kömək etmək üçün onu çağırır. Elməddin bu sözü deyib dayanmadan öz avtomobili ilə getdi. Mən də Elməddinə kömək etmək üçün Abbas ilə İbrahimi kafedə qoyub orada dayanmış tanımadığım taksi ilə Elməddinin arxasınca getdim. Biz yolda gedən zaman Elməddinlə telefonla danışdım. Sonuncu 4 saylı məktəbin yanında dayanıb söhbət etdiklərini dedi. Mən də birbaşa 4 saylı məktəbin yanına getdim. Həmin vaxt orada Elməddin Sadiq və Tural ilə mübahisə etdilər. Söhbətdən belə başa düşdüm ki, həmin gün Abbas Ağcabədi şəhərində “Şah” sarayı şadlıq evində oynamaq üstündə Tural ilə mübahisələri olub. Elməddin də yenidən Tural ilə mübahisə etməyə başlayıb. Artıq hamımız mübahisə etdik. Bu vaxt aramızda dava-dalaş yarandı. Hamımız qarşılıqlı olaraq dalaşdıq. Biz qarşılıqlı olaraq bir-birimizə yumruqla vurduq. Elə bu vaxt Sadiq əlində olan bıçaqla bir dəfə qarın nahiyəmə, bir dəfə də sağ tərəf böyür nahiyəmə zərbə vurdu. Bundan sonra aralaşdıq”. 

Zərərçəkmiş qeyd edib ki, daha sonra aralarında hər hansı bir dava-dalaş olmadan Sadiq və Tural gəldikləri avtomobilə əyləşərək gediblər: “Həmin vaxt mənim xəsarət aldığım nahiyəmdə ağrı olmadığı üçün fikirləşdim ki, yəqin bıçaq yüngül xəsarət yetirib. Ona görə də xəsarətlərimə əhəmiyyət vermədim. Həmin vaxt İbrahim kafedən getdi. Lakin dostum Abbas orada oldu. Biz yenidən masada əyləşdik, mən pivə sifariş etdim. Elə bu vaxt gördüm ki, qarnımdan qan axmağa başlayıb, qan dayanmır. Ona görə də Abbas məni Ağcabədi rayon mərkəzi xəstəxanasına gətirdi. Xəstəxanada üzərimdə cərrahiyə əməliyyatı keçirildi”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Sadiqin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 8 ay müddətinə şərti cəza təyin olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 13:29
Top