Vüqar Rəhimzadə: Azərbaycan-Serbiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

SİYASƏT 24 noy 2022, 17:40
Serbiya liderinin Prezident İlham Əliyev haqqında dediyi “Biz onun sözünə hər hansı imzadan daha çox inanırıq” fikri Azərbaycanın dövlət başçısının beynəlxalq arenada yüksək nüfuza, hörmətə və etimada sahib olduğunu bir daha sübut edir  

 “Azərbaycanın xarici siyasəti çoxşaxəliliyi ilə daim diqqətdədir. Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasətimizin uğurları göz qabağındadır. Bu fikir daim önə çəkilir ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə qarşılıqlı maraqlar və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərinin inkişaf səviyyəsinə diqqət yetirdikdə tarixi Zəfərimizdən sonra bu sahədə uğurların geniş miqyas aldığını  daha aydın görmək mümkündür. Buna əmin olmaq üçün təkcə son zamanlar dövlət  başçısı İlham Əliyevin  bu və ya digər ölkələrə  səfərlərinin, beynəlxalq təşkilatların tədbirlərində iştirakının miqyasına diqqət yetirmək kifayətdir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyəm ki, Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əlaqələrin inkişafına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin noyabrın 23-də Serbiya Respublikasına rəsmi səfəri də bunun bariz nümunəsidir.

Səfər çərçivəsində  istər prezidentlərin təkbətək, istərsə də geniş tərkibdə görüşlərində, həmçinin  səfərin mahiyyətini özündə əks etdirən dövlət başçılarının mətbuata birgə bəyanatlarında  diqqəti çəkən mühüm məqamlardan biri Prezident İlham Əliyevin şəxsi nüfuzuna, yürütdüyü  siyasətə böyük dəyərin verilməsi oldu. Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşündə  Serbiya liderinin “Azərbaycan bizim çoxdankı dostumuzdur və ümidvaram ki, bundan sonra da biz münasibətlərimizi daha da inkişaf etdirəcəyik. Heç kəs bir faktı inkar edə bilməz ki, biz yaxın dostuq, yaxın dost kimi qalırıq”, eyni zamanda, müxtəlif istiqamətlərdə  əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında “Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq. Bu, bizim üçün həqiqətən də vacibdir” kimi fikirləri cənab İlham Əliyevin nüfuzuna, şəxsi keyfiyyətlərinə, həm ölkə daxilində, həm də beynəlxalq arenada birlik, həmrəylik çağırışlarını real həyatda təsdiqləməsinə verilən dəyər kimi qəbul edirik.  Dövlət başçısı İlham Əliyevin daim haqqın, ədalətin, beynəlxalq hüququn yanında olması əksər dövlətlərin yüksək dəyərləndirdiyi  məqamlardandır.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

 Vüqar Rəhimzadə qeyd edib ki, səfər çərçivəsində imzalanan Birgə Bəyanat, Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum” və onun əlavəsi olan  Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi, həmçinin ayrı-ayrı sahələr üzrə sənədlər iki ölkə arasında əlaqələrin inkişafında hüquqi baza olaraq gələcək barədə aydın təsəvvür yaradır: “Qarşılıqlı səfərlər həm aktual məsələlərin müzakirəsi, həm də əməkdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayan və hüquqi baza olan sənədlərin imzalanmasında vacib faktorlardan biridir. Hər bir məsələnin müzakirəsi problemə birgə yanaşmaların ortaya qoyulmasına çağırışlar edir. Serbiya Prezidenti  ölkəsinin Azərbaycanla  oxşarlıqları fonunda bu  mühüm məqamı diqqətə çatdırdı ki, hər iki dövlət öz ərazi bütövlüyünü qətiyyətli şəkildə qoruyub saxlayır və biz bir-birimizə beynəlxalq arenada, beynəlxalq təsisat və təşkilatlarda BMT Nizamnaməsinə və beynəlxalq ictimai normalara əməl edərək kömək edirik. Biz bu məsələdə bir-birimizə etibar edə bilərik.

Günümüzün əsas çağırışı olan bu məqama da xüsusi diqqət yönəldildi ki, yalnız bir neçə ölkənin beynəlxalq hüquq normalarına riayət etməsindən başqa beynəlxalq hüquqdan çox az bir şey qalıb. Beynəlxalq hüququn norma və prinsiplərinə  əməl etməyin gələcək üçün yeganə imkan və seçim olduğu bir daha açıqlandı. Nəzərə alaq ki, dövlət başçısı İlham Əliyevin elə bir xarici səfəri yoxdur ki, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllindən bəhs olunmasın. İşğal və postmünaqişə dövrlərindən geniş bəhs edən dövlət başçısı İlham Əliyevin diqqət göstərdiyi əsas məsələ bəzi aparıcı dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər olur. Serbiyaya səfəri zamanı mətbuata bəyanatında da  dövlət başçısı İlham Əliyev BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin 27 il icrasını gözləməsindən bəhs etdi. Bildirdi ki, bəzən bu qətnamələr bir neçə saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə biz 27 il gözlədik. Dövlət başçısı mətbuata bəyanatında bu çağırışı etdi ki, ona görə dünya ictimaiyyəti beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq. Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür.”

 YAP Xətai rayon təşkilatının sədri bildirib ki, hər bir səfər əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcıdır: “Prezident İlham Əliyevin Serbiyaya noyabrın 23-də reallaşan səfəri ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu vaxta təsadüf edir. Səfərin məqsədi məhz  ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Serbiya əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Dövlət başçısı İlham Əliyevin “Belə səfərlərimiz çox olacaq. Bizim dostluğumuz da əbədi olacaq” fikirləri gələcək barədə aydın təsəvvür yaradır. Onu da qeyd edək ki, indiyədək iki ölkə arasında 44 sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış “Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında” Bəyannamə və 2018-ci ildə imzalanmış “Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı” xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə keçmiş Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının dəstəkləndiyi qeyd olunmuşdu. Bu səfər isə tarixi Zəfərimizin yaratdığı reallıqların müzakirəsi və müəyyənləşdirilən hədəflərə nail olmaq üçün birgə səylərin göstərilməsi  baxımından diqqətdə oldu.”

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top