Avstraliya İran və Rusiyaya sanksiyalar tətbiq edəcək

DÜNYA 10 dek 2022, 18:27
Avstraliya İran və Rusiya vətəndaşlarına, eyni zamanda təşkilatlarına qarşı sanksiyalar tətbiq edəcək.

Bu barədə Avstraliyanın XİN rəhbəri Penni Vonq Nazirliyin rəsmi saytında bildirib.

Nazir qeyd edib ki, Aleksey Navalnıya (red. Rusiyada müxalifət lideri) qarşı sui-qəsd cəhdində şübhəli yeddi Rusiya vətəndaşına məhdudiyyətlər tətbiq ediləcək. Bununla yanaşı, İranda insan hüquqlarının pozulmasında iştirak etdiyi hesab edilən şəxslərə və təşkilatlara qarşı sanksiya tətbiq etmək qərarı qəbul olunub.

Avstraliya XİN-in bəyanatına əsasən, 3 İran vətəndaşı və 1 təşkilat isə Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) çatdırılması iddiaları ilə əlaqədar iqtisadi sanksiyalara məruz qalacaq.
Qeyd olunub ki, Rusiyaya İrandan PUA-ların göndərilməsi iddiaları rəsmi Moskva və Tehran tərəfindən dəfələrlə rədd edilib.

Bundan əlavə, sanksiyalara məruz qalan İran vətəndaşları arasında ümumilikdə 13 fiziki və 2 hüquqi şəxs olmaqla, İran polisi, “Bəsic” hərəkatının üzvləri və mülki şəxslər var. Onların adı insan hüquqlarının pozulmasında hallanır.

Nazir onu da qeyd edib ki, bu günə qədər Ukraynada baş verən hadisələrlə əlaqədar Avstraliya 850 Rusiya və Belarus vətəndaşına, o cümlədən hər iki ölkə başçılarına - Vladimir Putin və Aleksandr Lukaşenkoya, eyni zamanda Rusiyanın iri müəssisə və təşkilatlarına qarşı sanksiyalar tətbiq edib.

Silah və komponentlərin, neft və qaz hasilatı üçün xammal və avadanlıqların ixracı, Rusiyadan enerji, silah və sursat idxalı da qadağan edilib. Bundan əvvəl Avstraliya hökuməti korrupsiya ilə bağlı cinayətlərdə şübhəli bilinən Rusiya vətəndaşlarına sanksiyalar paketi tətbiq edib.

Xatırladaq ki, bu ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyat elan edib. Buna cavab olaraq isə, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Avstraliya və bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top