“Milyonlarla yeyinti aşkarlandı, Ramiz Mehdiyevə yazdım, amma...” — Alimlərin işində YENİ FAKTLAR

KRİMİNAL 30 mar 2023, 11:44
Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları, tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə Səbuhi Hüseynov zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmədə iştirak etməməsinə etiraz edib. 

Həm onun özü, həm də vəkili zərərçəkmiş şəxsin vəkilinin iştirak olmadan məhkəmənin davam etdirilməsini istəməyiblər. 

Səbuhi Hüseynovun vəkili bildirib ki, zərərçəkmiş tərəfin nümayəndəsinin prosesdə iştirak etməsi vacibdir: 

“Çünki bizim bu ifadələrlə bağlı zərərçəkmiş şəxsin nümayəndəsinə suallarımız olacaq. Amma onun ifadələri dinləmədən suallarımızı necə cavablandıracaq. İstəririk ki, nümayəndə məhkəmədə səslənən ifadələri dinləsin”.

Hakim isə bildirib ki, məhkəmə zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmənin davam etdirilməsi barədə qərar qəbul edib. 

Vəkilin israrla nümayəndənin iştirak etməsi hakimlə mübahisə etməyə səbəb olub. Hakim vəkilə iki dəfə xəbərdarlıq edib. 

Daha sonra Səbuhi Hüseynov hakim Azad Məcidovun suallarını cavablandırıb. Hakim təqsirləndirilən şəxsin diqqətinə çatdırıb ki, ekspedisiya işləri hansı hallarda, hansı rayonlarda olub: 

“Bundan başqa, 2016-cı ildə 60 ekspetiza olub. Nəyi icad edibsiz? Dövlətə hansı xeyiri gətiribsiz? Hər ekspedisiya olan 10 gün ərzində nə edibsiz?”.

Səbuhi Hüseynov ona ünvanlanan bu suallara cavab olaraq deyib ki, Tərtər, Ağcabədi və Sabirabad rayonlarında ekspedisiya işləri həyata keçiriblər: 

“1000-dən çox abidənin yerini müəyyən etmişik, tədqiqatını aparmışıq. Abidələrin hansı irsə aid olmasının araşdırmışıq. Bu bir az çətin olub. Çünki elə abidələr var ki, dağıdılıb. Ağdam rayonun işğaldan azad olunmuş hissəsində də icazə əsasında gedərək işlər görmüşük”.

Hakim Səbuhi Hüseynovdan təkcə 2019-cu ildə ekspetiza işlərinin aparılması zamanı harada qalması ilə maraqlanıb. 

Deyib ki, ekspedisiyanın tərkibində olan 15 nəfər harada qalıb, harada nahar edib?

Təqsirləndirilən şəxs bildirib ki, 2019-cu ildəm Ağdam, Bərdə, Ağcabədi və Tərtər rayonlarında ekspetiza həyata keçiriblər. 

Deyib ki, ekspedisiyanın üzvləri gəlməyib, bu işləri yalnız görüb. 
Hakim ondan harada gecəlməsini soruşub. 

O, isə bu müddət ərzində bacanağının evində qalıb. Hakim isə maraqlanıb ki, 4 rayonda ekspedisiya keçiribsiz, hər rayonda bacanağınız var? 

Səbuhi Hüseynov isə deyib ki, bacanağı Bərdə rayonunda yaşayıb. 

Onun sözlərinə görə, ekspedisiya başqa rayonlarda keçirsə də, gecələmək üçün Bərdə rayonuna gəlib: 

“Bizə təkcə qidalanmaq üçün pul verilib. Amma otel pulu olmayıb. Bizə gecələmək üçün otel pulu verilməyib. Yalnız sənəddə günlük 5 manat ev icarə götürmək üçün pul nəzərdə tutulsa da, amma həmin pul bizə verilməyib”. 

Hakim:

-Sizin maşınız olub?

-Bəli.

-Markası nə olub?

-“Kia”.

-Həmişə “Kia” olub?

-Ekspetiza keçirilən dövrdə “Kia” olub, sonradan “Hundai” almışam. 
Ekspedisya keçirmişəm. Günün  sonunda isə bacanağımgilə getmişəm.

-Rayonlar arasında məsafə nə qədər olub?

-40 kilometr olub. 

-Belə çıxır ki, siz cibinzidən pul xərcləmisiz? Məqsədiniz nə olub?

-Məqsədim təşviqat aparmaq olub. Buna görə də cibimdən də pul xərcləmişəm. 

-Gördüyünüz işlərlə bağlı hansı addımları atıbsız?

-Məqalələr, hesabatlar hazırlamışıq. Həmin məqalələri də instituta təqdim etmişəm. Institutda həmin məqalələri, hesabatları Mədəniyyət Nazirliyinin Mədəni İrslərin qorunması xidmətinə göndərib.
 
Bu zaman hakim deyib ki, iş materiallarında mədəni irslərin qorunması xidmətinin istintaq orqanına göndərdiyi məktub var. 
Həmin məktubda qeyd olunub ki,abidələrin ekspedisiyanın keçirilməsi ilə bağlı hər hansı bir sənəd təqdim olunmayıb.
 
Səbuhi Hüseynov isə bildirib ki, öz təşəbbüsü ilə həmin xidmətə müraciət edib və xidmətin sektor müdiri Pərviz Nəcəfzadə onlara təqdim olunan hesabatlarla bağlı sənədin sürətini verib. 

O, xidmətin rəisi Könül Cəfərovanın imzası ilə olan sənədi məhkəməyə təqdim edib. Hakim isə həmin sənədi iş materiallarına əlavə etdiyini, gələcəkdə tədqiq olunacağını deyib.

Daha sonra suallara cavab verən Səbuhi Hüseynov deyib ki, təkcə Ağcabədi və Ağdam rayonlarında 150-dən çox abidələrin  yeri bəlli deyil. 

Bundan sonra ifadə verən digər təqsirləndirilən Gülüstan İsayeva ona verilən ittiham üzrə özünü təqsirli bilməyib. 

O deyib ki, Etnoqrafiya və Antropologiya İnstitutunda 2012-ci ildən işə başlayıb, 2015-ci ildən 2021-ci ilə qədər kadrlar şöbəsində işləyib. 
Misə Rəhimova isə Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru olub: 

“İşlədiyim müddət ərzində işimlə bağlı heç bir nöqsan olmayıb. Maisə Rəhimova qohumlarının, tanışlarının adına staj yazıb, onlara əməkhaqqı verib. Hətta xaricdə yaşayan adamlara belə əməkhaqları verilib. Bütün bu qanunsuzluqlara etiraz etmişəm. Maisə Rəhimova qohumlarına, özünə ən yüksək məbləğlərdə mükafatlar yazıb. Elə işçilər olub ki, kadrlar şöbəsinin işçisi kimi onları heç vaxt görməmişəm, tanımamışam”.

Gülüstan İsayevanın sözlərinə görə, 2021-ci ildə baş verən qanunsuzluqlarla bağlı akademiyanın prezidenti Ramiz Mehdiyevə şikayət ünavanlayıb: 

“Bizim şikayətimizə müsbət yanaşıldı. Akademiyanın o vaxtkı aparat rəhbəri dedi ki, məsələ ciddi araşdırılacaq, əgər cinayət faktı müəyyən olunsa, o zaman hüquq-mühafizə orqanlarına məlumat veriləcək. Bundan sonra yoxlama aparıldı, milyonlarla yeyinti faktları aşkarlandı. Bununla bağlı arayış tərtib edildi, bu faktlar da həmin arayış da öz əksini tapdı. Amma hüquq-mühafizə orqanlarına mlumat verilmədi. Nəticədə qanunsuz olaraq məni işdən çıxardılar. Bundan sonra Maisə Rəhimova mənimlə prinsip aparmağa başladı. Öz adamlarını mənim əleyhimə ifadə verməyi təşkil etdi”. 

Gülüstan İsayeva qeyd edib ki, Arxeologiya və Etnoqrafiya İnstitutunda aparılan yoxlama zamanı 2 milyon 330 min manat mənimsəmə faktı müəyyən edilib. 

Bundan sonra hakim təqsirləndirilən şəxsin diqqətinə çatdırıb ki, hər şeyindən danışdı, amma ittihamdan danışmadı. 

Hakim bildirib ki, Gülüstan İsayeva Səbuhi Hüseynovla əlbir olub, dövlətə məxsus 92 min 700 manat vəsaiti mənimsəyib. 

Bu ittihamı qəbul etməyən Gülüstan İsayeva bildirib ki, 92 min 700 manatı üst-üstə həyatında görməyib. Onun sözlərinə görə, həmin vəsaitdən xəbəri olmayıb. 

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs deyib ki, Ramiz Mehdiyevdən əvvəl də baş verən qanunsuzluqlarla bağlı şikayətçi olub. 

Bildirib ki, hələ 2018-ci ildə akademiyanın prezidenti Akif Əlizadəyə də Arxeologiya və Etnoqrafiya İnstitutunda baş verən qanunsuzluqlarla bağlı şikayət edib: 

“Həmin vaxt şifahi şikayət etsəm də, yoxlama aparıldı. Sonuncu dəfə 2022-ci ilin iyulunda şikayət etdim. Bundan sonra məni işdən çıxardılar. Həmin vaxt Maisə Rəhimova da işdən kənarlaşdırılsa da, onun əlaqələri genişdir. Mənimlə bağlı mübarizəsini davam etdirdi. Çünki onun yerinə təyin olunan şəxs də Maisə Rəhimovaya yaxın olan şəxsdir, onun tanışıdır, işçisi olub”.

Növbəti iclasda Gülüstan İsayevanın tərəflərin suallarını cavablandırması ilə davam edəcək. 

Növbəti iclas aprelin 5-nə təyin edilib. 

İttihama görə, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış vəsaitin 92 min 700 manatını mənimsəməkdə təqsirləndirilir.

Səbuhi Hüseynov və Gülüstan Əliyeva barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Cinayət Məcəlləsinin 179.3.2- ci maddəsi ilə 5 ilə, 308.2-ci maddəsi ilə 7 ilə, 313-cü maddəsi ilə isə 2 ilə qədər cəza nəzərdə tutulub.
Cinayət işi üzrə zərərçəkmiş qismində Azərbaycan Milli Elmlər Akademiyasının Arxelogiya, Etnoqrasiya və Antropoligiya İnstitutu tanınıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top