“20 Yanvar faciəsində salınan ilk Şəhidlər Xiyabanı camaatın and yerinə çevrildi”

SOSİAL 06 fev 2023, 17:34
Biz uzun illər yalnız maddi ehtiyaclarımızı ödəmək üçün, vacib olan zəruri qida məhsullarını tapmaq, balalarımızı necə böyütmək arzusu ilə yaşamışıq. Mənəvi ehtiyacımızı ödəmək barədə düşünməyə vaxt ayıra bilməmişik. Cəmiyyətin ən böyük kəsiri bu deyilmi?  İnsanların mənəvi cəhətdən yoxsullaşmasını necə qəbul edək?

Yəqin ki, geniş ictimaiyyət bilsə də, hadisələrdən sonra doğulanların bəziləri və rayonumuza yeni gələnlər 20 Yanvar şəhidlərininin şərəfinə ucaldılmış bu abidə haqqında geniş biliyə sahib deyillər. Ona görə də yaxın keçmişə ekskurs etmək lazım gəlir.

"Yanvarın 19-da gecə saat 12-də ən müasir silahlarla silahlanmış ordu Bakıya daxil olub, yalın əllə torpağını müdafiə etmək istəyən oğullarımızı, qızlarımızı qana boyadı. O qanlı şənbə gecəsində qəlbimizə elə dağ çəkildi ki, bu dağın sızıltısı hələ bundan sonra yüz illər davam edəcək, çəkdiyimiz bütün əzab və zilləti bizə həmişə xatırladacaq".

Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış yazıçı-filoloq hacı Cəfər Cəfərli deyib. Müsahibimiz qeyd edib ki, bununla da xalqımızın əzablı, ağrılı, hüznlü günləri başlayıb:

"Ən dəhşətlisi bu idi ki, bu faciədən sevinənlər də tapılırdı. Şəhidlərin 40 mərasimini verdikdən sonra hərəkat aktivləri toplaşıb 20 Yanvar şəhidlərinə abidə ucaltmağı qərarlaşdırdı. Hələ Bakı şəhərinin özündə belə bir abidə qoyulmamışdı. Belə də etdik ciblərimizdə olan son qəpiklərimizi ortaya atsaq da lazım olan məbləği toplaya bilmədik. Ruhdan düşmədik. Qaraçala qəsəbəsində, Salyan-Şirvan yolunun kənarında yer seçdik, qolumuzu çırmalayıb işə başladıq. Üzümüz tutan adamlardan kömək etmələrini xahiş etdik. Şaxta, soyuq bilmədən işə başladıq. Az vaxtda ürəyimiz istəyən şəkildə olmasa da, abidənin ucaldılmasına nail olduq. Yeri gəlmişkən deməliyəm ki, bu abidənin ucaldılması o vaxta təsadüf edirdi ki, hələ SSRİ hökuməti tam çökməmişdi, imperiyanın irtica siyasəti davam edirdi. Respublika rəhbərliyinin, onun rayondakı səlahiyyətli şəxsləri hələ də "bəlkə də qaytardılar" ümidi ilə yaşayırdılar və xalq hərəkatının iştirakçılarını qarşı bacardıqları qədər təqib göstərir, işlərinə mane olurdular. Vaxt ötdü, zaman dəyişdi, Birinci Qarabağ müharibəsi başladı. Ölkə yenidən şəhid verməyə başladı. Ərazimizə ilk şəhid gəldi. Maqsud İsmayılovun valideynləri ilə danışıqlar apardıq və onun yeni yaratdığımız Şəhidlər xiyabanında dəfn olunması razılığını aldıq. Yuxarda qeyd etmişdim ki, vəsait çatışmazlığı üzündən ucaldılmış abidə istədiyimiz şəkildə alınmamışdı. Ona görə də, sonradan gələn şəhidlərin xiyabanda dəfn olunmasında şəhid valideynləri tərəddüd edirdilər. Zaman dəyişmiş, müstəqil Azərbaycanımızın inkişaf dövrü başlamışdı. Yeni-yeni iş adamları sahibkarlar fəaliyyət göstərməyə başlamışdı. Bu adamlardan biri də xatirə abidəsinin bünövrəsini qoyanlardan  İlham Surxay oğlu İsmayılov idi. O, öz şəxsi vəsaiti hesabına xatirə abidəsinin yenidən bərpasına başladı. Əvvəlcə abidənin üzərindəki mərmər daşlarını yenisi ilə əvəz etdirdi, rəngli qiymətli mərmərlər abidənin görüntüsünü tamam dəyişdi, sonra şəhid məzarlarının sinə daşındakı mərmərlər heç bir fərq qoymadan eyni ölçüdə dəyişdirildi".

Tanınmış yazıçı-filoloq daha sonra bunları əlavə edib:

"Xiyabanın hasarının çəkilməsi, bəzək ağaclarının, müxtəlif növ çiçəklərin əkilməsi üçün hər cür köməklik etməyə başladı. Az vaxta Şəhidlər xiyabanı gözoxşayan laləzarlığa çevrildi. Xiyabana su çəkildi, qiymətli həmişəyaşıl ağaclar əkildi. Ərazimizin and yerinə çevrilən "xiyaban" sözünün həqiqi mənasında camaatın and yerinə çevrildi. İlham bəy xiyabanın işıqlandırılmasını belə daim nəzarətdə saxlayır, xiyabanda yenidən qurma işlərini bir qayda olaraq həyata keçirir. Bütün bu abadlıq və yenidənqurma işlərini öz şəxsi vəsait hesabına həyata keçirən İlham İsmayılovun bu nəcib işini yerli camaat böyük minnətdarlıq hissi ilə qarşılayır. Hər hansı bir məclisə daxil olarkən, onu yuxarı başa keçirir, diqqətlə onun məsləhət və tövsiyələrinə  qulaq asırlar. Çox təssüf ki, İsmayılovun bu nəcib xeyirxah işinə, gündən-günə artan nüfuzuna qısqanclıqla yanaşanlar da tapılarmış. Onun camaat arasında gün-gündən artan hörməti, nəyə görəsə müəyyən dairələrdə, müəyyən adamların kürkünə birə salır, yuxusunu qaçırır".

Aynurə
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top