“Utanmadan dovşanı, hörümçəyi, çəyirtkəni elmi şuranın tribunasına çıxarırlar” — Professor AMEA-nı "TOPA TUTDU"

GÜNDƏM 24 noy 2022, 20:58
“Hörümçəyə ehtiramla yanaşıb dovşanın belinə minib qaçmaq istəyirlər. AMEA-da baş verənlər göz qabağındadır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov deyib. 

Professor qeyd edib ki, akademşəbəkələr həm elmimizə, həm də mənəviyyatımıza ciddi zərbələr vurur:

“İctimaiyyətin haqlı narazılığını başa düşmək olar. İllərdir, akademşəbəkənin mütəşəkkil fəaliyyəti nəticəsində elmimizlə yanaşı mənəviyyatımıza da ciddi zərbələr vurulur. Müftəxorluğa, alver, rüşvət yolu ilə varlanmağa vərdiş etmiş və şəbəkələşmiş ziyanlı akademik-alim dəstəsi öz ampluasındadır. Dövlət vəsaitinin mənimsənilməsinə ya göz yuman, ya da qəbih prosesin aktiv iştirakçısına çevrilən, elmin başına daş salan, saxta dissertasiyaları və "nə verim" alimlik ənənəsini dəstəkləyib davam etdirən, plagiatlığı, rüşvəti və alveri şirnikləndirən, mükafatlandıran, təkcə dilçiliyin inkişafı üçün ölkə Prezidentinin ayırdığı 2 milyon manatı yoxa çıxaran, yüz minlərlə qrantları yeyib-dağıdan, faydasız əsərləri dövlət vəsaiti hesabına nəşr etdirən, vətəndaş mövqeyi ortaya qoyan alimləri təqib edən, kələkbazlıq və laqeydlik yolunu tutan, tərif və mədhiyyələrlə xalqı və dövləti aldatmağa çalışan akademşəbəkədən və onların yaratdığı kontingentdən hansı faydalı işi gözləmək olar? 

Bugünkü akademiya prezidenti olan İsa Həbibbəyli və onun əmrinə müntəzir olan bütün akademiya yetkililəri dövlət və millət maraqları naminə hansı həqiqətləri Rəyasət heyətinə və ya elmi şuralara çıxara bilərlər? Amma utanmadan, insanları avam yerinə qoyub dovşanı, hörümçəyi, çəyirtkəni elmi şuranın tribunasına çıxarırlar. 

Ən yaxşı halda, elmi şuralar vasitəsilə ictimaiyyəti ələ salır, məzələnirlər. Guya xalqın səviyyəsi belə idbar şeyləri tələb edir. Onlar vətəndaş mövqeyi, alim vicdanı ortaya qoya bilərlərmi? Təəssüf ki, yox! Onlar vəzifə tutub “yaxşılıq” etməklə məşğuldurlar. Bu alimlərin idrakında dövlət əhəmiyyətli məsələlərin bir “dovşan” qədər də önəmi yoxdur. Bax, nə qədər acınacaqlı, rüsvayedici olsa da, real mənzərə budur! Alim, akademik, rektor, direktor, prorektor ola-ola bu qədər varı, mülkü, pulu haradan və hansı yolla əldə ediblər? Əlbəttə, bu sual onları hörümçək toruna sala bilər, ona görə də, bu sualı həbs edib təzyiq altında saxlayırlar. Hörümçəyə ehtiramla yanaşıb, dovşanın belinə minib qaçmaq istəyirlər. Əgər qaçmaq nəsibləri olacaqsa... 

Belə qeyri-leqal milyonçular xalqın, dövlətin dostu olub bir fayda verə bilərlərmi? Vətənin, dilin, elmin, mənəviyyatın qayğısına qalarlarmı? Əsla! Oğru, rüşvətxor, cibgir və büdcəgir alim yalnız intellektual xəyanətkar və satqın ola bilər! Bax, bütün bu pis niyyətlərini, var-dövlətlərini ört-basdır etmək, total xaos yaratmaq, gizli və açıq biznes imkanlarını genişləndirməyə hazır olan bu insanlar üçün Ana dilimizi hörmətdən salmaq su içmək qədər asan bir oyundur. İndi də müxtəlif "elmi" bəhanələr gətirərək Azərbaycan dilinin nüfuzdan salınması istiqamətində mütəşəkkil işlər görülür. 2015-ci ildən başlayaraq böyük akademik-məmur birliyi vasitəsilə Ana dilinə orfoqrafiya cinahından ciddi hücumlar edilməyə başlanılıb. Bu haqda mətbuatda geniş məlumatlar var. 2017/18-ci illərdə dilimizi urvatdan salmaq istiqamətində olan bu hücumlar daha da şiddətləndi. Mükəmməl əsərlərin yaradıldığı Azərbaycan dilinin yazı qaydalarını dəyişməklə guya bu dilin qüsurlarla dolu qeyri-sabit bir dil olması təsəvvürünü yaratmaqdır. Heç bir elmi izahla bu mənfur prosesə haqq qazandırmaq olmaz”. 

Dilçi-alim daha sonra bunları əlavə edib:

“Bu gün beynəlxalq proseslər zəminində ölkəmizin qarşılaşdığı ağır geosiyasi vəziyyətdən sui-istifadə edib sinxron olaraq dövlət atributunun - Ana dilinin gözdən və etibardan salınması istiqamətində aparılan "elmi" düzəlişlərə göz yummaq olmaz. Bunu edənlərin tapılıb cəzalandırılması vacibdir. Hələ 400 il bundan əvvəl –XVII əsrdə Qafqazda və Yaxın Şərqdə beynəlxalq statusa malik dilmizin qayda-qanunlarına qarşı şübhə yaradılmasına, şagirddə, tələbədə, media nümayəndələrində, ümumən, bu dili öyrənmək və öyrətmək istəyən hər kəsdə Azərbaycan dilinə qarşı inamsızlıq, onun sabit dil olmasına şübhə yaratmaq yolverilməzdir. Dili “dilçi alimlər”in zülmündən qurtarmaq zərurətə çevrilib. Əgər belə davam edəcəksə, akademiyanın saxlanılmasının bir mənası qalmayacaq. Qoy dünya praktikasına baxılsın, görək, hansı millətin, hansı dövlətin dil qurumu, akademiyası, alim və akademikləri öz dilinə qarşı belə aşağılayıcı mövqedə dayanıb, ona orfoqrafiya və orfoepiya cinahından şikəstedici zərbələr endirib?! Çox təhlükəli oyun oynanılır. Qarşısı alınmadığından daha da şirnikiblər. Dövlətdən maaş alıb taleyüklü problemlərə laqeyd qalan dilçilərin məsələyə laqeyd yanaşması, hətta bir çox hallarda alqışlaması, ictimai qınaqlardan ləzzət alırmış kimi kefikök davranmaları daha dəhşətlidir. Belə alimlərin nəinki maaşını artırmaq, hətta onları strateji qurumlarda saxlayıb maaş vermək fəlakətdir. Elələrinin təcrid olunmuş şəkildə müavinət və ya pensiya almaları isə dövləti milli maraqlarımızla bağlı bir sıra perspektiv təhlükələrdən xilas edə bilər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top