Lənkəranda kişi ona yemək verməyən arvadını döydü, cəzası ağır oldu

KRİMİNAL 11 yan 2023, 13:47
Lənkəran rayonunda 1974-cü il təvəllüdlü Yaşar şəxsi münasibətlər zəminində həyat yoldaşı Tahirəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 29-da rayonun Gərmətük qəsəbəsində baş verib. 

Yaşar yaşadığı evdə arvadı Tahirə ilə mübahisə edib. Bu zaman o, arvadını döyərək, ona müxtəılif dərəcəli xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Yaşarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yaşar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Tahirə ilə 2011-ci ildə evlənib və birgə nikahdan iki övladları var: “Hər ailədə olduğu kimi bizim də ailəmizdə arabir söz-söhbət olub. Hadisə günü, gündüz vaxtı arvadımdan təzyiqimi yoxlamasını, mənə yemək və günəbaxan tumu verməsini dedim. Arvadım isə təzyiqimi ölçsə də, mənə yemək və tum vermədi. Əsəbləşərək arvadıma mənə yemək və tum verməsini bildirdim. Tahirə tum gətirib verdikdən sonra mənə nalayiq sözlər dedi. Bundan əsəbləşərək arvadımın qollarından tutaraq divana tərəf itələdim”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Tahirənin sözlərinə görə, evliliklərinin ilk vaxtlar münasibətləri yaxşı olsa da, daha sonra əri onu tez-tez döyməyə başlayıb: “Dəfələrlə buna görə ərimi polisə verdim. Bir dəfə ailəmizin təkidi ilə barışdıq. Hazırda boşanmaq üçün məhkəməyə ərizə vermişəm. İşimiz mediasiya mərhələsindədir”.

Zərərçəkmiş deyib ki, hadisə günü, gündüz saatlarında anası ona zəng edərək qohumlarına tibbi sistem qoşmaq lazım olduğunu bildirib: “Mən də getmək üçün hazırlandım. Yaşadığım kənddə avtobus rayon mərkəzinə saatda bir dəfə gəldiyi üçün gecikmək istəmədim. Ayaqqabılarımı geyinib evdən çıxan zaman ərim məndən yemək və tum istədi. Mən də dərəhal yemək və tumu mətbəxdə qoydum. Lakin ərim yemək yemədi. Mən də yeməyi soyuducuya qoydum. Bundan sonra evdən çıxmaq istəyərkən ərim yenidən yemək yemək istədiyini bildirdi. Mən də ərimə avtobusa gecikdiyimi bildirdim, yeməyi yenə də ərim üçün qoydum. Bu zaman mənimlə ərim arasında yenə mübahisə başladı. Ərim mənim başıma, qoluma zərbələr vurdu. Ağladıqdan sonra ərim sakitləşdi”. 

Zərərçəkmiş bildirib ju, hadisə ilə bağlı polisə məlumat verib. Qeyd edib ki, hazırda əri ilə barışmayıb: “Artıq bezmişəm. Lakin uşaqlarımın atasının olmağını nəzərə alıb təqsirləndirilən şəxsin cərimə cəzasının təyin edilməsini xahiş edirəm”.

Bu cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Yaşar 1500 manat cərimə olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top