“İnteraz” kanalı: İran casusları Azərbaycan mediasına necə sızıb?

TƏHLİL 09 yan 2023, 13:27
İranın Azərbaycanın informasiya sektorunda qurduğu şəbəkə tez-tez ifşa olunur. Lakin bəzi media resursları var ki, onlar “kölgə”də qalmaqda və fəaliyyətlərini gizli şəkildə aparmağa davam edirlər. Bunlardan biri, əslində birincisi “İnteraz” kanalı və “SalamNews” informasiya agentliyidir.

Hər iki media orqanında Azərbaycan dövləti əleyhinə açıq məlumatlara rast gəlinmir, amma İranın əleyhinə də heç bir informasiya verilmir, əksinə, xəbər xətti molla rejiminin təbliğatı istiqamətində qurulur. Misal üçün, İranla bağlı mənfi xəbərlərə qarşı müsbət xəbərlər tirajlanır, yaxud İran rəsmilərinin açıqlamalarına geniş yer verilir və s.

Araşdırmalarımız zamanı öyrəndik ki, bu media orqanlarının sahibi İranda və Suriyada dini təhsil almış hacı Mətləb Bağırov adlı şəxsdir. Bu şəxs Cəlilabadda doğulub, sonradan İranın xüsusi xidmət orqanlarının təsiri altına düşərək, molla rejiminin Azərbaycanda maraqlarını müdafiə etməyə başlayıb. Mətləb Bağırovun maliyyəsi İran rejimi və Rusiyadakı bəzi dairələr tərəfindən təmin olunur. Əslində bu, İran rejiminin Azərbaycanda fəaliyyət göstərən “İnteraz” və “SalamNews”u maliyyələşdirməsidir. 



Əvvəllər İran izi yayındırmaq məqsədilə Mətləb Bağırova pulu Rusiya üzərindən göndərirdi. İrandan verilən tapşırıqlar, o cümlədən, maliyyə vəsaiti Rusiyaya göndərilir, Azərbaycana da oradan daxil olurdu. Mətləb Bağırov vasitəsilə göndərilən tapşırıq və maliyyənin təkcə media orqanlarına yox, İranın Azərbaycandakı şəbəkəsinə də daxil olduğu istisna edilmir.

Moskvada yaşayan Mətləb Bağırov media orqanlarını da kənardan idarə edirdi. Bu şəxs öz çıxışlarında molla rejiminin dini ideologiyasını təbliğ edir. Onun Qumda dini dərs dediyi haqda məlumatlar var. Mətləb Bağırov Tale Bağırzadə və digər radikal dindarlarla çox yaxın əlaqələrə malikdir. O, Bakıda olarkən İran səfirliyinin tədbirlərində əsas iştirakçı qismində təmsil olunur.

Mətləb Bağırov “İnteraz” və “SalamNews” vasitəsilə İran rejiminin Azərbaycanda təbliğatını aparmaqla yanaşı, Rusiyadakı azərbaycanlıların İran rejimi tərəfindən ələ alınmasında, o cümlədən, soydaşlarımızın Qumda dini təhsil almasında rol oynayan şəxslərdəndir. 

Əldə etdiyimiz məlumatlara görə, Mətləb Bağırovun Bakının Xətai rayonu ərazisində dini restoranı və paytaxtda digər biznes şəbəkəsi var, eyni zamanda, doğulduğu Cəlilabadda da müxtəlif biznes obyektlərinə sahibidir.



Molla rejimi tərəfindən İrana bağlı media orqanlarına maliyyənin Rusiya üzərindən göndərilməsində izi yayındırmaqla yanaşı, Azərbaycan-Rusiya münasibətlərinin pozulması məqsədinin olduğu ehtimalı da gözardı edilməməlidir. Çünki İran rejimi Mətləb Bağırov vasitəsilə həyata keçirdiyi bu siyasəti indi də Azərbaycan-Türkiyə münasibətlərinə transfer etməyə cəhd göstərir. Belə ki, Mətləb Bağırov qərargahını artıq bir neçə ildir Türkiyəyə köçürüb, vaxtının çox hissəsini də qardaş ölkədə keçirir.  

Ehtimal olunur ki, 44 günlük müharibədən sonra Türkiyə-Azərbaycan münasibətlərinin daha da dərinləşməsindən narahat olan İranın molla rejimi hacı Mətləbə yeni tapşırıqlar da verib, bu tapşırıqlar arasında iki qardaşın – Azərbaycan və Türkiyənin münasibətlərinə zərbə vurulması da ola bilər. Mətləb Bağırovun sahibi olduğu media orqanları vasitəsilə bunu həyata keçirmək istədiyi istisna edilməməlidir.

Burada əsas suallardan biri də odur ki, İrana casusluqda şübhəli bilinən Mətləb Bağırovun Azərbaycanın strateji sahələrindən biri olan media sektoruna bu qədər nüfuz etməsinə kim şərait yaradıb?



Kiçik araşdırmamız zamanı məlum oldu ki, hacı Mətləbin Azərbaycanda yolunu açan şəxs Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov olub. Əli Həsənovun Azərbaycan mediasına nəzarət etdiyi dövrdə hacı Mətləb Bağırov dəfələrlə onunla görüşüb. Əvəzində Əli Həsənov da İran maraqlarına xidmət edən media qurumlarının yaradılmasına şərait yaradıb. Əli Həsənovun şəxsən tapşırığı ilə ləğv olunmuş MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin icazəsi ilə “İnteraz” telekanalının Azərbaycanda peyk yayımı əldə etməsinə imkan verilib. Hətta, Əli Həsənovun göstərişi ilə “İnteraz” telekanalının ahıl əməkdaşına jurnalistlər üçün inşa edilmiş binadan ev də hədiyyə olunub. Əli Həsənovun İran casus şəbəkəsinin Azərbaycanda media sektoruna nüfuz etməsinə nəyin qarşılığında şərait yaratdığı da ayrı bir mövzudur.




Hazırda əsas məsələlərdən biri “İnteraz” və “SalamNews”un fəaliyyətinin məhdudlaşdırılmasıdır. Əks təqdirdə, İran rejimi bu media orqanları üzərindən təbliğatını davam etdirəcək. 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top