Vahid Əhmədov Qubanın 2 kəndində seçiciləri ilə görüşdü — FOTOLAR

SOSİAL 26 may 2023, 13:07
Millət vəkili Vahid Əhmədov deputat seçildiyi Quba  rayonunun Talabıqışlaq və Vəlvələ kəndlərində seçiciləri ilə görüş keçirib.
 
İlk görüş Firuz Heybətov adına Talabıqışlaq kənd tam orta məktəbinin binasında keçirilmişdir.Görüşdə Talabıqışlaq,Küçeyi,Cağacuq,Xaroşa,Baş Talabı və Töhmər kənd sakinləri iştirak edib.Seçicilər deputatın Milli Məclisdəki fəaliyyətini yüksək qiymətləndirərək,ona vətəndaşların problemlərini daim işıqlandırdığı və onların həlli istiqamətində müsbət addımların atılmasına nail olduğu üçün xüsusi minnətdarlığını bildirib. Daha sonra,kənd sakinləri öz təkliflərini veriblər.



Xaroşa kənd sakini Samir Babayev kənddə əsas problemin  qaz və yol ilə bağlı olduğunu bildirib.Vahid Əhmədov Quba ərazisi üzrə qazlaşmanın aşağı səviyyədə olduğunu bildirərək,bu ildən etibarən bir çox kəndlərin və yeni salınan məhəllələrin qazlaşma üzrə planda olduğunu qeyd edib.Talabıqışlaq kəndinin isə artıq qazla təchiz olduğunu və bu kəndin Xaroşa ilə 1 km məsafədə yerləşməsini əsas tutan millət vəkili, Xaroşa kəndində yeni inşa olunan məhəllənin qazlaşması məsələsini Azəriqazın rəhbərliyi ilə müzakirə edəcəyini bildirib.Millət vəkili kəndin yol probleminin həllinin isə gələn il üçün nəzərdə tutulduğunu bildirib.



Küçeyi kənd sakini Ayəddin Qürbətov isə kənd məktəbi üçün yeni tədris binasının inşasını və kənddə ekoloji təhlükə törədən meşələrin qırılması məsələsini qaldırıb. Vahid Əhmədov məktəb üçün yeni tədris binasının inşası məsələsi ilə əlaqədar Elm və Təhsil nazirliyinə müraciət edildiyini və nazirliyin mütəxəssisləri tərəfindən təhsil müəssisəsinə baxış keçirildiyini bildirib.Mütəxəssislər də məktəbin uzun müddət təmir olunmadığından aşınmaya məruz qaldığını təsdiqləyərək yeni tədris binasının inşasının məqsədəuyğun hesab edildiyini və növbəti illərin Dövlət İnvestisiya Proqramları çərçivəsində məsələyə baxılacağını bildirib.Kənddəki meşələrin qırılması probleminin həlli üçün isə millət vəkili Ekologiya və Təbii Sərvətlər nazirliyinə məsələnin ətraflı araşdırılması və həlli istiqamətində nazirlik tərəfindən komissiya göndərilməsi üçün müraciət ediləcəyini qeyd edib.Baş Talabı kəndinin sakinləri isə kənddə mövcud olan internet probleminin həllini deputatdan xahiş ediblər.Vahid Əhmədov məsələnin həlli ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinə müraciət olunacağını bildirib.



Həmin gün, millət vəkili növbəti görüşünü Vəlvələ kəndində ətraf 6 kəndin sakinlərinin iştirakı ilə keçirmişdir.Görüşdən öncə Vahid Əhmədov yeni inşa olunan Vəlvələ kənd tam orta məktəbinin tikintisi ilə tanış olub.Tikinti işlərinin bu ilin sonuna qədər  yekunlaşacağı və yeni məktəb binasının istifadəyə veriləcəyi qeyd edilib.Daha sonra,millət vəkilinin Vəlvələ kəndində seçiciləri ilə görüşü başlayıb.



Vəlvələ kənd sakini Gülnəzər Paşayev hər zaman Quba bölgəsinin inkişaf və rifahı üçün əlindən gələni edən Vahid Əhmədova öz minnətdarlığını bildirərək,ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Gədikqışlaq kənd sakinləri isə kənddə uzun müddətdir mövcud olan su probleminin həll olunmasında xüsusi təşəbbüs göstərən millət vəkilini alqışlayıblar.Bərqov kənd sakinləri isə kənd yolunun asfaltlanması məsələsini qaldırıb.Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi ilə  məsələni müzakirə edən millət vəkili, gələcək ildə yolun asfaltlanması məsələsinə baxıla biləcəyini qeyd edib.İsnovqışlaq kənd sakinləri isə kənddə mövcud olan tibb məntəqəsində fəaliyyət göstərən tibb işçilərinin çatışmazlığının aradan qaldırılması üçün millət vəkilinə müraciət edib.Vahid Əhmədov məsələ ilə əlaqədar müvafiq orqana müraciətin hazırlanması üçün köməkçiyə tapşırıq verib.



Görüş başa çatdıqdan sonra, millət vəkili ikinci Qarabağ müharibəsi qazisi Səyyad Cəfərlinin Vəlvələ kəndindəki evini ziyarət edərək qazinin ev  şəraiti ilə tanış olub.Millət vəkili,qazinin ev şəraitinin yaxşılaşdırılması üçün rayon rəhbərliyi ilə birgə əlindən gələni edəcəyinə söz verib.



Görüş zamanı millət vəkili Vahid Əhmədov  prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın apardığı uğurlu siyasəti qeyd edərək bu işləri  dəstəkləməyə çağırış etmişdir.

Görüş zamanı vurğulanan  məsələlər  rayon icra hakimiyyətinin  başçısı Ziyəddin Əliyevlə hər zaman müzakirə edildiyi və birgə qərarların qəbul edildiyi görüş iştirakçılarının diqqətinə çatdırılmışdır.

Görüşlərin nəticəsi olaraq,millət vəkili bütün qabardılan məsələlər barəsində köməkçiyə  məsələlərin həlli istiqamətində müraciətlər hazırlamağı tapşırıqlar vermişdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top