Xalq artistindən Prezidentə müraciət: “Güney Azərbaycan uğrunda savaşa hazırıq... ”

SOSİAL 28 noy 2022, 08:55
“Neçə illər boyu o taylı, bu taylı Azərbaycanın vahid olacağı, birləşəcəyi günü gözləmişik. Güneydəki soydaşlarımız dəfələrlə inqilab ediblər, hətta hökumətlərini qurublar. Çox təəssüf ki, Sovet hökumətinin o vaxtkı rəhbərliyinin satqınlığı, Azərbaycan xalqına xəyanəti nəticəsində, həmin hökumət yenidən yıxılıb, Güney Azərbaycan başdan-başa qana bulanıb. On minlərlə insan edam olunub, işgəncə verilib. Şəhərə yeridilən qoşun qarşısında azərbaycanlıları qoyun kimi qurban kəsiblər. O taydakıları  farslaşdıraraq, tarixi yaddaşını unutdurmağa çalışıblar. Bu taydakıları isə rus şovinizmi ruslaşdırmağa, milli kimliyini, dilini unutdurmağa çalışıb. Amma genetik kodumuzun yaddaşı sayəsində istəklərinə tam nail ola bilməyiblər. Birləşmək hər iki tərəfin arzusu olub”. 

Bu fikirləri Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. 
 
Xalq artisti qeyd edib ki, necə ki, 30 ildən sonra Qarabağı işğaldan azad etdik, eləcə də Güney Azərbaycan azad olunacaq: 
 
“30 il idi torpaqlarımız işğal altınaydı, bir zaman Azərbaycanı ikiyə bölən, parçalayan imperiya yenidən Azərbaycan torpaqlarnı bölmüşdü. Ermənistan ərazisini daha da genişləndirmək məqsədilə Azərbaycana qarşı xainlik etmişdi, ölkəmiz qana boyamışdı. Yurd-yuvalarımız yağmalanmışdı, məhv edilmişdi, xaraba qoyulmuşdu. Hər birimiz 30 il idi gözləyirdik ki, axı nə zaman torpaqlarımızı işğaldan azad edəcəyik?! Və nəhayət o gün gəldi, Azərbaycan ordusunun rəşadəti, xalqımızın birliyi, milləti orduya çevirən Ali Baş Komandanın böyük sərkərdəlik qabiliyyəti qarşısında düşmən 44 günə məhv edildi. Ermənistan və onun himayədarları təslim olmağa məcbur oldu. İran və Rusiya Ermənistanı regionda məhv olmaq təhlükəsindən xilas etdi. Müharibə bitəndən sonra Prezident İlham Əliyev dedi ki, “hamı məsləhət verirdi, yol göstərirdi, amma mən nəyi nə zaman və necə edəcəyimi bilirəm”. Bu, Azərbaycan rəhbərinin qarşıdakı uzun illərə, perspektivə yönəlmiş mesajı idi. Həmçinin Ali Baş Komandan bu yaxınlarda dedi ki, “Mən babamı görməmişəm, amma onun məzarı başında ürəyimdən bəzi sözlər keçdi və bir zaman o məzarın başına yenidən gedib ürəyimdən keçənləri deyəcəm”. Atasının, ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə  yetirən oğul babasının doğulduğu torpaqların, Zəngəzur məsələsinin həlli ilə çox ciddi məşğuldur. Ümidvaram ki, yaxın zamanlarda bunun nəticəsini görəcəyik. Mənə elə gəlir ki, dövlət başçısının növbəti hədəfi güneydəki soydaşlarımızla bağlıdır. “Nəyi, nə zaman, necə edəcəyimi mən bilirəm” - çağırışının altında Güney Azərbaycan, onun bugünki və sabahkı taleyi, Böyük Azərbaycan fikri durur. Hər bir bəyanat, çağırış, mesaj konkret siyasi hadisələrin və proseslərin baş verdiyini, hara hesablandığını bilərək, dəqiq verilib”. 
 
İndiyə qədər Güneylə bağlı Azərbaycan hökumətinin bu qədər açıq münasibəti olmayıb deyən N.Mehdixanlı ulu öndər Heydər Əliyevin də Güney Azərbaycanla bağlı dediyi fikirləri xatırladıb: 
 
“Bir zamanlar ulu öndər də demişdi ki, Güney Azərbaycan, Kərkük Azərbaycanın bölünmüş parçalarıdır. Prezident İlham Əliyevin fars rejiminin hərbi təlimlərinə, təhdidlərinə cavab olaraq xüsusi təyinatlılarımızın Araz sahillərində təlimlərə cəlb edilməsi, ardınca Güney Azərbaycanda yaşayan 40 milyon azərbaycanlının gələcəyi, taleyi ilə bağlı açıq mesaj verilməsi, Prezidentin Səmərqənddə səsləndirdiyi fikirlər, oradakı dövlətlərin diqqətini güneyli qardaşlarımızın problemlərinə yönəltmək söz xatirinə deyilmirdi. Artıq Türk dünyası çox ciddi inkişaf mərhələsindədir və bunun lokomativlərindən birincisi Azərbaycandır və onun Prezidenti İlham Əliyevdir. Ümumiyyətlə Azərbaycan daima Türk dünyasının, türkçülüyün ocağı olub, türk məfkurəsi, türk birliyi ideyası buradan yayılıb. Hazırda da bu istiqamətdə çox ciddi işlər görülür”. 
 
Müsahibimiz vurğulayıb ki, o taydakı azərbaycanlılar hər zaman bu taydan bir səsə möhtac olublar, o səsi hər zaman gözləyiblər və illər boyu o çağırışı eşitməyiblər. İlk dəfədir ki, güney Azərbaycana Qüzey Azərbaycandan dövlət başçısı səviyyəsində qucaq açılır, yardım, dəstək təklif olunur: 
 
“Xudafərinə gedəndə oradan mən də qardaşlarımıza çağırış etmişdim, söyləmişdim ki, gün gələcək, Xudafərin ayrılıq körpüsü olmayacaq, o taylı bu taylı Azərbaycanı birləşdirəcək. Ali Baş Komandan hər sözün nəticəsini, perspektivini düşündükdən sonra söyləyir və mən əminəm ki, Güney Azərbaycanla da bağlı çox ciddi planları var, məhz ona görə də Səmərqənd sammitində bunu bir daha qaldırdı. Və yüzdə yüz əminəm ki, dediyini yenə edəcək. Mən də o taylı, bu taylı Mehdixanlıların adından cənab Prezidentə təşəkkürümü bildirirəm. 44 günlük savaşda əsgər idik, yanındaydıq, cəbhədəydik, bu gün də hər bir əmrinə hazırıq. Azərbaycanın birliyi, bütövlüyü, Güney Azərbaycanın azadlığı uğrunda, Zəngəzur uğrunda savaşa hazırıq. Artıq zaman yetişib, bütün azərbaycanlılar birləşmək, bütövləşmək istəyir. Hər birimiz Ali Baş Komandanın “Vur” əmrini gözləyirik! Və mən əninəm ki, biz daha bütöv, daha iri, daha diri, daha güclü Azərbaycanı görəcəyik. “Ərdəbil, Təbriz, Urmiya, Mərənd, Xoy, Sulduz, Xorasan, İsfahan, Qəzvin, sən azadsan!” çağırışını eşidəcəyik. Hər bir azərbaycanlı buna hazır olmalıdır. Tanrı dövlətimizi qorusun!”
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top