“Qızğın hibrid savaşı gedir və Azərbaycana qarşı yeni cəhdlər olacaq” — Politoloq

GÜNDƏM 27 dek 2022, 21:45
“Laçın yolunda gedən proseslərin, baş verən hadisələrin beynəlxalq aləmə təhrif edilərək təqdim olunması təkcə Ermənistanın gücü çərçivəsində olan iş deyil. Burada antiazərbaycan kampaniyasının başında erməni diasporu və birmənalı şəkildə ona dəstək verən Fransa dayanır. Lakin təkcə Fransa ilə iş bitmir. Hələ Fransanın üzərində dayanıb bildirməliyik ki, Cənubi Qafqaza müdaxilə imkanlarını digər aktorlara uduzan, bu oyunda və mərhələdə də itirdiyini başa düşən Fransa Prezidenti Emmanuel Makron mümkün olan və olmayan bütün üsul və vasitələri işə salır. Bir tərəfdən dövlət başçımıza zəng edir, digər tərəfdən də həm erməniləri qızışdırır, həm də Frankofoniya və başqa beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan əleyhinə qərarların qəbuluna çalışır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Politoloq qeyd edib ki, beynəlxalq humanitar təşkilatları Qarabağ ərazisinə gəlməyə səsləmək Fransanın BMT Nizamnaməsinin humanitar məsələlərlə bağlı bəndlərini sui-istifadə etməsindən xəbər verir:


“Burada mütləq bildirməliyik ki, birincisi, Laçın yolunda baş verən aksiyalar zamanı heç bir humanitar böhran yaşanmır. O hansı humanitar böhrandır ki, humanitar təyinatlı və məqsədli bütün maşınlar yoldan keçir? Məhz humanitar məqsədlər üçün nəzərdə tutulan yol elə aksiya keçirilməyə başlanana qədər humanitardan başqa bütün məkrli planlar üçün istifadə olunurdu. Buna rəvac verən, göz yuman, görmək istəməyən qüvvələrin hamısı da bunu yaxşı bilir. Bu mərhələyə gətirən səbəblərdən də biri məhz bu amil oldu ki, bu da üçtərəfli bəyanatın kobudcasına pozulması faktı idi. İkincisi, hər hansı bir, burada isə Azərbaycanın ərazisinə humanitar missiyanın gəlməsi ilə bağlı məhz bizim razılığımız olmalıdır. Buna da bizim icazə vermək niyyətimiz yoxdur. Ondan da keçəndə Azərbaycanın gücü də, qüdrəti də yerindədir ki, Xankəndi ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarını istənilən humanitar çətinliklə üzləşdiyi təqdirdə bunun qarşısını ala bilsin. Məhz bu addımlara cavab olaraq Makronun zəngi zamanı cənab Prezident İlham Əliyev onun qarşısında Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 8 kəndini işğal altında saxlanması faktını və arqumentini masa üzərinə qoydu. Az öncə qeyd etdiyim təkcə Fransa ilə iş bitməməsi məsələsinə gəldiyimiz zaman onu da vurğulamalıyıq ki, sentyabrda məqsədli şəkildə bölgəyə otuzdurulan Ruben Vardanyan vasitəsilə antiazərbaycan ritorikası Rusiya mediasında da aydın görünür. Rəsmi Kremlə yaxın media resursları ona açıq-aşkar dəstək verir, geniş platforma təqdim edirlər. Hətta ideoloji və strateji baxımdan təchizatlandırılmış, silahlandırılmış bu cinayətkar-avantürist Xankəndidə keçirilən mitinqlərin təbliğatını “Euronews”-da da apardı”.

“Görünən odur ki, hibrid savaş qızğın gedir və yeni cəhdlər də olacaq. Buna görə də necə ki sərt gücün təchizatlandırılmış vəziyyətdə saxlanılmalı olduğu reallığını görən Azərbaycan növbəti ilin büdcəsindən hərbi xərclərə ayrılan miqdarı rekord həddə çatdırıb, bununla yanaşı “yumşaq güc” amili də eynilə, hətta daha da çox aktivləşdirilməli, humanitar böhran narrativinin dövr edilməsi, genişləndirilməsi elə yuvasındaca boğulmalıdır. Həmin ərazilərdə gedən proseslər bizim daxili işimizdir arqumenti qətiyyətlə diqqətə çatdırılmalı və heç bir halda bunun beynəlmiləlləşdirilməsinə icazə verməyəcəyimizi prinsipiallıqla göstərməliyik”,- deyə politoloq sonda qeyd edib.

Aynurə     
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top