Zahid Orucdan “Tərtər işi” ilə bağlı ŞOK İTTİHAMLAR

SİYASƏT 16 dek 2022, 14:35
“405 nəfəri satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir”. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

"Tərtər işi"ndən danışan komitə sədri hesab edir ki, Ermənistana casusluq adı ilə məhkum edilən 19 şəxsə bəraət verilməsi ədalətin qələbəsidir:

"Cənab Prezidentin məsələyə müdaxiləsi və yeni İstintaq Komissiyasını yaratmasından sonra 2 ay ərzində ləyaqətli müstəntiqlər yüzlərlə şəxsi dindirib, kənar təzyiqlərə və təxribatlara baxmayaraq, 288 zərərçəkən şəxsin işini yenidən icraata qəbul edərək, ümumilikdə 405 nəfərin hüquqlarını təmin ediblər. Gəncədə bir həftə əvvəl həbsdən təmiz adını qaytararaq çıxan, işgəncə altında verdiyi etirafların, saxta hökmlərin ləğvini bayram edənləri emosiyasız izləmək mümkün deyildi.

Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidilər. 5 ildən sonra alnıaçıq, lakin bədənləri zorakılıq izləri, qəlbləri incidilmiş adamları dövlət və cəmiyyət bağrına basmalıdır ki, haqlarını qaytara bilsin. Tərtər kimi qəhrəman şəhərin adını ləkələmək istəyən, vətəndaşların hüquq sisteminə etibarını zədələyən adamlar sonda ifşa olundular”.

Zahid Oruc çıxışı zamanı hərbi prokurorluğu da ittiham edib: 

“Hərbi Prokurorluğun kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. O casusluq işində imtiyaz və rütbə qazananlar da kənarda qalmamalıdır. Torpaqları düşmən əlində olan bir xalqın 405 nəfərini satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir. Saya diqqət yetirin, samosudçular və hərbi prokurorluq bir taboru ermənilərin şantajına boyun əkməkdə ittiham edib. Belə adamlar nədən gedib Ermənistanda müstəntiqlik etmirlər? Hərbçilərə işgəncə verəndə düşmən sevinirmiş ki, onların gücü çatmadığı işi bunlar görür. Lakin Baş prokurorluq sübut etdi ki, xəyanət dosyesi saxtadır. 2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıq göstərənləri cəzalandıranlar, döyüş ruhuna zərbə vuranlar işğalçılarla, 2020-ci ildə dövlətimizi müharibədən çəkindirmək istəyənlərlə eyni cərgərdədilər. Zəfərimizdə müstəsna rolu olan 4 günlük müharibəyə qarşı təxribatın tələsinə düşənlər ordunu düşmənlə sövdələşməkdə suçlamaqla işğala dəstək veriblər.

"İndi görün, kimdir satqın? İrəvanda ölkəmizlə məxfi işbirliyi adı ilə məhkəmə qurulub, bizdə isə 11 nəfər həyatını itirsə də, əksəriyyəti əzablara dözərək o adı üzərlərinə götürməyiblər. Dəyişdirilmiş parollara görə tələyə düşənlər savadsız və maymaq komandirlər, müstəntiqlər və hərbi prokurorluq idi. Casusluq dosyesindənsə ən çox ziyan çəkən dövlətdir. Lakin Prezident İlham Əliyev düşmənlərin planlarına qalib gəldi. İstintaqın əlinin çatmadığı 100-minlərlə döyüşçü ilə yanaşı, azadlıqda olan zərərçəkən şəxslər də ermənilərə qarşı igidliklə vuruşaraq, düşmənə əsir düşmədilər. Prezidentin tapşırığı ilə Baş prokurorluq elə bir qərar qəbul etdi ki, bir daha hüquq tariximizdə belə ləkəli hadisə təkrarlanmasın. Aprel döyüşlərindən sonra 405 adamı linç etdirən düşmən qələbəmizdən sonra görün, hansı təxribatları hazırlayır. O müstəntiqlərin son 5 ildəki digər işlərdə ədalətli olduğuna kim inanar? Onlar xalqın etibarını itiriblər".

Zahid Orucun sözlərinə görə, zərərçəkənlərə təzminatı dövlət deyil, saxta işi tərtib edən şəbəkə üzvləri ödəməlidir: "Daha 12 nəfərlə bağlı da obyektiv qərar çıxarılacağına inanırıq”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top