“Rusiyadan indiki vəziyyətdə hər cür təxribat gözləmək olar” — ŞOK AÇIQLAMA

GÜNDƏM 28 noy 2022, 21:59
"Putinin Valday klubunda səsləndirdiyi təxribatçı bəyanatdan sonra birmənalı şəkildə aydın oldu ki, Rusiya Azərbaycanın qətiyyən qəbul etməyəcəyi bir planı reallaşdırmaq istəyir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib. Partiya sədri əlavə edib ki, Putin Soçi görüşündə bunu açıq şəkildə dedi:

“Putin görüş zamanı  “Qarabağ münaqişəsi artıq bitməlidir” deməklə, Qarabağ münaqişəsinin bitmədiyini elan etdi. Qarabağın "statusu" məsələsinin isə təxirə salınmasını vurğuladı. Düzdür, müddət söyləməsə də, bunun kifayət qədər uzunmüddət olduğu göz qabağındadır. Bu müddətdə Rusiya sülhməramlıları bölgədə qalmalıdır. Nədən uzunmüddətli deyirəm, çünki 2020-ci ilin noyabrında açıq şəkildə demişdi ki, Qarabağın "statusu" gələcəkdə, hətta gələcək hakimiyyətlər tərəfindən müzakirə oluna bilər. Putin hələ uzunmüddət hakimiyyətdən getmək fikrinin olmadığını nəzərə alsaq, deməli hələ rus sülhməramlıları uzunmüddət bölgəni tərk etmək fikrində deyillər. Bu da Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. 

Soçi görüşündən sonra aydın oldu ki, 1990-cı illərin Rusiyası geri qayıdır. Soçi uğursuzluğundan sonra Rusiyanın təzyiq yolu seçəcəyi və Azərbaycana qarşı təxribatlara başlayacağı şübhə doğurmurdu. Ancaq hələ başlamayıb və Rusiyanın əsas təxribatları qarşıdadır. 


İnanırıq ki, Ukrayna müharibəsi Rusiyanı elə vəziyyətə gətirər ki, təxribatlar törətməyə taqəti qalmaz. Amma, bütün hallarda Rusiyadan indiki vəziyyətdə hər cür təxribat gözləmək olar. Rusiya özünün planını reallaşdırmaq üçün Azərbaycana təzyiq yolunu seçib. 1990-cı illərdə bu təzyiq daha çox Azərbaycan torpaqlarının işğal edilməsi şəklində göstərilirdi. İndi təbii ki, buna gücü çatmaz, ancaq Azərbaycanda müəyyən təxribatlar yaratmaq hələ Rusiyanın imkanları daxilindədir. Ona görə, çox diqqətli olmalıyıq, çox ehtiyatlı olmalıyıq. ABŞ, Avropa İttifaqı, Türkiyə ilə birlikdə bundan sonra Rusiyanın törədəcəyi hər cür təxribatın qarşısını almağa çalışmalıyıq. Rusiyanın təxribatları nə zaman ola bilər? Bunun üçün vaxt demək çox çətindir. Hər halda, bir az vəziyyəti yaxşı olanda yəqin ki, bu cür təxribatlara cəhd göstəriləcək və hələ ki yaxın aylarda belə bir vəziyyətin yaranacağını güman etmirəm. Ancaq bütün hallarda biz sayıqlığı itirməməliyik. Nəzərə almalıyıq ki, Rusiya "aqoniya" vəziyyətindədir və bu dövlətdən nə desən gözləmək olar”.

Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top