İdmançını qətlə yetirən müstəntiq oğlu şikayətçidir MƏHKƏMƏ

KRİMİNAL 09 may 2023, 11:38
Bakının Xətai rayonunda idman zalında qətl törətməkdə təqsirli bilinən Əli Abbasovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan iclasda apellyasiya şikayətinin dəlilləri müəyyən edilib. 

Məhkəmə baxışı mayın 17-nə təyin olunub.  

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Abbasov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Əli Abbasovun vəkili apellyasiya şikayəti verib. Onun cəzasının yüngülləşdirilməsini istəyib. 

İttihama görə, ötən il martın 1-də paytaxtın Xətai rayonu ərazisində 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Müəyyən edilib ki, Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən həmin zalda idman edən Bəxtiyar Nəsibovla bir-birilərinə baxmaq səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu ona sağlamlığına qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirdikdən sonra o, qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovu üzərində gəzdirdiyi bıçaqla sonuncunun döş qəfəsinin sol yan nahiyəsindən xəsarətlər yetirərək qəsdən öldürüb.

İstintaq orqanı tərəfindən Əli Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Daha sonra onun cəzası ağırlaşdırılıb. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddələri ittiham verilib.

Qeyd edək ki, təqsirləndirilən Əli Abbasovun anası Maral Əliyeva Xətai rayon Polis İdarəsində müstəntiq işləyib. Qətlə yetirilən Bəxtiyar Nəsibov idmançı olub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top