"Ermənilər kimi Rusiya tərəfi də həmin ərazilərdə monitorinqin aparılmasından çəkinir" — MÜSAHİBƏ

MÜSAHİBƏ 21 dek 2022, 23:00
Politoloq Yusif Bağırzadə Demokrat.az-a müsahibə verib:

- Yusif müəllim, keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün mühüm addımlar atılır. Bu addımların effektivliyini necə qiymətləndirirsiniz?

- Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları əraziləri xarabalığa çeviriblər. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Bütün bu işlərin həyata keçirilməsi üçün də ilk öncə bu ərazilərdə mina və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi işlərinə başlanılıb. Azad edilən ərazilərdə Prezident İlham Əliyevin tapşırığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Prezidentin imzaladığı müvafiq sərəncamlarla bu ərazilərdə çoxlu sayda avtomobil yollarının inşasına böyük həcmdə maliyyə vəsaitləri ayrılıb. Paralel olaraq işğaldan azad olunan ərazilərin proqrama uyğun qazlaşdırılması işi də uğurla həyata keçirilir. 

- İşğaldan azad edilmiş rayonlarımızda görüləcək işlər üçün dövlət büdcəsindən ayrılan vəsait yetərlidirmi?

- Şübhəsiz ki, büdcədən ayrılan bu vəsaitlər hələ ilkin vəsaitdir və indiki mərhələdə görüləcək işlərin həyata keçirilməsi üçün ayrılıb. Təbii ki, işlərin gedişatından asılı olaraq bu vəsaitlər artırılacaq. Bu işlərin 2040-cı ilə qədər işlərin tamamilə yekunlaşdırılması nəzərdə tutulub. Görüləcək işlər həddindən artıq çoxdur və bu baxımdan da ayrılan ilkin vəsait yalnız başlanğıc üçün zəruri fəaliyyəti həyata keçirmək üçündür.  Əminəm ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yüksək inkişafa çatdıraraq cənnətə çevirəcək. Bu proqramın qəbul olunması “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inin nəzərdə tutulmuş 5 prioritetindən birinin yüksək səviyyədə həyata keçirməsinə yol açacaq.

- Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərdə Azərbaycan mədənlərinin və təbii sərvətlərinin qeyri-qanuni istismarı ilə bağlı faktlar var.  Regionda fasiləsiz aksiya keçirilir. Bununla bağlı münasibətiniz.

 - Xankəndi-Şuşa yolunda keçirilən etiraz aksiya özü-özlüyündə kifayət qədər ciddi bir hadisədir. Əlbəttə ki, aksiya iştirakçıları öz tələblərində sonuna qədər haqlıdırlar. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalıdır. Təbii sərvətlərimizin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. Bu, mütləqdir və başqa cür ola da bilməz. Azərbaycanın haqlı tələblərinə əməl edib müvafiq monitorinqin aparılmasına şərait yaratmaqdansa rəsmi İrəvan qərəzli iddialar səsləndirir.  Laçın yoluyla bağlı böhtan və həqiqəti əks etdirməyən məlumatlar tirajlayır. Ermənistan tərəfinin bu hay-küyü sadəcə olaraq öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozmasını ört-basdır etməyə yönəlib. Şübhəsiz ki, bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Ermənilərin bu cür cinayətkar fəaliyyətləri beynəlxalq səviyyədə də dəfələrlə təsdiq olunub.  Aksiyanın keçirilməsinə baxmayaraq rus sülhməramlıların komandanı Volkovun hələ də aksiya iştirakçıları ilə görüşməməsi, daha dəqiqi desək rəsmi Moskvadan hələ də bununla bağlı göstərişin gəlməməsi onu deməyə əsas verir ki, ermənilər kimi Rusiya tərəfi də həmin ərazilərdə monitorinqin aparılmasından çəkinir. Çünki onlar Azərbaycan sərvətlərinin talan olunmasında birgə iştirak edirlər və bu faktların açılması “sülhməramlıların” ərazilərimizi qeyd-şərtsiz tərk etməsi üçün əsas ola bilər.

- Bundan sonra nələr yaşana bilər?

- Hadisələrin bundan sonrakı gedişinı gəldikdə isə bu, “sülhməramlıların” və separatçı rejimin davranışlarından asılı olacaq. Başqa sözlə desək ermənilər təbii sərvətlərimizi talamağı dayandırsalar, Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minalar və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə etməsələr hər şey öz axarına düşəcək. Əks halda Rusiya hərbi kontingentinin nəzarətində olan Laçın yolunun nəzarətə götürülməsi şərt olacaq.

Nəzrin

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top