Problemli kreditlərin çoxluğunun ƏSL SƏBƏBİ —Yüksək faizlər, yoxsa...?

GÜNDƏM 27 may 2023, 22:27
Azərbaycan Mərkəzi Bankının açıqladığı son rüblük hesabatda, problemli kreditlərin həcminin 600 milyon manata çatdığı əks olunub. 

Bildirilir ki, bu həcm 2023-cü ilin may ayının 1-nə qədər 591.8 milyon manat təşkil edib, aprel ayının 1-i ilə müqayisədə 0,2 % artıb, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 12.3% azalıb. 

Qeyd edək ki, problemli kreditlərin 73.8%-i və 436,6 milyon manatı milli valyutada, 26.2%-i və ya 155.2 milyon manatı isə xarici valyutada olub.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, ölkədə problemli kreditlərin faizində ötən illə müqayisədə azalma baş verir.
Ən böyük problemli kreditlərin ilk dəfə devalvasiya dövründə yarandığını xatırladan ekspert qeyd edib ki, 2019-cu ildə tüğyan edən pandemiya zamanı bu rəqəm daha da artdı və vəziyyət post-pandemiya dövrünə qədər davam edib:

“Artıq bu sahədə vəziyyət nisbətən düzəlməyə başlayıb. Bu da onunla əlaqədardır ki, həm devalvasiyadan, həm də pandemiyadan sonra banklar qarşısında daha da sərt şərtlər qoyuldu. Əvvəlcə vətəndaşların ödəmə qabiliyyəti analiz edildi və sərt yanaşmalar tətbiq olundu. Hazırda da həm istehlak, həm də digər kreditlərlə bağlı ciddi araşdırma aparılır və müştərinin ödəmə qabiliyyəti əsas götürülür. Bu gün problemli kreditlər dünyanın bir çox ölkələrində var. Bəzən insanlar gəlirlərini hesablamadan, öhdəlikləri barədə düşünmədən kreditlər götürürlər ki, bu da sonradan maliyyə problemlərinin yaşanmasına səbəb olur”.   

Eyyub Kərimlinin sözlərinə görə, faizlərin yüksək olması, problemli kreditlərin yaranmasına səbəb olur:  

“Həm Türkiyə və Gürcüstan kimi qonşu dövlətlərlə, həm də Avropa ölkələri ilə müqayisə etsək, bizdə kredit faizlərinin çox yüksək olduğunu görərik. Bəzən bu göstərici biznes kreditlərində 17-18 faizə qədər, istehlak kreditləri isə 24 faizə qədər artır. Bu baxımdan da Azərbaycanda faizlərin aşağı düşməsinə böyük ehtiyac var”.

Ekspert düşünür ki, kredit faizlərinin çox olması bankların depozitlərdən asılı olması ilə əlaqədardır:

“Onlar əhalidən yüksək faizli depozitlər cəlb edir və bunu öz xidmət haqlarının üstünə tətbiq etməklə kreditlər verirlər. Ötən aya nisbətən bu ay problemli kreditlərin faizlərində cüzi artımlar baş versə də, bu, elə də təhlükəli deyil və yəqin ki, cari ilin sonuna qədər vəziyyət düzələcək”. 

Ölkədə bankların kredit portfelinin artıq 19 milyard manata çatdığını deyən E.Kərimli, bunun 2 faizdən çoxunun biznes kreditlərinin üzərinə düşdüyünü vurğulayıb: 

“Bunun 24 faizini istehlak krediti, 15 faizini isə ipoteka kreditləri təşkil edir. Həm bu baxımdan, həm də maddi vəziyyətləri səbəbindən vətəndaşlar kreditlərin ödənişində problemlər yaşamalı olurlar və çox zaman ödəmə qabiliyyətlərini tamamilə itirirlər. Hazırda problemli kreditlərin ümumi kreditlər portfelinə nisbəti 3 faizdir ki, bu elə də böyük rəqəm deyil. Ötən il isə bu rəqəm 3,8 faiz səviyyəsində olmuşdu”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top