İddia: Sabiq deputat vətəndaşın 200 minə yaxın pulunu qaytarmır — “Tələyə düşmüşük...”

SOSİAL 05 may 2023, 16:18
“Kəpəz-M” MTK-nın sahibi, keçmiş millət vəkili Mahir Aslanov Xırdalan sakini Hüseynağa Heydərovun 200 min manata yaxın pulunu qaytarmır.

Demokrat.az
xəbər verir ki, bu barədə H.Heydərov Pravda.az-a ünvanladığı şikayətində bildirib.

Onun sözlərinə görə, Xırdalanda Heydər Əliyev prospekti 596A ünvanında “Kəpəz” MTK-ya məxsus 12 mərtəbəli binadan üç mənzil alıb:

“Mənzillərin çıxarışı da əlimdədir. Sonradan məlum oldu ki, aldığım evlərin üçü də ayrı-ayrı adamlara satılıb. Evi alanlardan biri çıxarış üçün aidiyyatı üzrə müraciət edəndə xəbər tutmuşdu ki, aldığı mənzili ondan əvvəl mən almışam. “Kəpəz” MTK-nın Xırdalanda ofisi var. Şirkət açıqlama verdi ki, guya mənzilləri işçi onlardan xəbərsiz satıb, pulunu alıb cibinə qoyub. Şirkət polisə şikayət etdi, işçisini həbs etdirdi. Evimizi isə qaytarmırlar. İki ildir, hələ məhkəmə gedir, haqqımızda heç bir qərar verilmir. İşçi məhkəmədə ifadə verdi ki, mənzillərin pulunu baş mühasibə verib. Məsələ bu cür də qalıb. Əlimizdəki sənədləri məhkəməyə təqdim etmişik. Müraciət etmədiyimiz qurum qalmayıb. Ağır Cinayətlər Məhkəməsi şirkətin işçisinə 8 il 6 ay həbs cəzası verib. Bir ildir, bizim məsələmiz Apellyasiya Məhkəməsindədir. Mahir Aslanovun qəbulunda olmuşam. Dedi ki, məsələ mənlik deyil, get pulunu kimə vermisənsə, ondan al. Azərbaycanda “Kəpəz” adı altında nə varsa, hamısı Mahir Aslanovundur. Bu şirkətin biabırçılıqları haqqında mətbuatda xeyli materiallar paylaşılıb. Mahir Aslanovun dünyanın beş ölkəsində biznes şəbəkəsi var. Mənzil almaq üçün əvvəlcə şirkətin Xıradalandakı ofisindən maraqlanmışdım. Təriflədilər, dedilər ki, sahibi keçmiş millət vəkilidir, biznesmendir. Mən də inandım. Sonra saytlarda yazılan xəbərlər barədə məlumatım oldu. Onun əmisi oğlu Natiq Aslanov Naftalanın icra başçısı idi, onu da işdən çıxarıblar. İndi bizdə bunların tələsinə düşmüşük, 200 min manata yaxın pulum batıb, kimə müraciət edəcəyimi bilmirəm. Müraciətlərimin heç bir xeyri yoxdur”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top