Dəhşətli partlayışın TƏFƏRRÜATI: “Pəncərədən baxanda insan cəsədi gördük” — FOTO

HADİSƏ 03 yan 2023, 20:39
Ötən gün Bakının Binəqədi rayonu Cavadxan küçəsində baş verən partlayışa görə, binaya qazın, suyun, işığın verilməsi müvəqqəti dayandırılıb.

Oxu.Az-ın əməkdaşı sakinlərin vəziyyəti ilə maraqlanmaq üçün hadisə baş verən yerə baş çəkib.

Bina sakini Vahid Ağayevin sözlərinə görə, 17-ci mərtəbədə yerləşən 4 mənzil yararsız vəziyyətdədir:



“Hadisə dünən 16:00 radələrində baş verib. Qəfildən güclü partlayış oldu. Pəncərədən baxanda küçədə insan cəsədini gördük. Bloka çıxanda liftin qapıları yox idi. 17 mərtəbədə yerləşən mənzillərə daha çox ziyan dəyib. 17-ci mərtəbədə 6 mənzil yerləşir. 4-ü çox pis vəziyyətdədir”.

Bina sakini qeyd edib ki, binaya qaz, işıq və su verilməsi dayandırılıb:

“Az öncə su verildi. İşığın gec veriləcəyi bildirilib. Lift partladığına görə, bütün kabellər sıradan çıxıb. Qaz hələ verilməyib. İşlər davam edir”.

V.Ağayev çadırlarda normal şərait yaradıldığını əlavə edib:

“Gecə bir iki nəfər var idi, rayondan gələn qonaqlar idilər. Onların qalmaq fikirləri var idi. İnsanların qayğısına qalıb onlar üçün isti çadırlar qurublar”.

Vahid Ağayev sonda mənzildə dünyasını dəyişən şəxsdən danışıb:

“Təqsirkar bilinmir. Deyilənə görə evdə ev sahibinin qızı ilə kürəkəni yaşayırmışlar. Cavan oğlan polis idi, sürücü işləyirmiş. Xanımı haqqında ümumiyyətlə məlumat yoxdur. Digər mənzildən də iki nəfər xəsarət alıb”.

Binanın kiçik sakini hadisə baş verərkən həyətdə yoldaşları ilə oyun oynadığını qeyd edib:

“Uşaqlarla futbol oynayırdıq. Gördük divar üstümüzə gəlir. Divar parçalara bölünmüşdü. Sakinlər hadisədən 30 dəqiqə keçməmiş evləri tərk ediblər. Bir iki nəfər qalmışdı, səhər onlar da gediblər. 1 nəfər ölüb, iki nəfər yaralanıb. Yaralılarla bağlı məlumat yoxdur”.

“AzəriQaz”ın işçisi isə işlərin hələ də davam etdirildiyini qeyd edib:

“Təmir işləri davam edir. Bina qazla təmin olunacaq. Lakin partlayış olan bloka qaz hələ ki, verilməyəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top