“Fransa dünya siyasətində sönən ulduzdur” — AÇIQLAMA

SİYASƏT 17 avqust 2023, 14:20
 Ermənistanın təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Laçın dəhlizindəki vəziyyəti müzakirə etdi və onun maraqlarını müdafiə edən hər hansı bir sənəd qəbul olunmadı. Ermənistan növbəti dəfə siyasi fiaskoya uğradı. 

Maraqlıdır, iclasda Ermənistana havadarlıq edən Fransa və onun timsalında təcavüzkarı dəstəkləyən bəzi digər ölkələr sonuncu məğlubiyyətdən sonra qeyri-obyektiv mövqedən əl çəkəcəkmi?

“Nə qədər ki, regional maraqlar var, dağıdıcı, pozucu qüvvələr iddialarından əl çəkməyəcək. Həm Ermənistanın, həm Fransanın, həm də onların ətrafında olan digər qüvvələrin əsas hədəfi Azərbaycan və Türkiyədir, türk düşmənidirlər. Siyasətləri də bunun üzərində qurulub”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan deyib. 

O qeyd edib ki, Fransa Osmanlıdan bəri yüz ildən artıqdır ki, Türkiyəyə, türklərə qarşı qəbuledilməz siyasət aparır:

“Fransa Cənubi Qafqazda Ermənistan vasitəsilə Türkiyəyə qarşı siyasətini davam etdirir, həm də regiona daxil olmağa çalışır. Nə qədər ki, bu maraqlar var, Ermənistan da böyük dövlərin əlində alət olacaq”. 

Politoloq bildirib ki, beynəlxalq ictimaiyyət artıq Ermənistanın ağlaşmalarından bezib: 

“Artıq ikinci dəfədir ki, Ermənistan BMT-də Azərbaycana qarşı məsələ qaldırır. Fransa isə artıq dünya siyasətində sönən ulduzdur. Afrikadan qovulur, Cənubi Qafqazda Ermənistanın ümidinə qalıb. Perspektivsiz, iqtisadiyyatı çökmüş, daim regionda çaxnaşma yaratmaqla məşğul olan, regional casus funksiyası daşıyan bir ölkə ilə, ikiüzlü hakimiyyətlə dostluq edir. 

Sonuncu iclasda Fransa istisna olmaqla, beynəlxalq güclərin həqiqəti müdafiə edərək Azərbaycanın suverenliyini dəstəkləməsi bir daha doğru yolda olduğumuzu təsdiq edir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 aprel 2025, 22:31
Top