İmtahanlarda az bal toplayanlara XOŞ XƏBƏR

SOSİAL 11 iyn 2023, 00:25
Azərbaycanda cari tədris ili üzrə ali məktəblərə qəbul ballarının azaldılması proqnozlaşdırılır. Buna əsas kimi ötən illə müqayisədə builki imtahan nəticələrinin aşağı olması və plan yerlərinin artırılması göstərilir.
 
Bəs qəbul balları nə qədər azaldıla bilər?
 
Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan təhsil eksperti Elçin Efəndi hesab edir ki, keçid ballarının enməsi ötən ilin göstəriciləri üzrə 590 baldan yuxarı olan ixtisaslarda müşahidə olunacaq.
 
“Bu il nəticələrin aşağı olduğunu deyə bilmərik. Çünki nəticələr keçən ilin göstərici ilə təxminən eynidir. Hətta bəzi parametrlərdə builki nəticələr daha yaxşıdır. Sadəcə plan yerlərinin artırılması müvafiq ixtisaslar üzrə formalaşan keçid ballarına təsir edə bilər. Yəni bir çox ixtisaslarda enmə müşahidə oluna bilər. Amma bu, o demək deyil ki, nəticələr zəif olub. Biz nəticələrin zəif olub-olmadığını ümumi statistik göstəricilər ictimaiyyətə elan olunduqdan sonra deyə bilərik. Fikrimcə, 700 bal toplayan olmadı deyə, yaxud hansısa imtahanda maksimal nəticə toplanmadı deyə, nəticələrin aşağı olduğunu söyləmək düzgün olmazdı. Bu amil mütləq nəzərə alınmalıdır. Keçid ballarının necə olacağına gəlincə, qeyd edim ki, bu, plan yerlərinin hansı ixtisaslar üzrə hansı istiqamətlərdə nə qədər artacağından asılıdır. Bunun əsasında bəzi ixtisaslarda enmə müşahidə oluna bilər. Lakin nə qədər enmə, yaxud artım olacağını ümumi nəticələrin statistik təhlili əsasında demək olar. Ümumilikdə isə hazırda onu demək olar ki, enmə 590 baldan yuxarı olan ixtisaslarda gözlənilir”, - Elçin Əfəndi proqnozlarını açıqlayıb.
 
Təhsil eksperti Kamran Əsədov isə bu il ali təhsil müəssisələrinə aşağı balla qəbul olunan abituriyentlərin sayında artım olacağını düşünür.

O fikirlərini belə izah edib: “İlk növbədə qeyd edim ki, artıq ali təhsil müəssisələrinə buraxılış imtahanları aprel ayında başa çatıb. Həmçinin birinici blok imtahanları iyun ayında keçirilib. Artıq 2-ci və 3-cü ixtisas qrupları üzrə nəticələr məlumdur. İlkin nəticələrə görə, Azərbaycanda maksimal bal olan 700 bal toplayan yoxdur. Yəni 2-ci və 3-cü ixtisas qrupları arasında maksimum nəticə qeydə alınmayıb. Həmçinin imtahanın birinci və ikinci mərhələsi üzrə ayrı-ayrılıqda maksimal bal toplayan abituriyent də görməmişik. Bu isə əvvəlki illərlə müqayisədə nəticələrin aşağı olduğunu deməyə əsas verir. Amma bunlar hələ ilkin nəticələrdir. Qarşıda ikinci şans imtahanının nəticələri var. Həmçinin apellyasiyaya müraciət etmiş abituriyentlər də vardır. Əlbəttə, apellyasiya sayəsində nəticələrin müəyyən qədər dəyişməsini gözləyirik. Buna baxmayaraq əlimizdə olan ilkin informasiyaya istinadla deyə bilərik ki, bu il ali təhsil müəssisələrinə əvvəlki illərlə müqayisədə daha aşağı ballarla qəbul olmaq mümkün olacaq”.
 
Ekspertin sözlərinə görə, qəbul ballarının aşağı salınmasının bir neçə səbəbi var:
 
“Birinici səbəb mart və aprel ayında keçirilən imtahanlarda test tapşırıqlarının müəyyən qədər çətin olması və abituriyentlərin əvvəlki illərlə müqayisədə aşağı bal toplamasıdır. Yəni yüksək bal toplayanların sayında olan azalmalar balların enməsinə müəyyən qədər təsir göstərəcək. İkinci səbəb isə ali təhsil müəssisələrinə qəbul plan yerlərinin kəskin şəkildə artmasıdır. Belə ki, ödənişsiz, dövlət sifarişli plan yerlərinin sayı bu il 27 min olacaq. Müqayisə üçün qeyd edim ki, 2019-cu ildə bu rəqəm çox aşağı idi. Bu il ali təhsil müəssisələrinə qəbul plan yerlərinin sayının artması, həmçinin dövlət sifarişli plan yerlərinin sayının kəskin şəkildə artması nəticəsində abituriyentlər daha aşağı ballarla ali təhsil müəssisələrinə qəbul ola biləcəklər. Balların daha çox birinci ixtisas qrupunda enməsini gözlənilir. İnformsiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri, kompüter mühəndisliyi ixtisaslarında ciddi bal enməsini müşahidə edəcəyik. Çünki bu il birinci ixtisas qrupuna informatika fənni əlavə olunub. Bu, o deməkdir ki, informatika fənnindən imtahan verənlər o qədər də hazırlıqlı deyillər. Əvvəllər abituriyentlər kimya fənni ilə imtahan verərək qəbul olurdurlar. Amma bu il informatika nəticələri əsas götürüləcək. Bu, birmənalı şəkildə birinci ixtisas qrupunda bütün ixtisaslar üzrə kəskin şəkildə balların enəcəyini deməyə əsas verir. Həmçinin ümumi plan yerlərinin artması ali məktəblərə daha az balla qəbul olan abituriyentlərin olmasını qaçılmaz edir”.
 
Təhsil eksperti Namiq Hacıheydərli də keçid ballarının enməsinin gözlənilən olduğunu söyləyib.
 
“Bu il qəbul ballarının aşağı enməsi gözləniləndir. Mart ayında keçirilən buraxılış imtahanlarının sualları bir qədər çətin oldu. Digər tərəfdən heç kimə sirr deyil ki, son bir neçə ildə Azərbaycanda təhsilin keyfiyyəti aşağı düşüb. Bu səbəbdən buraxılış imtahanlarında abituriyentlərin balları gözlənilən nəticəni vermədi. Digər tərəfdən bu il üçüncü ixtisas qrupuna sənəd verən abituriyentlərin sayı əvvəlki illərdən azdır. Bu və digər hallar keçid ballarının aşağı salınmasını zəruri edir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top