“Normallaşma prosesində ABŞ-ın mövqeyi kövrəkdir” — Vaşinqtonda görüş gözlənilir?

SİYASƏT 08 avqust 2023, 14:50
Dövlət Departamentinin rəsmisi bildirib ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülh razılaşması üçün işləri davam etdirəcək. 

Qeyd olunub ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, sülh razılaşması əldə edilə bilər və buna nail olmaq üçün tərəflərlə əlaqə davam etdiriləcək. 


ABŞ rəsmisinin bu açıqlamasını Demokrat.az üçün şərh edən politoloq Tofiq Abbasovun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında normallaşma prosesində iştirak edən hər üç tərəf – Moskva, Brüssel və Vaşinqton məsələni həll etmə missiyasını öz üzərinə çəkmək istəyir. 

“Fikrimcə, Moskva və Brüssellə müqayisədə Vaşinqtonun mövqeyi bir qədər kövrəkdir. Ona görə yox ki, ABŞ coğrafi cəhətdən regiondan uzaqdır, xeyr. Söhbət ondan gedir ki, Amerika sadəcə özünəməxsus boşluğu doldurur. Artıq dünya gümdəmində bir çox vacib məsələlərlə bağlı vahid Qərb yoxdur. ABŞ və Avropa İttifaqı arasında soyuqluq, hadisələrə hərəsinin fərqli yanaşması var. Lakin Azərbaycan – Ermənistan məsələsində demək olar ki, onların mövqeləri üst-üstə düşür. Onu da istisna etmirəm ki, Fransanın qərəzli yanaşmaları, Makronun oyunbazlığı bəlkə də Amerikanın ürəyincədir. Çünki regiona müdaxilə etməkçün orada problemlər yaratmaq lazımdır”. 

ABŞ-da yenidən xarici işlər nazirləri səviyyəsində görüş keçirilməsi ehtimalını istisna etməyən politoloq T.Abbasov əlavə edib ki, rəsmi Vaşinqtonun sülh yaratma prosesində konstruktiv payı işin xeyirinə ola bilər. 

“Bir şərtlə ki, vasitəçi tərəflər rəqabət prinsipinə girişərək Azərbaycanın, eləcə də Ermənistanın maraqlarını kölgədə qoymasınlar. Bədnam Minsk Qrupunun fəaliyyəti ərzində biz bu təcrübəni yaşadıq. ABŞ gərək sağlam mövqedən çıxış etsin. Əgər Rusiya tərəfinin də prosesə müsbət təsiri olacaqsa, buna mane olmasın. ABŞ digər tərəflər deyəndə şübhəsiz ki, rəsmi Moskvanı nəzərdə tutur. Gizli deyil ki, ABŞ Rusiyanın bölgədə təsir gücünü, nüfuzunu zəiflətməyə çalışır. Rusiyanın sülh yaratma prosesində destruktiv mövqe sərgilədiyi də məlumdur, çalışır ki, münaqişə həllini tapmasın. Buna baxmayaraq, rus diplomasiyası ən yaxın zamanda sağlam bir mövqe ortaya qoyarsa, Vaşinqton buna əngəl olmamalıdır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top