“İran və ya Ermənistan regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törədə bilməyəcəklər” — Deputat

GÜNDƏM 29 noy 2022, 21:23
Ölkəmizin yeni reallıqlar fonunda həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bütün bölgənin geosiyasi mənzərəsini dəyişməkdədir. Azərbaycan müstəqil siyasət yeridir, atdığı addımlar regional proseslərə həlledici təsir göstərir. Azərbaycan bu gün həm region, həm də  Qərb ölkələri ilə enerji sahəsində əməkdaşlıq edir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində respublikamızda son illər nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün böyük layihələr həyata keçirilib.  Ölkəmizdə bu gün bütün nəqliyyat layihələri – istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud, dəniz limanı mövcuddur. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir. Qeyd edim ki, Prezident İlham Əliyevin 25 noyabr tarixində ADA Universitetində keçirilən beynəlxalq konfransda “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda verdiyi siyasi mesajlar da bu mövzuda bir çox məsələlərə aydınlıq gətirdi”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib. Deputat qeyd edib ki, dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik ölkəmizin regional və beynəlxalq əhəmiyyətli layihələrdə yer almasına gətirib çıxarır. 

“Orta Dəhliz layihəsinin də icrası üçün siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Konfransda ölkəmizin həyata keçirdiyi və eyni zamanda, planlaşdırdığı enerji layihələri, bu layihələrin beynəlxalq əhəmiyyəti haqqında geniş məlumat verən dövlət başçımız qeyd edib ki, hazırda regionda sülhün təmin olunması istiqamətində bütün təşəbbüsləri Azərbaycan dəstəkləyir. Ancaq Azərbaycandan fərqli olaraq region ölkəsi olan Ermənistanın hələ də də işğalçılıq siyasətindən əl çəkmək istəmədiyini, diaspor və erməni millətçilərinin təsiri alıtnda olduğunu diqqətə çatdırdı. Çıxışında erməni mifini ifşa edən dövlət başçımız Ermənistanda uşaqların Türkiyəyə və Azərbaycana nifrət aşılamaqla böyüdüldüyünü xüsusilə qeyd etdi. Azərbaycanın məqsədi Cənubi Qafqazda, ümumilikdə regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasıdır. Məhz bunun üçün ölkəmiz öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Regionun hərtərəfli inkişafına töhfə vermək üçün Azərbaycanın çox böyük real imkanları, eləcədə güclü potensialı vardır. 

Dövlət başçımız qeyd etdi ki, Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur və Ermənistan asılı ölkədir. Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir və bu ölkə faktiki olaraq dalana dirənmiş ölkədir. Odur ki, Ermənistan, eləcə də regional kommunikasiya layihələrinə qarşı  gedən İran bu layihələrdə maraqlı olmalıdır. Regional layihələrin icrasında maraqlı olan Azərbaycana qarşı çıxmaq həmin ölkənin təcrid olunması ilə nəticələnəcək. Ümumiyyətlə, İran və ya Ermənistan regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törədə bilməyəcəklər”.
Deputat əlavə edib ki, vəziyyət artıq dəyişib və vəziyyəti dəyişən isə beynəlxalq hüquq, BMT, Ermənistanın konstruktiv yanaşması deyil, Azərbaycan ordusu, xalqımız və ölkə başçısının siyasi iradəsidir. 

“Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibidir. Ölkəmizin BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik etməsi buna bariz nümunədir. Azərbaycanın bu təsisatda sədrliyi üzv ölkələrin yekdil qərarı əsasında əlavə olaraq daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top