Bakıda 20 yaşlı oğlan bacısına xəsarət yetirdi — TƏFƏRRÜAT

HADİSƏ 16 may 2023, 15:22
Bakının Xətai rayonunda 2002-ci il təvəllüdlü Əfqan ailə münaqişəsi zəminində bacısı Rəfiqəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Əfqan yaşadıqları evdə bacısı Rəfiqə ilə mübahisə edib. Mübahisə zamanı bacısının saçından tutaraq yolub, yumruq və təpiklə baş,  bədən nahiyələrinə vurub. 

Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, taksi fəaliyyəti ilə məşğul olur: 

“Hadisə günü, təxminən səhər saatlarında anamın yaşadığı evə getdim. Pul lazım olduğu üçün anam Vəsilədən pul istədim. Anam isə pulu olmadığını dedi. Buna görə də əsəbləşərək evdən getdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin tarixdə təxminən saat 18 radələrində bacısı Rəfiqə ona zəng vurub: 

“Nə üçün anamı narahat etməyimi dedi, mənimlə yüksək səslə danışdı. Mən isə səs tonunu aşağı salmasını, mənimlə normal şəkildə danışmasını bildirsəm də, əksinə ünvanıma nalayiq ifadə işlətdi. Öz növbəmdə əsəbləşərək axşam evə gələndə dediyi sözləri üzümə qarşı deməsini bildirdim. Həmin gün, təxminən axşam saat 19 radələrində bacımın yaşadığı evə gəldim. Evə daxil oldum və bir başa bacımın yataq otağına keçdim. Rəfiqəyə sual verərək, mənimlə telefonda nə üçün kobud danışmasını soruşdum. O, yenə də mənə kobud cavab qaytardı. Ona görə də əsəbləşdim. İlk öncə Rəfiqənin saçından tutdum, daha sonra yumruqla baş və bədən nahiyələrinə, təpiklə isə qarın və ayaq nahiyələrinə vurdum”. 

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Rəfiqənin sözlərinə görə, tibb bacısı işləyir: 

“Qardaşım məndən ayrı evdə kirayədə yaşayır. Əfqan taksi fəaliyyəti ilə məşğul olur. Vaxtaşırı bizə gəlir. Hadisə günü, təxminən səhər saatlarında qardaşım bizə gəlib və anamdan borcu olduğu üçün pul istəyib. Həmin gün, axşam saat 18 radələrində evə gəldim. Anam qardaşımdan şikayətləndi. Qardaşıma zəng vurdum. Ona bir daha bizə gəlməməsini, anamı narahat etməməsini bildirdim. O,  isə mənə kobud cavab qaytardi. Evə gələrək məni döyəcəyini bildirdi”. 

Rəfiqə qeyd edib ki, təxminən saat 19 radələrində evdə olan zaman qardaşı evə gəlib: 

“Mən öz otağımda olan zaman icazəsiz içəri girdi. Daha sonra onun ünvanıma nalayiq ifadələr işlətdi. Əli ilə saçımdan tutaraq yoldu, həmçinin yumruqla bir neçə dəfə baş və bədənimin müxtəlif nahiyələrinə, təpiklə isə qarın, ayaq nahiyələrimə vuraraq bədən xəsarətləri yetirdi. Məni döyüb otaqdan çıxdıqdan sonra anam gəldi. Nə baş verdiyini soruşdu. Mən isə Əfqanın məni döydüyünü dedi. Anam Əfqanın arxasınca səsləndikdə, artıq evi tərk etmişdi”. 

Bu cinayət işinə Səbail rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Əfqanın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top