Misir Mərdanov Prezidentlə görüşdən danışdı — Gələn il üçün hədəfləri açıqladı

SİYASƏT 25 dek 2022, 17:15
Prezident İlham Əliyevin doğum günündə Qərbi Azərbaycandan olan ziyalılarla görüşü bizim üçün tarixi hadisədir.

Bunu Modern.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, dövlət başçısının Qərbi Azərbaycanla bağlı çıxışı və tapşırıqları dədə-baba torpaqlarımıza qayıdış istiqamətində ciddi addımların atılacağından xəbər verir:

“Prezidentin Qərbi Azərbaycan İcmasının inzibati binasında ziyalılarla görüşünü yüksək qiymətləndirirəm. Belə bir görüşün Prezidentin doğum gününə təsadüf etməsi bizi sevindirdi. İcma olaraq bunu tarixi hadisə kimi qiymətləndiririk. Dünənki görüş, orada səslənən fikirlər bizim hamımızdan daha məsuliyyətli olmağı tələb edir. Cənab Prezidentin proqram xarakterli çıxışı oldu. Xüsusi tapşırıqlar verdi. Onların hamısını qeyd etmişik. Tez bir zamanda İcma rəhbərliyinin xüsusi yığıncağını keçirib, hədəflərimizi dəqiqləşdirəcəyik. Həyata keçirəcəyimiz işlərlə bağlı hansı addımlara ehtiyac olduğunu müəyyənləşdirəcəyik. Beləliklə, işimizi davam etdirəcəyik.

Hesab edirəm ki, bu, vaxtında atılmış addımdır. Prezident daha əvvəl Qarabağ İcması yaratdı, Şuşa İcra Hakimiyyətinə bina tikdirdi. Biz qarşımıza qoyduğumuz hədəfə çataraq Qarabağı, Şuşanı işğaldan azad etdik. İndi əsas istiqamət Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması, onların hüquqlarının bərpa edilməsidir. Əlbəttə, bu çox ciddi məsələdir və bununla məşğul olmaq lazımdır”.



Misir Mərdanov Qərbi Azərbaycan İcmasının növbəti il üçün hədəflərindən də söz açıb:

“Qarşımızda hədəflər qoymuşuq. İş planımız, mətbuatımız olacaq. Ola bilsin ki, internet televiziyası yaratdıq. İşimizi gərgin şəkildə davam etdirəcəyik. Əsas məqsəd Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir. Yəni təkcə respublika ərazisində yaşayan azərbaycanlılara yox, dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılara və beynəlxalq ictimaiyyətə Qərbi Azərbaycan həqiqətlərini çatdırmalıyıq.

Vaxtilə Qərbi Azərbaycandan olan insanların hüquqları pozulub. Onlar öz dədə-baba yurdlarından zorla çıxarılıblar. Biz onların haqlarını tələb etməliyik. Eyni zamanda beynəlxalq qurumların tədbirlərində iştirak etməli olacağıq. Cənab Prezidentin dediyi kimi, bununla bağlı ildə bir dəfə, yaxud iki ildən bir beynəlxalq simpozium keçirib, dünya ictimaiyyətinin diqqətini Azərbaycana cəlb etməliyik”.

“Təəssüflər olsun ki, bizim həqiqətlərimizi dünya hələ də olduğu kimi qəbul etmir. Bu, bizi ciddi düşündürməlidir və bu istiqamətdə geniş iş aparmalıyıq.

Qeyd edim ki, bu işi ümumilli lider Heydər Əliyev başladıb. İndi də cənab İlham Əliyev onun siyasətini davam etdirir. O, hara gedirsə, bu məsələni ön plana çəkir. Qərbi Azərbaycana qayıdış hər bir azərbaycanlının hədəfi olmalıdır. Dünya ictimaiyyəti görməlidir ki, biz xalq olaraq ədalətin bərpa olunmasını tələb edirik”, - deyə Misir Mərdanov əlavə edib.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Görüş zamanı çıxış edən dövlət başçısı Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma yurdlarına qayıdışı ilə bağlı mühüm mesajlar verib, tarixi həqiqətləri bir daha diqqətə çatdıraraq İcma qarşısında önəmli tapşırıqlar qoyub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top