“ƏDV geri al” sistemi dəyişir, lakin primitiv problem yerində sayır

MALİYYƏ 20 noy 2022, 15:58
Milli Məclis Vergi Məcəlləsinə edilən dəyişikliklər paketini müzakirə edir. Ona əsasən, “ƏDV geri al” proqramı çərçivəsində əlavə dəyər vergisinin (ƏDV) qaytarılmasının məbləği dəyişəcək. Bundan əlavə, vergi qanunvericiliyində dəyişikliklər müxtəlif xidmət növləri üzrə ƏDV üzrə faizlərin qaytarılmasına fərqli yanaşmanın tətbiqi üçün nəzərdə tutulub. Onların arasında özəl tibb fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş dolayı verginin bir hissəsinin qaytarılması da nəzərdə tutulur.

Gözlənildiyi kimi, mövcud yeniliklər fonunda müzakirələrin əksəriyyəti “ƏDV geri al” proqramı çərçivəsində ƏDV-nin qaytarılması məbləğinə düzəlişlər ətrafındadır. Yeniliyin mahiyyəti ondan ibarətdir ki, bank köçürmələri yolu ilə mal və xidmətlərin ödənişi zamanı bu verginin qaytarılan hissəsinin 15 faizdən 17,5 faizə çatdırılması, nağd ödəniş zamanı isə geri qaytarılan məbləğin daha az olması və 10 yox, 5 faiz olmasıdır.

Sadə dillə desək, qanun layihəsinin müəllifləri nağd ödənişlər üçün əhaliyə qaytarılan faizi iki dəfə azaldıb, nağdsız ödənişlər üçün isə onu bir qədər artırıblar. Əgər əvvəllər bank kartı ilə ödəniş edərkən geri qaytarılan verginin məbləğinin 5 faiz artırılaraq 20 faizə çatdırılması barədə deyilirdisə, sonradan məlum oldu ki, əlavə ödəniş 2,5 faizi ötməyəcək.

Ümumi qənaətə görə, hökumət bu yolla əhalini nağdsız əməliyyatlara təşviq tanış etməyə çalışır, çünki maliyyə marağı ən virtuoz təbliğatdan daha təsirli olur. Həqiqətən də, bank kartı ilə ödəniş edərkən alıcılar əskinaslarla ödədiklərindən daha böyük məbləği geri alırlar. İndi bu fərq artacaq və buna görə də seçim - necə ödəmək: kartla və ya nağd şəkildə, mütləq nağdsız ödənişin xeyrinə olacaq.

İqtisadçı ekspert Anar Bayramov AYNA-ya şərhində deyib ki, vergi qanunvericiliyinə dəyişikliklər qəbul olunarsa, o zaman yeni ildən pərakəndə satış şəbəkəsində min manat nağdsız pul xərcləyən alıcı 26,70 manat ƏDV-ni geri alacaq: “Hazırda bu məbləği xərcləyəndə alıcı bu verginin 22,88 manatını geri alır. Nağd ödəniş zamanı indi 15,25 manat geri qaytarılır, düzəlişdən sonra isə hər min manat üçün 7,63 manata endirilir. Belə ki, əgər indi nağd və nağdsız ödənişlər üzrə qaytarılan vergi məbləğində fərq 7,63 manat (22,88 manat-15,25 manat) təşkil edirsə, yeni ildən 19,7 manata yüksələcək”.

Dəyişikliklərin mahiyyəti, belə görünür ki, aydındır - əgər əhali nağdsız ödənişlərlə böyük məbləği geri alırsa, o zaman əskinaslara maraq azalmalıdır. Ancaq bizim şərtlərimizdə belə yanaşmalar paytaxtda effektli olacaq, lakin ölkənin regionlarına gəlincə, orada əhali hələ də əskinaslara alternativ görmür.

Məlumatlara görə, kənd yerlərinin 50%-nin internet və bank xidmətlərinə çıxışı yoxdur. Görünən irəliləyişlərə baxmayaraq, ölkədə hələ də nağd ödənişlər ümumi ödənişlərin 40%-ni təşkil edir, Qərb ölkələrində isə bu göstəricinin maksimum dəyəri 1%-i keçmir. Qalan 99% nağdsız ödənişlərdir, bizdə cəmi 60% təşkil edir.

Keçmiş maliyyə naziri, Beynəlxalq İqtisadi Araşdırmalar İqtisadiyyatı Cəmiyyətinin sədri, professor Fikrət Yusifovun AYNA-ya dediyinə görə, nağdsız ödənişlər hələ də geniş tətbiq olunmur və bu səbəbdən əhali nağd puldan istifadə etmək məcburiyyətindədir: “Sadəcə, nağdsız ödənişlər üçün kassa aparatları və terminallar yoxdur və ona görə də vətəndaşların köhnə üsulla ödəniş etmələri təəccüblü deyil”.

Müşahidələr göstərir ki, kiçik ticarət və xidmət sahələrində, xüsusən də paytaxtın periferiyasında nəinki nağdsız ödənişlər, hətta istifadəsi məcburi olan nəzarət-kassa aparatlarından da istifadə olunmur, müştərilərə standart çeklər verilmir. Paytaxt bazarlarında bank kartı ilə ödəniş kimi yüksək məsələ bir yana, adi kassalar da yoxdur.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top