Həyatımızı ASANlaşdıran Azərbaycan brendi...

SOSİAL 23 dek 2022, 17:13
İşiniz ASAN olsun! 10 il öncə Prezident İlham Əliyev ASAN Xidmətin yaradılması qərarı ilə Azərbaycan vətəndaşlarının hər işini sözün əsl mənasında asanlaşdırdı. Şəxsiyyət vəsiqəsini dəyişmək qədər ən bəsit prosedur üçün saatlarla, hətta günlərlə süründüyümüz çox da uzaq tarix deyil. Yaxud xarici pasport almaq istəyən vətəndaşların günlər öncə növbəyə durduğu, gecələr belə idarənin qarşısında yatdığı günləri də görmüşük. 

Əslində çoxu inanmırdı ki, kiçik məsələlərin həllinin bu qədər mürəkkəbləşdirilməsi, çətinləşdirilməsi bir gün həll olunacaq. ASAN Xidmət yarananda da bu şübhələr var idi, amma ASAN sözün bütün mənalarında həyatımızı asanlaşdırdı.

Dövlət başçısının 2012-ci il 13 iyulda imzaladığı 685 saylı fərmana əsasən “ASAN xidmət” mərkəzlərinin də strukturuna daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı. Bu addımdan sonra Azərbaycanda ictimai münasibətlərin yeni fəlsəfəsi formalaşdı. Xidmətin istifadəyə verilməsinə qədər vətəndaşlar ictimai xidmət sahəsində tez-tez rüşvətxorluqla, korrupsiya ilə qarşılaşırdı. Məhz “ASAN xidmət” vətəndaşları bu bəladan xilas etdi və vətəndaşlara yüksək səviyyəli xidmətin göstərilməsi başlandı.

Ötən 10 ildə ASAN Xidmət böyük inkişaf yolu keçib və vətəndaşlara göstərilən xidmət səviyyəsi hər il daha da yüksəlib. 
Ən əsası öz missiyasını uğurla icra edir.

Bu xidmətin yaradılmasının bir neçə prinsipial məqsədi var idi:

- Vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması.

- Vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması.

- Peşəkarlıq səviyyəsinin artırılması.

- Dövlət strukturlarına etimadın daha da gücləndirilməsi.

- Şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi.

- Elektron xidmətlərdən daha geniş istifadə olunması və s.

ASAN-a qədər dövlət-vətəndaş münasibətləri yarıtmaz məmurlara, xüsusilə yerli idarəetmə orqanlarında işləyənlərə görə bərbad vəziyyətdə idi. Vətəndaş adi sənədi almaq üçün belə günlərlə, aylarla süründürməçiliklə üzləşirdi. Prezident İlham Əliyev ASAN-ı yaratmaqla bu sahədəki problemləri aradan qaldırmağı, vətəndaşların işini asanlaşdırmağı planlaşdırırdı. "ASAN Xidmət" bu missiyasını yüksək səviyyədə həyata keçirdi. 

Hazırda respublika üzrə "ASAN Xidmət" mərkəzinin sayı 22-ə çatdırılıb. Onlardan 6-sı paytaxtda, 16-sı isə regionlarda fəaliyyət göstərir. Bununla yanaşı, Səyyar "ASAN Xidmət" də fəaliyyət göstərir. Belə ki, xüsusi ayrılmış avtobuslarda ASAN-ın əməkdaşları respublikanın hər yerinə səfərlər edir, vətəndaşlara birbaşa xidmət göstərirlər. 

“ASAN Xidmət”in öz tərkibinə “ASAN kommunal”, “ASAN Həyat”, ABAD - Ailə Biznesinə Asan Dəstək layihəsini də daxildir. 

ABAD layihəsi dövlət ailə təsərrüfatlarının inkişafında xüsusi rol oynayır: 

respublikanın müxtəlif yerlərində fəaliyyət göstərən ailə təsərrüfatları öz məhsullarını bazara çıxarır, eyni zamanda, ixrac etmək imkanı qazanırlar. ABAD xətti ilə yaradılan kiçik istehsalat sahələri də özünüməşğulluq proqramına böyük dəstəkdir.

Ölkədə ictimai münasibətlərin tamamilə yeni formasının tətbiqi olan “ASAN xidmət” beynəlxalq müstəvidə Azərbaycan haqqında düzgün təsəvvürün yaranmasında da xüsusi rol oynayır. ASAN bütün dünyada Azərbaycan brendi olaraq qəbul edilir. Eyni zamanda, Azərbaycanın yaratdığı təcrübədən ona yaxın ölkə yararlanmaq məqsədilə müqavilələr imzalayıb. 

"ASAN Xidmət" BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi kimi dövlət xidmətlərinin göstərilməsi sahəsində də qabaqcıl təcrübə kimi beynəlxalq səviyyədə tanınır. BMT-nin İnkişaf Proqramı tərəfindən 2016-cı ildə “Dövlət xidmətlərinin göstərilməsi sahəsində araşdırılma aparılmış “Vahid məkan prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi modeli: Azərbaycanın nümunəsi” (One Stop Shop Public Service Delivery Model: The Case of Azerbaijan) adlı analitik araşdırma hazırlanıb. Araşdırmada Azərbaycanın “ASAN xidmət” modelinin yaradılmasının əsasları, konsepsiyası, fəaliyyət prinsipləri, innovativ üstünlükləri və əsas nailiyyətlərinin nəzəri və praktiki aspektlərindən bəhs edilir, dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsində maraqlı olan ölkələrə “ASAN xidmət” təcrübəsinə əsaslanan tövsiyələr verilir.

"ASAN Xidmət" brendi beynəlxalq medianın da həmişə maraq dairəsində olub.

“The Guardian”: “ASAN xidmət” Azərbaycanda “bir pəncərə” prinsipi üzrə göstərilən xidmətlərin səmərəliliyini artırır”.

“La Lettre Diplomatique”: “Azərbaycanın milli brendi innovativ və müasir dövlət xidmətləri beynəlxalq əməkdaşlığa töhfə verir”.

“Diplomatisches Magazin: “Korrupsiyaya qarşı mübarizə və yaxşı idarəçiliyin Azərbaycan versiyası”.

“Reporter”: “Azərbaycan “ASAN xidmət” brendi: dövlət xidmətlərinin çatdırılmasında yeni yanaşma”.

"ASAN Xidmət"in fəaliyyəti haqqında beynəlxalq dəyərləndirmə kifayət qədərdir və bütün bunlar Azərbaycanın intellektual məhsulunun dünyada tanınmasının nümunəsidir.

ASAN bu dəyəri vətəndaşa xidməti ilə qazanıb, o baxımdan, xidmətin Azərbaycan brendi olaraq qəbul edilməsi təsadüfi deyil. ASAN fəaliyyətə başlayandan sonra hər işimiz doğrudan da asanlaşdı. Bu yubiley yaşında ASAN-a sükanı həmişə belə saxlamağı diləyirik.

Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top