Şuşa-Xankəndi yolunda aksiya bu gecə də davam etdiriləcək — YENİLƏNİB (VİDEO)

GÜNDƏM 14 dek 2022, 18:04
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası bu gecə də davam etdiriləcək.

“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi məlumata görə, bu barədə aksiya iştirakçıları bildiriblər.

Aksiya iştirakçıları mədənlərin qanunsuz istismarı, ekoloji terror, Ruben Vardanyanın pozucu, təxribatçı, talançı fəaliyyəti, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı şüarlar səsləndirirlər.

Onlar həmçinin Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını hər dəfə çağırışlarında qeyd edirlər.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

***

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.


Oxu.Az xəbər verir ki, aksiya iştirakçıları yeni tələb irəli sürüblər. 

Aksiyaçıların yeni tələbi odur ki, Rusiya sülhməramlılarının postlarında Azərbaycanın aidiyyəti qurumlarının əməkdaşları da olsunlar və onlarla birgə xidmət aparsınlar. 

Qeyd edək ki, Şuşa-Xankəndi yolu Rusiya sülhməramlıları tərəfindən bağlanıb.

09:50

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının sayı artmaqda davam edir.


“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi məlumata görə, paytaxt Bakıdan aksiyanın keçirildiyi əraziyə ictimai fəalların axını genişlənib.

Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər. Onların mənəvi-psixoloji durumları yüksək səviyyədədir.

İştirakçılar Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildirirlər.

08:34

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq üç gündür ki, davam edir.


“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, dekabrın 12-si səhər saatlarından başlayan aksiya gecə boyu davam edib.

Etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələri bu axşam ərazidə quraşdırılan çadırlarda gecələyiblər.

Aksiya iştirakçıları səsucaldıcılarla "Volkov, cavab ver!", "Ekoloji terrora son!" şüarları səsləndirir, Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top