Oğlan mesajları silən sevgilisinə xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 25 may 2023, 17:21
Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Rauf şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı sevgilisi Gülnarəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Raufun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rauf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Gülnarə onun qeyri-rəsmi münasibətdə olduğu qadındır: 

“Gülnarə ilə təxminən 1 ildən çoxdur ki, tanış olmuşam. Elə həmin müddətdən etibarən birlikdə qeyri-rəsmi olaraq ərarvad kimi yaşadıq. Aramızda tez-tez münaqişələr yarandı. Gülnarə məndən dəfələrlə polisə şikayət etdi. Lakin sonradan məni bağışladı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günündən əvvəlki gün Gülnarənin övladının ad günü olub: 

“Ad günü münasibətilə ona çoxlu təbriklər gəldi. Hadisə günü, təxminən saat 16.00-da evdə olan zaman həmin mesajları oxumaq üçün telefonunu Gülnarədən istədim. Lakin Gülnarə mesajların çoxluğu səbəbindən onları sildiyini bildirdi. Bu məsələ üstündə aramızda sözlü mübahisə yarandı. Eləcə də Gülnarə son zamanlar bir nəfər şəxs ilə yazışması barədə şübhələndim. Gülnarədən bu barədə soruşduqda, o heç kəslə yazışmadığını bildirdi. Münaqişə zamanı Gülnarənin hərəkətlərindən əsəbləşdiyim üçün əl zərbələri ilə onun başına zərbə endirdim. Gülnarə zərbələrdən sonra müvazinətini itirərək yerə yıxıldı və başı taxtın kənarına dəyərək qanamağa başladı. Həmin vaxt Gülnarə məndən şikayət edəcəyini bildirdi. Mən isə evdən getdim. Sonradan mənə məlum oldu ki, Gülnarə barəmdə polis bölməsinə şikayət ərizəsi yazıb”.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.  Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılıb.

Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün saat 07.00-dək yaşadığı ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top