“Gecəyarısı eşidəndə ki, bölgəyə sülhməramlılar gəlir, anladım ki...”

GÜNDƏM 29 noy 2022, 23:55
“Monitorinq mərkəzinin statusu barədə düzgün təsəvvürə malik olmalısınız. Bu mərkəz rus və türk hərbçilərdən ibarətdir. Onların da hər biri öz rəhbərinə məruzə edir. Ruslar Rusiya Müdafiə Nazirliyinə, türklər də Türkiyənin Müdafiə Nazirliyinə. Həmin nazirlikləri də vəziyyət barədə Prezidentə – Ali Baş Komandana və bir də Xarici İşlər Nazirliyinə xəbər verirlər. Bundan sonra hər bir dövlət öz siyasi xəttinə uyğun qərar qəbul edir. Əgər indiyədək heç nə deyilməyibsə, deməli, Türkiyə və Rusiya rəhbərliyi bu fikirdədir ki, hər şey lazım olduğu kimi gedir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.

O, Ağdamda yerləşən Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin son günlər Qarabağ ətrafında gedən proseslərdə “ölüm sükutu”nu pozmamasına münasibət bildirib:
“Bu məsələdə haray-həşir salmaq, bəyanatlar vermək, kimisə yumruqla hədələmək, bağırmaq lazım deyil. Yəni hər bir qurum öz statusuna uyğun hərəkət edir. Odur ki, mən burada ciddi bir hadisə görmürəm.

Yaxşı, mən sizə sual verirəm: Sizcə, Azərbaycanın Qarabağdakı erməni qoşunlarının qalıqlarına sarsıdıcı zərbə endirməyə gücü varmı? Mən bilən, var. Lakin əgər bu zərbəni endirmirlərsə, deməli, siyasi cəhətdən məqsədəuyğun deyil. Hansısa bir naşı, ağılsız, bacarıqsız, uzağı görə, vəziyyəti düzgün qiymətləndirə bilməyən dövlət olsaydıq, bəli, vurub dağıdardıq. Açın, baxın, internetə. Elə “YouTube” kanalları var ki, qışqırırlar, “Xankəndini vurun!”, “Laçın dəhlizini bağlayın!” və s. Bunu da özünü “siyasətşünas” adlandıran bisavadlar deyir. 

Amma biri də var ki, gerçək, diplomatik siyasi-hərbi fəaliyyət. O fəaliyyətin sayəsində biz 44 günlük müharibədə böyük üstünlük qazanmışıq. İndi də biz məsələni çözmək üçün səbirlə, ardıcıl olaraq siyasət yürüdürük. Bu siyasət heç də tələskənliyi, hansısa zorakılığı, xarici qüvvələrin təzyiq və tənqidlərini doğuran hərəkətləri nəzərdə tutmur. Biz lazım olduğu kimi hərəkət edirik”.
Mütəxəssis əmin edib ki, əgər lazım olsaydı, Azərbaycanın həm siyasi iradəsi, həm də hərbi gücü çatardı ki, məsələni bir zərbəyə həll etsin:

“Amma nəyə lazım?! Axı bunun aqibəti var?! Odur ki, məncə, heç bir faciəvi hadisə baş vermir, hər şey lazım olduğu kimi gedir. Yekun olaraq, siz buna şübhə edirsiniz ki, Azərbaycan Qarabağ üzərindəki nəzarətini tam bərpa edəcək? Mən şəxsən buna şübhə etmirəm. Noyabrın 10-da mən gecəyarısı eşidəndə ki, bölgəyə sülhməramlılar gəlir, anladım ki, bu, məsələnin tam həllini azı 4 il yarımlıq təxirə salır. Amma əminəm ki, məsələ xeyrimizə həll olunacaq, buna heç bir şübhə yoxdur. “Sadəcə bir az səbr və qanacaq lazımdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top