Xətai rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan tədbir keçirildi — FOTOLAR

SOSİAL 29 dek 2022, 19:27
Dekabrın 29-da YAP Xətai rayon təşkilatı və rayonun  ərazisində yerləşən Mübariz Nəcəfov adına  86 saylı tam orta  məktəbin birgə təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Mübariz Nəcəfov adına  86 saylı tam orta məktəbin direktoru Cavid Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən, dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində atılan addımlardan, dünyaya səs salan tarixi Zəfərimizdə bu birliyimizin rolundan geniş bəhs etdi.

C.Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin fikirlərinə istinadən bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilib.  Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, fəaliyyət göstərir. Onların milli-mənəvi varlığını yaşadan yeganə  dövlət var -  bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki,  güclü, qüdrətli, qalib Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının qürur mənbəyidir.

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən danışaraq bildirdi ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya azərbaycanlılarının təşkilatlanması işi dövlət siyasətinin əsas tərkib hissələrindən birinə çevrildi.

Vüqar Rəhimzadə  ümummilli lider Heydər Əliyevin siyasi kursunun son 19 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini,  Ulu Öndərin bu sahədəki irsinin daim diqqət mərkəzində saxlanıldığını bildirdi: “Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun yazdığı Zəfər tarixinin qürurunu yaşayırıq. Bu ilin mühüm hadisələrindən biri mədəniyyət paytaxtımız Şuşada Dünya Azərbaycanlılarının Zəfər Qurultayının keçirilməsi oldu. Bu məkandan bir daha birliyimizi, həmrəyliyimizi dünyaya nümayiş etdirdik.”

YAP Xətai rayon təşkilatının sədri vurğuladı ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Tədbirdə şagirdlər Vətən, torpaq sevgisinə,  həmrəyliyimizə həsr olunan şeirlər söylədi, ədəbi-bədii kompozisiyalarla çıxış etdilər.  Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününə həsr edilmiş videoçarx nümayiş olundu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top