Cəlilabadda təndirxanada ər-arvad arasında dava — TƏFƏRRÜAT

KRİMİNAL 27 apr 2023, 16:37
Cəlilabad rayonunda 1984-cü il təvəllüdlü Akif ailə münaqişəsi zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Süsənə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 12-də baş verib. 

Akif həmin gün saat 11 radələrində arvadı Süsən ilə sonuncunun işlədiyi təndirxananın yerləşdiyi Göytəpə şəhəri Qurtuluş küçəsi 122 ünvanında yerləşən evin həyətində aralarında ailə məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı şillə və yumruqla onun baş, üz nahiyəsinə qəsdən vurub. 

Süsən almış olduğu zərbənin təsirindən yerə yıxılması nəticəsində müxrəlif dərəcəli xəsarətlər alıb. 

İstintaq orqanı tərəfindən Akifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Akif elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Süsən ilə 2007-ci ildə ailə qurub: 

“Birgə nikahımızdan 3 azyaşlı övladımız var. Yanvarın 12-də arvadım işlədiyi təndirxanada mənə pul verdi ki, gedib uşaq üçün ayaqqabı alım. Mən də uşaqla birlikdə dükana getdim, 23 manata bir ayaqqabı aldım. Lakin baldızım Mətanət ayaqqabını bəyənmədi və aparıb qaytarmağımı bildirdi. Odur ki, gedib ayaqqabını qaytararaq yenidən təndirxanaya gəldim. Arvadım məndən pulu istədi. Bildirdi ki, bacısı Qəşəngül Cəlilabad şəhərinə gedəcək, uşaq da onunla gedib, oradan baxıb alarlar. Mən də cavab verdim ki, uşağın atası mənim, heç kim ağsaqqallıq etməsin. Özüm aparıb ona ayaqqabı alacam. Sonra da uşaqla birlikdə evə gəldim”. 

Təqsirləndirilən şəxs deyib ki, evdə olarkən arvadı ona  zəng edib: 

“Bildirdi ki, bacısı Cəlilabad şəhərinə gedir, uşağı gətirimn, onunla ayaqqabı almağa getsin. Yenə də arvadıma etiraz etdim. Bu zaman arvadım mənim polislə hədələdir. Evə gəlməsini bildirsəm də, arvadım axşam gələcəyini söylədi. Odur ki, özüm təndirxanaya getdim. Orada aramızda sözlü mübahisə yarandı. Mübahisə zamanı arvadım sağ sifət nahiyəmə şillə vurdu. Mən də arvadımın baş nahiyəsinə şillə-yumruqla bir iki zərbə vurdum. Arvadım yerə yıxılaraq qışqırdı. Səsə arvadımın təndirxanada işləyən bacısı əlində çalovla gəldi”. 

Bu cinayət işinə Cəlilabad rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Akifin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top