Ümummilli lider Heydər Əliyevin xatirəsi Həştərxan şəhərində yad edilib — FOTO

SOSİAL 12 dek 2022, 17:15
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin dəvəti ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbəliyi ilə Azərbaycan nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Həştərxan şəhərində keçirilən anım tədbirlərində iştirak etmişdir. 

Həştərxan Höküməti sədrinin müavini Denis Afanasyev, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin üzvləri və Azərbaycan diasporasının nümayəndələrinin iştirakı ilə Azərbaycan İş Mərkəzində Ümummilli liderin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə ilk öncə Ulu öndərin həyatından bəhs edən sənədli film nümayiş etdirilmişdir. Tədbir iştirakçıları çıxışlarında bildirilmişlər ki, Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan dahi şəxsiyyət Heydər Əliyev tarixdə yetişən elə nadir şəxsiyyətlərdəndir ki, ona təkcə təmsil etdiyi xalqın taleyində deyil, eləcə də dünya siyasətində böyük missiyanı həyata keçirmək nəsib olmuşdur. Bu gün Azərbaycanın dinamik inkişafı məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, Ulu öndərin ideyalarının əbədi yaşadılmasının nəticəsidir. 

Sonra Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 saylı tam orta məktəbdə  Həştərxan Höküməti sədrinin müavini D.Afanasyev, Həştərxan vilayətinin Təhsil naziri E.Uqarov, Həştərxan şəhərinin meri O.Polumordvinov, Azərbaycan nümayəndə heyəti, diaspora nümayəndələri, məktəb kollektivi və şagirdlərin iştirakı ilə anım tədbiri keçirilmişdir. İlk öncə məktəbin foyesində Ümummilli liderin büstü önünə gül dəstələri qoyulmuş, Ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Azərbaycan tarixində, o cümlədən Azərbaycan-Rusiya münasibətlərinin inkişafında əvəzsiz rolu haqqında danışmışlar. Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq əsaslı təmir edildiyi qeyd edilən məktəbin direktoru T.Tixomirova çıxış edərək Ulu öndərin həyat yolundan danışmış, yaradılmış şəraitə və məktəbə göstərilən davamlı diqqətə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkürünü bildirmişdir. Bundan əlavə Ulu öndərin anadan olmasının 100 ili münasibəti ilə silsilə tədbirlərin keçiriləcəyinin artıq nəzərdə tutulduğunu, Abşeron rayonu ilə Həştərxan vilayəti məktəbliləri arasında müsabiqələrin, telekörpü formatında dialoqların və digər müxtəlif səpkidə tədbirlərin keçirilməsini nəzərdə tutan tədbirlər planının hazırlandığı barədə məlumat verilmişdir.

Daha sonra Həştərxan Dumasının sədri İqor Martınov, Həştərxan Höküməti sədrinin müavini Denis Afanasyev, Həştərxan şəhərinin meri Oleq Polumordvinov və vilayətin bir sıra hökümət üzvləri, Azərbaycan nümayəndə heyəti, Azərbaycan diasporasının üzvləri Həştərxan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət edərək dahi şəxsiyyətin abidəsi önünə əklillər və gül dəstələri qoymuşlar.
 
O cümlədən, Həştərxan şəhərində yerləşən “Qardaşlıq məzarlığı” ziyarət edilmiş, II Dünya Müharibəsi zamanı həlak olanların xatirəsinə əbədi məşəl önünə güllər qoyulmuşdur.

Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbəlik etdiyi Azərbaycan nümayəndə heyətinin Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşü olmuşdur. Ölkəmizlə Həştərxan vilayəti arasında müxtəlif sahələr üzrə əlaqələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi rolu olduğunu vurğulayan İ.Babuşkin Ulu öndərin xatirəsinin Həştərxan vilayətində hər zaman ehtiramla yad edildiyini, 2023-cü il ərzində “Heydər Əliyev ili” çərçivəsində Həştərxan vilayətində də bir çox tədbirlərin keçiriləcəyini qeyd etmişdir. Abdin Fərzəliyev Həştərxan vilayəti və Azərbaycan Respublikası arasındakı dostluq prinsipləri üzərində qurulan münasibətlərdən söz açmış, Ulu öndərin xatirəsinin Həştərxan vilayətində də hər zaman dərin hörmətlə anıldığı üçün təşəkkürünü bildirmişdir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top