“Azərbaycançılıq ideologiyası heç bir başqa millətə, xalqa qarşı yönəlməyib”

SİYASƏT 05 mart 2023, 21:38
Azərbaycançılıq – Azərbaycan xalqının bu günə qədər əldə etdiyi milli-mənəvi dəyərlərə sahib çıxmaqdır. Yəni, Azərbaycan dilini, tarixini, mədəniyyətini bilmək, tarixən əldə etdiyimiz dəyərləri mühafizə etməkdir. Azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması əhəmiyyət kəsb edir. Bu ideologiya siyasi və dövlətçilik ideologiyası kimi toplumun və dövlətin inkişafına, güclü olmasına xidmət edir.


Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Demokrat.az-a açıqlamasında bildirib ki, azərbaycançılıq ideologiyası faktiki olaraq müstəqillik dövründə Azərbaycan xalqının vahid güc şəklində birləşməsinə əlavə təkan verib. Onun sözlərinə görə, özəlliklə də Heydər Əliyevin önəmli həyati əhəmiyyətli təşəbbüsü olaraq bu ideologiya həqiqətən də, Azərbaycanda daxildən qarşıdurma, parçalanma, etnik ayrı-seçkilik yaratmaq istəyənlərin qarşısını kəsdi:

"Faktiki olaraq, Azərbaycan xalqı etnik, dini mənsubiyyətindən asılı olmayaraq, bir yumruq kimi birləşməyi bacardı. Nəticə etibarilə Azərbaycan dövlət kimi sabitliyini, inkişafını təmin etdi. Əlavə olaraq, Azərbaycan ordusu getdikcə gücləndi, işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi də, məhz bu ideologiyanın əsas nəticələrindən biri oldu. Yəni, Azərbaycan xalqının hər bir fərdində vahid xalqın nümayəndəsi olmaq hissi möhkəmləndi. Bu da ona gətirib çıxardı ki, insanlar arasında həmrəylik, bir-birinə dəstək hisləri gücləndi. Təbiidir ki, belə bir şəraitdə dövlətlə vətəndaş arasındakı münasibətlər də yetərincə güclü bir şəkildə quruldu və o da qeyd etdiyim kimi Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsinə gətirib çıxardı. Bu baxımdan, azərbaycançılıq ideologiyasının geniş təbliği əlbəttə ki, yerinə düşür. Düşünürük ki, bundan sonra da bu ideologiyanın ayaqda tutulması, daha geniş şəkildə təbliğ edilməsi vacibdir".



Müsahibimiz qeyd edib ki, azərbaycançılıq ideologiyası sadəcə olaraq Azərbaycan Respublikası vətəndaşlarına yönəlik deyil:

"Bu, ümumiyyətlə dünyada yaşayan 50-60 milyonluq bütün azərbaycanlıları bir araya gətirəcək ideologiyadır. Yəni, özəlliklə də Güney Azərbaycanda və bütünlüklə İran coğrafiyasında yaşayan 40 milyonluq Azərbaycan türkləri, eyni zamanda Rusiya və ya Gürcüstan, eləcə də uzaq xarici ölkələrdə yaşayan azərbaycanlılar məhz azərbaycançılıq ideologiyası əsasında vahid bir millətin tərkib hissəsi olduğunu dərk edirlər. O baxımdan, bu ideologiyanın ayaqda tutulması vacibdir. Yəni, bizim gücümüz sadəcə 10 milyonluq xalqdan ibarət deyil, bizim gücümüz dünya üzərində yaşamaqda olan  50-60 milyon sayı olan azərbaycanlıların vahid bir millət duyğusundan qaynaqlanır. Azərbaycançılıq məhz buna xidmət edir və bunu xüsusi vurğulamaq lazımdır ki, azərbaycançılıq ideologiyası heç bir başqa millətə, xalqa qarşı yönəlməyib. Zatən azərbaycançılığın özü mahiyyətində multikultural, bir ideoloji yanaşmadır. Yəni, azərbaycançılığın mahiyyətində etnik kimlik dayanmır. Azərbaycançılığın mahiyyətində Azərbaycan Respublikasının vətəndaşlığı, eyni zamanda tarixi bağlarla Azərbaycana bağlılıq özünü ehtiva edir. Azərbaycanlı olmaq mütləq türk olmaq deyil, yaxud azərbaycanlı olmaq mütləq Azərbaycan Respublikasının ərazisində yaşamaq demək deyil. Azərbaycanlı  olmaq Azərbaycan vətəndaşı olmaq və ya əslən Azərbaycandan olmaq deməkdir. Azərbaycançılıq ideologiyası da məhz bunu təlqin edir, təbliğ edir. Yəni, insanlara yumşaq bir şəkildə onlarln əslinin, nəslinin haradan olması, hara bağlı olması xatırladılır. Eyni zamanda, bir soydan, bir kökdən, bir dövlətdən, bir ölkədən gələn insanların vahid bir güc kimi birləşməsinə əlavə töhfə verir".

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov isə öz növbəsində vurğulayıb ki,  azərbaycançılıq ideologiyası bu gün ölkəni ayaqda saxlayan, eyni zamanda dövlətlə vətəndaşlar arasında körpü yaradan əsas təməl sütunudur:

"Bu gün ölkəmizdə azərbaycançılıq ideologiyasının təbliği yüksək səviyyədə aparılır. Nəzərə almaq lazımdır ki, azərbaycançılıq sadəcə olaraq səthi bir ideologiya deyil. Bu, xalqımızı birləşdirən və siyasi yönündən, inancından asılı olmayaraq hər kəsin kritik məqamında dövlət və dövlətçilik şüuru ətrafında vahid olunmağını özündə ehtiva edir. Bu baxımdan, azərbaycançılıq ideologiyasının təbliği həm də vətənpərvərliyin inkişafı deməkdir. Məhz bu ideoloji təbliğat nəticəsində 44 günlük Vətən müharibəsində ən ucqar kəndlərdə yaşayan gənclərimizdən tutmuş, ən mərkəzi bölgələrində yaşayan gənclərimizə qədər hər kəs Vətən müharibəsinə tək bir amalla gedirdi. Azərbaycançılıq ideologiyası məhz bu coğrafiyada fərqindən asılı olmayaraq, Azərbaycanın hər bir yerindən olan insanlarımızın vahid amal, vahid dövlət ideyası ətrafında birləşməyi ehtiva edirdi. Bu baxımdan, hesab edirəm ki, ailələrdə bu yöndə ideoloji təbliğatın aparılmağının çox mühüm əhəmiyyəti var".



Onun sözlərinə görə, bu təbliğat daha güclü formada bundan sonra da davam edəcək:

"Hesab edirəm ki, müharibə dövründəki  birlik, vətənpərvərlik və bərabərlik postmüharibə dövründə də davam etməlidir. Çünki ölkəmizin qarşısında böyük hədəflər var. Ölkə daxilində Qarabağda geniş yenidənqurma işləri həyata keçirilir. Bu gün Azərbaycan dünyada önəmli siyasi, iqtisadi və digər məsələlərlə bağlı qərarların qəbul edilməsində vacib ölkələrdən biridir. Bu baxımdan hesab edirəm ki, azərbaycançılıq ideologiyasının təbliği ölkədə kifayət qədər yüksək səviyyədədir.

Azərbaycançılıq ideologiyasının dövlət tərəfindən daim gündəmdə tutulması və ön sıralarda olması nəticəsində Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsində öz ali baş komandanının ətrafında sıx birləşdi. Bu gün dünyanın bir çox ölkələrində vətəndaş müharibələri, təhdidlərin mövcud olduğu, müxtəlif ideoloji düşüncə daşıyıcısı olan xalq və millətlərin bir dövlət daxilində dinc yaşamadığı bir dövrdə Azərbaycançılıq ideologiyası həm də özündə tolerantlığı, multikulturalizmi ehtiva edir. Azərbaycançılıq ideologiyası fonunda Azərbaycan xalqının dövlətə və ölkə başçısına sevgisi daim özünü göstərir”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb

Mövzu - Azərbaycançılıq ideyasının təbliği


Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top