Rza Talıbov 50 milyonluq sarayı necə tikib? — VİDEO

GÜNDƏM 06 fev 2023, 18:16
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu, Dövlət Miqrasiya Xidmətində idarə rəisi Rza Talıbov ötən il məzuniyyətə çıxsa da, hazırda Bilgəhdəki 50 milyonluq villasında yaşadığı bildirilir.

Bu barədə Globalinfo.az saytı məlumat yayıb.

Yerli sakinlər deyiblər ki, bu gün Rza Talıbovun sığındığı torpaq sahələri vaxtilə zorla sahiblərindən alınıb və saxta bələdiyyə sənədlərinə əsasən Talıbovların sərəncamına verilib. Bildirirlər ki, Vasif Talıbovun Bilgəhdə prezidentlərə məxsus rezidensiyalara bənzəyən sarayı üçün torpaq sahəsini ona vaxtilə Bilgəh bələdiyyəsinin sədri olan, sabiq deputat Hacı Qalib Salahzadə verib. Əvəzində isə Vasif Talıbov Hacı Qalib Salahzadəni deputat mandatı ilə mükafatlandırılıb.

Ərazi olaraq Bilgəh qəsəbəsinin həmin hissəsi Bilgəh qəsəbəsinin inkişaf planına görə dənizkənarı bulvar tipli çimərlik üçün nəzərdə tutulubmuş. Plana görə, “Amburan” sərhədindən tutmuş Nardaran qəsəbəsinə qədər bulvar olmalı imiş.

Buna baxmayaraq, ərazi saxta bələdiyyə sənədlərinə əsasən Talıbovların və digərlərinin sərəncamına verilib. Vasif Talıbovun sarayının sağında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Hacı Allahşükür Paşazadənin imarətidir. Bütün Qafqazın Şeyxinin qonşusu “AST Telman” ləqəbli iş adamı Telman İsmayılov, onun qonşusu isə “AzNar”ın sahibi Fərhad Əhmədovur. Həmin sırada daha iki imarət var: biri İsgəndər Xəlilova, digəri isə AZAL prezidenti Cahangir Əsgərova məxsusdur.
Talıbovlara məxsus torpaq sahəsi Seymur və Bahar Talıbovların adına rəsmiləşdirilib. Saray Bilgəh qəsəbəsində dəniz sahilində, 110 sot torpaq sahəsində yerləşir. Talıbovlar 110 sot torpaq sahəsinin 7 sotunda üçmərtəbəli saray inşa etdiriblər. Dubaydan xüsusi olaraq palma ağacları gətizdirilərək ərazidə əkdirilib. Torpaq sahəsindən dənizin içinə qədər uzanan körpü də inşa olunub. Həmin körpüdə yay aylarında Talıbovlara məxsus yaxtalar dayanır.

Torpaq sahəsinə gəlincə isə 2007-ci ilin 5 avqust tarixində Bilgəh bələdiyyəsi Xəzər dənizinin cənubunda yerləşən 55 sot torpaq sahəsini akt tərtib edərək 14 min 960 manat müqabilində Talıbov Seymur Vasif oğluna satıb. Bundan 20 gün sonra isə 2007-ci il 25 avqust tarixində eyni ərazidə Bilgəh bələdiyyəsi Xəzər dənizinin cənubunda yerləşən digər 55 sot torpaq sahəsini akt tərtib edərək 14 min 960 manat müqabilində Talıbova Bahar Vasif qızına satıb. Qeyd edək ki, həmin vaxt Bilgəh bələdiyyəsinin sədri Allahşükür Paşazadənin qudası, Milli Məclisin sabiq deputatı Qalib Salahzadə olub. Bundan sonra Talıbovlar torpaq sahəsinin ətrafına 9 metr hündürlüyü olan, uzunluğu kilometrlə ölçülən daş hasar çəkib, ərazidə saray inşa etdirməyə başlayıblar.
Hazırda həmin saray 50 milyon manat dəyərləndirlir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 17.04.2007-cil il tarixli Fərmanı ilə bələdiyyələrə ancaq hərrac yolu ilə öz ərazisində qeydiyyatda olan şəxslərə torpaqlarını satmağa icazə verilir. Alqı-satqı sənədlərindən görünür ki, Seymur və Bahar Talıbovlar Naxçıvan şəhər qeydiyyatındadılar. Həmçinin onu da xatırladaq ki, qanunvericilik ancaq 6 və ya 12 sot torpağın vətəndaşlara satılmasına imkan verir. Bələdiyyənin bağ torpaqlarını satmaq və ya idarə etmək ixtiyarı yoxdur.

Talıbovlar Hacı Qalibin “yüngül əli” ilə Bilgəhdə 110 sot torpaq sahəsinə sahibləndikdən 5 il sonra, 2013-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən RX seriyalı 0239067 və 0244240 saylı çıxarışlar alıblar. 28.06.2018-ci il tarixdə isə RX seriyalı 1332787 saylı çıxarış ilə Bilgəh qəsəbəsi, Nardaran-Bilgəh yolu, 3-cü km, ev 24 ünvanında yerləşən 704 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqları Talıbova Bahar Vasif qızının adına hüquqi qeydiyyata alınıb. Yəni 7 sot torpaq üzərində saray tikib sərəncam alıblar. Talıbovlar rəsmi olaraq cəmi 30 min manata Bilgəh qəsəbəsində, dəniz sahilində 110 sot torpaq sahəsinə sahibləniblər. Onlara bu “asan sənədləşmə” xidmətini Əmlak Məsələləri Dövlət Komitəsinin sabiq sədri Kərəm Həsənov göstərib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top