Deputatdan təklif: “Hərbçilərə edilən güzəştlər minatəmizləyənlərə də şamil olunmalıdır”

SOSİAL 18 iyl 2023, 17:14
“Minatəmizləmə ilə məşğul olanlarçün həyat sığortası qanunları qəbul edilməlidir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O bildirib ki, minatəmizləmə ilə məşğul olanlar ən təhlükəli işdə çalışır.

Fazil Mustafa qeyd edib ki, bunu sığorta ilə bağlı qanunvericilik çərçivəsində həll etmək lazımdır:

“Minatəmizləyənlər həqiqətən riskli işlə məşğuldurlar, həyatları təhlükə ilə üz-üzədir. Hərbçilərə edilən güzəştlərin əksəriyyətini minatəmizləyənlər üçün də tətbiq etməliyik. Bu peşəyə kadrların gəlməsi üçün həm də maddi təminat bazası olmalıdır”. 

Deputat qeyd edib ki, risk altında çalışan bu insanların həm də “Böyük Qayıdış”ın sürətlənməsində əhəmiyyətli payı var:

“Bunu nəzərə almaq lazımdır. Ona görə də təklif etdim ki, onların həyat sığortası məsələsi bir daha nəzərdən keçirilsin. Daha yüksək təminat nəzərdə tutan maddələr müvafiq qanunvericiliyə əlavə edilsin. Bu peşə sahəsindəki həyat riskini ən azından maddi kompensasiya ilə dəyərləndirə bilərik. Peşəyə axın da, beləliklə, artacaq”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top