Naxçıvanda təkcə üç məmurun "yediyi" pul — YARIM MİLYARD

GÜNDƏM 14 dek 2022, 10:40
Naxçıvan Muxtar Respublikasının (MR) daha bir yüksək çinli məmuru korrupsiyya görə həbs edilib.

Demokrat.az
xəbər verir ki, Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsinin sədri Rüstəmov Hicran Yaqub oğlu barəsində həbs qətiimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətində açılan cinayət işi üzrə istintaq zamanı məlum olub ki, Hicran Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitini mənimsəyib.

Bu, son bir ayda Naxçıvan MR-də külli miqdarda dövlət vəsaitini mənimsəməyə görə həbs edilən üçüncü məmurdur.

Bundan əvvəl Naxçıvan MR Dövlət Gömrük Komitəsinin şöbə müdiri və maliyyə naziri də həbs edilib.

Belə ki, Naxçıvan MR-in maliyyə naziri Əliyev Rafael Rza oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Bakının Səbail rayon Məhkəməsi onun barəsində də həbs qətiimkan tədbiri seçib.

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov isə qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunub. O, Cinayət Məcəlləsinin 179.4 maddəsi (Mənimsəmə və ya israf etmə- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə təqsirli bilinir.

Beləliklə, Naxçıvanda təkcə üç məmurun mənimsədiyi dövlət vəsaitinin ümumi məbləği təxminən yarım milyard manat (488 361 min) manatdır. Amma yəqin ki, bu, son deyil.

DTX-da “Naxçıvan işi” üzrə açılan cinayət işi üzrə istintaq davam etdiyindən külli miqdarda dövlət vəsaitlərinin mənimsənilmə faktları üzrə yeni məmur həbsləri isttisna olunmur.

Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top