Saakaşvilinin bədənində zəhərli maddə aşkarlandı

REGİON 28 noy 2022, 15:54
Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin orqanizmində arsen (Arsen metaloiddir, bədəndə yığılması qaraciyər, ürək əzələsi, qanyaradıcı və sinir toxumalarına toksik təsirlərlə müşayiət olunur) aşkarlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Şalva Xaçapuridze bildirib.

"Biz hələ dırnaq testlərini almamışıq, onlar bu gün gələcək, lakin telefonla məlum oldu ki, araşdırmalar nəticəsində daha bir zəhərli maddə - arsen aşkarlanıb",- vəkil yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Saakaşvilinin vəziyyəti ağırdır və eks-prezidenti yerindən tərpətmək üçün xüsusi kreslo lazımdır.

Bundan əvvəl Saakaşvilinin zəhərlənməsi barədə məlumatlar yayılmışdı. Rəsmi qurumlar isə bu informasiyanı təkzib edərək, eks-prezidentin zəhərlənməsi barədə onlara məlumat daxil olmadığını açıqlamışdı. 

Xatırladaq ki, Saakaşvili 2021-ci ilin oktyabrında keçiriləcək bələdiyyə seçkilərindən bir gün əvvəl Gürcüstana gizli şəkildə gəlib və bundan sonra həbs edilərək Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib. O, özünü siyasi məhbus adlandıraraq aclıq aksiyasına başlayıb. Sabiq prezidentin vəziyyəti pisləşdikdən sonra o, həbsxana xəstəxanasına, daha sonra hərbi hospitala köçürülüb. Sabiq prezident həbsxanada ağır xəstəliklərə tutulduğunu bəyan edib. 

Hazırda Saakaşvilinin vəkilləri və tərəfdarları onun müalicə üçün xaricə göndərilməsini tələb edirlər./modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top