"Molla rejimi tezliklə Yer üzündən silinəcək" — Rasim Balayev İranda türklərə edilən zülmlərdən DANIŞDI

GÜNDƏM 30 yan 2023, 18:04
"İranın molla rejimi həmişə üzdə bizə "qardaşıq" deyib, amma arxada ermənilərə dəstək olub. Onların bir qorxusu var, bu da İranda yaşayan 40 milyon azərbaycanlı soydaşlarımızdan!".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev bildirib. 

Xalq artisti deyib ki, mollalar və farslar Azərbaycan adını eşidəndə dəli olurlar:

"Mən 120 gün İranda qalmışam, elə bil ki, türmədə idim. Mən kəndbəkənd gəzmişəm, oradakı Azərbaycan türklərinə qarşı münasibəti görmüşəm. Urmiya şəhərindən 10-15 km aralıda erməni kəndində də, kürd kəndində də, türklərin kəndində də oldum. O zamanlar orada biz kino çəkirdik. Erməni və kürd kəndlərində işıq var idi, amma türklərin kəndində yox".

Rasim Balayev Tehrandakı Azərbaycan Səfirliyinə edilən terror hücumunu da pisləyib:

"Törədilən bu terror aktı İranın təxribatı idi, bu heç də təəccüblü deyil. İranda Azərbaycan Səfirliyinə edilən hücumun yayılmış kadrlarına dəfələrlə baxmışam. Kadrlardan görünür ki, terrorçu gəlib maşını vurur, girir içəri və insanlara silahla atəş açır. Bu, sanki düşünülmüş bir plandır. Bu, təxribatda ola bilər və ya hər hansı bir narkomanın hərəkəti də. Bu, elə-belə hadisə deyil. Deməli, terrorla bağlı əvvəlcədən hazırlıqlı iş görülüb. Kim hazırlayıb bilmək olmur. Bu terrorun sifarişçisi tapılmalıdır. 

Ümumiyyətlə, tarixin təkəri fırlanır, onun təkərini nəyləsə yavaşlatmaq olar, amma dayandırmaq olmaz. Bu gün mollaların uşaqları Londonda, Amerikada oxuyurlar, açıq-saçıq gəzirlər, amma İrandakı 40 milyonluq soydaşlarımıza gələndə, onlar səfalət və qorxu içərisində yaşadırlar. Bu gün İran çürümüş bir cəmiyyətə çevrilib. Belə çox uzun davam edə bilməz. İnşallah, molla rejimi tezliklə Yer üzündən silinəcək".


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top